Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuqun başçılıq etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Zəfər Parkına gəliblər. Şəhərlə tanışlıq zamanı nümayəndə heyətinə işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğal dövründə dağıdılmış yaşayış məntəqələri, infrastruktur yenidən qurulduqca sakinlərin öz ata-baba yurdlarına qayıdışı təmin olunur, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərinə, Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçü davam etdirilir.

Daha sonra nümayəndə heyəti Qarabağ Universiteti ilə tanış olub. Qonaqları universitetin rektoru Şahin Bayramov qarşılayaraq, ali təhsil müəssisəsi, yeni tikilən tələbə şəhərciyi və yeni tədris korpusları barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetdə müasir tədris mühiti formalaşdırılıb, tələbələrin istifadəsi üçün kompüter otaqları, zəngin kitabxana fondu, eləcə də müxtəlif istiqamətlərdə laboratoriyalar yaradılıb.

Sonra qonaqlar universitetin iqtisadiyyat fakültəsində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. Nümayəndə heyətinə fakültənin tədris prosesi və akademik imkanları barədə də məlumat verilib.