Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.

 Baş Dövlət Yol Polisi İdarəsi qatı dumanın digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmağı, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin sazlığından əmin olmağı, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tələb edib.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar.