Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları və birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malikdir. Burada ağıllı şəhər, ağıllı kənd konsepsiyaları əsasında müasir yaşayış məkanları formalaşdırılır.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir müavini qeyd edib ki, bu bölgələr yaşıl enerji zonaları elan olunub: “Artıq istifadəyə verilmiş Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası, yeni beynəlxalq hava limanları, sürətlə qurulan müasir nəqliyyat infrastrukturu, eləcə də biznes üçün real güzəşt və təşviqlər bu əraziləri investorlar üçün cəlbedici edir. Bu ərazilər geniş sənaye, kənd təsərrüfatı, logistika, turizm və enerji sahələri üzrə yüksək potensiala malik olmaqla, uzunmüddətli və dayanıqlı investisiya imkanları təqdim edir”.

"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərin qurulması əsas prioritetlərimizdəndir. Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modelidir", - deyə nazir müavini diqqətə çatdırıb.//Azərtac