Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft-ekoloji tədqiqat aparılıb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov, aparıcı elmi işçisi dosent İrina Kuçinskaya və kiçik elmi işçi Emil Cəbrayılov Vəlvələçay, Qudyalçay və Qusarçay hövzələrində landşaft-ekoloji tədqiqat aparıblar.
İnstitutdan bildirilib ki, ekspedisiyanın məqsədi müasir iqlim dəyişmələrinin və qəfil sinoptik proseslərin təsiri ilə yaranan landşaft-ekoloji dinamiki tendensiyaları sel, daşqın və sürüşmələr kimi təhlükəli təbiət hadisələrini və uzunmüddətli dövrdə bunun su ehtiyatlarına təsirini qiymətləndirmək olub.
Tədqiqatçılar xüsusilə Laza kəndi ərazisində son zamanlar baş verən sürüşmə-sel palçıq axınının tədqiqinə xüsusi diqqət yetiriblər. Burada növbəti palçıq-sürüşmə-sel axını baş verib. Oxşar hadisələr bu ərazidə 1993-cü, 2006-cı və 2019-cu illərdə də müşahidə olunub. Tədqiqat zamanı yamac və çay yatağının morfoloji dəyişiklikləri qeydə alınıb, dağıntıların miqyası və axının ətraf təbii komplekslərə təsiri qiymətləndirilib.
Toplanmış materiallar geomorfoloji proseslərin xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verəcək və Böyük Qafqazın şimal-şərq yamacında təbii risklərin azaldılması və dağ ekosistemlərinin mühafizəsi üzrə tövsiyələrin hazırlanmasında istifadə olunacaq.