FHN Ağdam şəhərində regional müşavirə keçirib

Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib.

Yerveinsan.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərinin əməkdaşları, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Müdafiə, Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

 
Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Müşavirədə qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların, o cümlədən tikinti şirkətlərinin işçilərinin odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.