Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabadda vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 9-da saat 09:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən bildirilib ki, görüş zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Görüşdə iştirak etmək istəyən Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinləri Sabirabad DAİM-ə (050-515-98-41) müraciət edə bilərlər.
Görüşə yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Görüşə gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

