Bu qələbənin kimi adına yazılacağı uzun uzadı mübahisə mövzusu olacaq - TƏHLİL
Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
İsrail və Həmas Qəzza müharibəsinə son qoymaq üçün çoxdan gözlənilən atəşkəs razılaşmasına nail olunması haqqında xəbərlə aparıcı kütləvi informasiya vasitələrinin manşetlərinə çıxdı. Əgər İsrail və HƏMAS nəhayət razılıq əldə edibsə bu yeni seçilmiş ABŞ prezidenti Donald Trampın seçkiqabağı kompaniya zamanı verdiyi vədlərdən ən ciddisinin yerinə yetirilməsi demək olacaq. Atəşkəsin andiçmə mərasiminə qədər baş tutması isə Trampın prezidentliyə başlaması münasibəti ilə Yaxın Şərqə verdiyi hədiyyə olacaq.
Atəşkəsin əldə olunmasını həm yeni seçilmiş Tramp həm də artıq gedən Co Bayden eyni coşğunluqla elan edir. Bu qələbənin kimi adına yazılacağı barədə demokratlarla Respublikaçılar arsında hələ uzun uzadı mübahisə mövzusu olacaq. Hər iki partiyanın təmsilçiləri bu atəşkəsdən öz mənafeləri naminə istifadə etməyə çalışacaq və öz aktivlərinə yazacaqlar. Amma həqiqət budur ki, Bayden administrasiyasının uzunmüddətli cəhdləri fayda vermədi və onun komandası Netanyahu hökumətinə təsir etməkdə aciz qaldı. Tramp isə HƏMAS-I “cəhənnəm alovunda” yandıracağını vəd etsə də pərdə arxasında Bibiyə də öz mesajlarını çatdırdı. Bu nailiyyətin qazanılmasında Bayden və Trampın daha çox rolu olmasından asılı olmayaraq qazanan HƏMAS və Fələstin xalqıdır. Çünki nəhayət dinc insanların kütləvi şəkildə tələf olmasının qarşısı alınacaq.
İran tərəfindən də dəstəklənən HƏMAS qruplaşmasının 7 oktyabrda İsrailə etdiyi hücumun qanlı qarşıdurmaya səbəb olmasından 15 ay sonra ABŞ prezidenti Co Bayden çərşənbə günü elan etdi ki, İsraillə Həmas arasında Qəzza müharibəsinə son qoymaq üçün atəşkəs razılaşması əldə edilib.
İsrail-Həmas razılaşması altı həftəlik ilkin atəşkəs mərhələsini, o cümlədən İsrail qüvvələrinin Qəzzanın mərkəzindən tədricən çıxarılmasını və məcburi köçkün fələstinlilərin Qəzzanın şimalına qayıtmasını nəzərdə tutur.
ABŞ prezidenti Co Bayden vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ağ Evdəki çıxışında atəşkəsin əldə olunmasını böyük uğur kimi təqdim edib.
Qanlı müharibə Qəzzada yerləşən fələstinli silahlılarının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu, 1200 əsgər və mülki vətəndaşı öldürməsi, 250 xarici və israilli girovu qaçırması ilə başlamışdı.
Əldə edilən razılaşmaya əsasən, HƏMAS ilk mərhələdə bütün qadınlar, əsgərlər və mülki şəxslər, uşaqlar və 50 yaşdan yuxarı kişilər daxil olmaqla 33 israilli girovu azad edəcək,.
İsrail də öz növbəsində hər mülki girov üçün 30 fələstinli məhbusu və HƏMAS-ın azad etdiyi hər İsrail qadın əsgəri üçün 50 fələstinli məhbusu azad edəcək. İsrail həmçinin 2023-cü il oktyabrın 7-dən həbsdə olan bütün fələstinli qadın və 19 yaşınadək uşaqları birinci mərhələnin sonuna qədər azad edəcək.
Azad edilən fələstinlilərin ümumi sayı azad edilən girovlardan asılı olacaq və kişilər, qadınlar və uşaqlar da daxil olmaqla 990-1650 fələstinli məhbusu əhatə edə bilər.
HƏMAS hər həftə 3 girov olmaqla girovları altı həftə ərzində azad edəcək, qalanları isə müddətin sonuna qədər azad ediləcək, ardınca isə ölənlərin qalıqları qaytarılacaq.
Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada hərbi əməliyyatları 46 mindən çox insanın ölümü ilə nəticələnib, sahil zolağı xarabalığa çevrilib, yüz minlərlə sağ qalan çadırlarda və müvəqqəti sığınacaqlarda sərt qış şərtlərinə dözüb.