COĞRAFİ EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİNDƏN

G.R.Qaracayeva
Elm və Təhsil Nazirliyi H.Ə.Əliyev adına
Coğrafiya İnstitutu, mütəxəssis

E-mail: [email protected]

Giriş
Elm tarixinin tədqiqi bütövlükdə bioloji varlığın ayrılmaz hissəsi olan bəşər tarixinin öyrənilməsi deməkdir. Onun nə vaxt yarandığını etibarlı mənbələr belə deyə bilməz. Lakin şərti olaraq demək olar ki, insanın düşünmək, anlamaq qabiliyyətinə malik olduğu vaxtdan da elm yaranmışdır. Çünki insan möcüzəvi və maraqlı hadisələrə öz şüuru və zəkası ilə bələd olur. Coğrafiya elminin bir sahəsini təşkil edən ekologiya canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlər və insanın təbiətdə davranışının nəzəri əsaslarını öyrədir, yəni o həyatın özü haqqında elmdir.

Ekologiya elminin yaranması
Ekologiya elmi ümumən cavan elm hesab edilir. O, 100 il bundan əvvəl yaranmışdır. “Ekologiya” anlayışı ilk dəfə 1866-cı ildə alman bioloqu E.Hekkelin əsərlərində işlədilmişdir. O, “Ekologiyanı” zoologiyanın bir qolu, ümumilikdə bütün növ canlıların və onları əhatə edən canlı və cansız mühitin öyrənilməsi kimi təklif etmişdi. Lakin buna baxmayaraq, ekologiyanın banisi, onun yaradıcısı canlı orqanizmlərin öyrənilməsinin əsasını qoyan Ç.Darvin hesab edilir. Onun “Yaşamaq uğrunda mübarizə” əsəri canlılar arasındakı mürəkkəb əlaqələrin, həm də cansız təbiətə olan münasibətin əsasında qurulmuşdur. Orqanizm və onun daxili mühitini (canlı və cansız) iki tarixi mürəkkəb sistem kimi başa düşmək olar ki, o vahiddir, daim inkişafdadır və yeganədir [12, s. 45].
Bəşəriyyətin yarandığı gündən hazırkı dövrədək insan onu əhatə edən mühitdən öz mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən çəkinməmişdir.
Hazırda müasir ekologiyanın XX əsrin 60-dan artıq sahə və bölməsi olmasına baxmayaraq, alimlərin ekologiya anlayışından bu termin haqqında ümumi bir yetkin fikrə gəlməsi faktı yoxdur. Alimlər ədəbiyyatlarda ekologiyaya dair 100-dən artıq tərif səsləndirmişlər.
Ekologiya elminin inkişaf tarixi üç əsas dövrə, bəzi ədəbiyyatlarda isə beş dövrə bölünür.
Birinci dövr. Bu elmin yaranması və təşəkkül dövrü olmaqla XIX əsrin 60-cı illərinə qədər müddəti əhatə edir. Həmin müddətdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir. Bu dövrdə ekologiya sərbəst elm kimi deyil, yalnız bitki və heyvanların yaşama şəraitini öyrənməklə başlanılmışdır. Ekoloji biliklər həmin dövrlərdə botanikanın və zoologiyanın tərkibində verilmişdir.
İkinci dövr. Ekologiya bu dövrdə sərbəst elm kimi inkişaf etmiş və formalaşmışdır. Bu zaman ilk dəfə olaraq ekologiyanın bir sıra prinsipləri və anlayışları əsaslandırıldı. Bu prinsip və anlayışlar öz məna və qiymətini hazırda da itirməmişdir.
Ekologiya anlayışı birdən-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. Müstəqil bir elm kimi ekologiya XX əsrin əvvəllərində formalaşmağa başladı.
Üçüncü dövr. XX əsrin ikinci yarısında ətraf mühitin kəskin çirkləndirilməsi və insanların təbiətə neqativ təsirinin artması ilə əlaqədar ekologiyaya xüsusi bir tələbat yaranmışdır. Bu dövrdə ekologiya kompleks bir elmə çevrilərək təbii və ətraf mühitin durumunun qorunması elmini də özündə cəmləşdirdi. Bioloji elmdən ekoloji biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi və iqtisadiyyat bölmələrini birləşdirdi. Müxtəlif elmlərdə ekoloji istiqamətin yaranması, ekologiyanın qlobal xarakter alması, o cümlədən sosial ekologiyanın və insan ekologiyasının əmələ gəlməsi və inkişafı bu dövrü səciyyələndirir. Müasir dövrdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə yanaşı, həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır [9, s. 34].
Yaranmış ekoloji problemlər bütün ölkələrin ekoloqlarının birgə gücü ilə həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq əməkdaşlıq geniş həyata keçirilir. Ekoloji biliklərin əsas mahiyyəti resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa köməklik etməkdən ibarətdir. Ekoloji biliklərə yiyələnmiş insan onu əhatə edən dünyanı yenidən kəşf edir, əvvəllər təbiətdə ikinci dərəcəli hesab etdiyi bir çox əlaqə və münasibətlərin əhəmiyyətini başa düşməyə başlayır. Vaxtilə Kopernikin kəşfi insanların dünyanın quruluşu haqqında təsəvvürlərini dəyişdiyi kimi, ekoloji qanunauyğunluqların öyrənilməsi də bizim Yerin təbiətinin qaydaları haqqındakı təsəvvürlərimizi də dəyişdirdi. Biz başa düşməyə başladıq ki, təbiətdəki bu qanunauyğunluqlar təsadüfi deyildir, o, insanın yaşaması və inkişafı üçün insan nəslinin davam etdirilməsi üçün lazımdır. Öz fəaliyyətimizdə qanunauyğunluqlarla hesablaşmalıyıq, təbiətə zərərli dəyişikliklər gətirməməliyik.

Coğrafi ekologiya
Müasir ekologiyanın əsas sahələrindən biri olan “Coğrafi ekologiya (geoekologiya) təbii zonaların landşaftlarının ekologiyasını, eləcə də fiziki­coğrafi rayonlar və müxtəlif sferaların (hava, torpaq, su) ekologiyasını öyrənir.
Qədim dövrlərdən fərqli olaraq, müasir dövrdə cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin yeni xüsusiyyətləri mövcuddur. Bəşəriyyətin biosferə təsiri elə təhlükəli vəziyyətə gəlib çatmışdır ki, indi Yer kürəsində həyatın mövcudluğu hər zaman təhlükə qarşısındadır.
XXI əsrdə ətraf mühitdə dəyişikliklərin hərəkətverici qüvvələri əhali, istehlak və texnologiyalardır. Dünya əhalisinin sürətlə artması və ənənəvi istehlak tələbatı normalarına uyğun olaraq istehsalın genişlənməsi ekosistemə təzyiqi artırır.
Amerika ekoloqu A.Leopold (1887-1948) Yer kürəsini əvvəli və sonu olmayan çaya - “Round river”-ə bənzətmişdir. Yer kürəsi çox qəribə “Round river”dir, biz isə axına düşmüş şalban üstündə üzən adama bənzəyirik. Böhrana düşməyin səbəblərinin öyrənilməsini - iqtisadiyyat, keçmiş hadisələrin nəzərdən keçirilməsini - tarix, yeni istiqamətlərin seçilməsini - idarəetmə, həyatdakı mümkün hadisə və prosesləri siyasət adlandırırıq. Həyatdakı torpaq, bitki, heyvanlar aləminin öyrənilməsi - biologiya, onların mənşəyinin öyrənilməsi və zaman daxilində inkişafını - geologiya və təkamül; torpaq, bitki və heyvanlardan praktiki istifadə - kənd təsərrüfatı və sənaye adlanır. Ekologiya isə “Round river”in özünü, yəni biotik sahəsini öyrənən elmdir. Bizim ekologiyamız hazırda təhlükə altındadır [12, s. 34].
Bu gün sivilizasiyanın ekoloji hadisələr nəticəsində məhv olma təhlükəsi nüvə müharibəsi təhlükəsindən sonra ikinci yerdə durur. Müasir dövrün qlobal problemlərinin təhlükəli olmasını bir çox alimlər qəbul edərək, belə bir fikir yürüdürlər ki, bəşəriyyət tarixində bir çox sivilizasiyalar olmuşdur və bu sivilizasiyalar elmin, texnikanın, mədəniyyətin ən yüksək nöqtəyə çatdığı bir dövrdə məhv olaraq yenidən yaranmışdır. Təbiətlə münasibətdə müasir insanın fəaliyyəti qlobal ekoloji problemlərin yaranmasına səbəb olduğu üçün bu məsələlərin həlli beynəlxalq əməkdaşlığa ehtiyac doğurur. Beləliklə, ekologiyanı öyrənməklə inanırıq ki, biz hamımız onun təsirinə məruz qaldığımızı və həyatımızın axınına ziyan yetirməməkdən ötrü ekologiya və ətraf mühitin qorunması qaydalarını yaxşı bilməliyik.
Ekologiya bioloji qaydalar kimi XIX əsrdə meydana çıxmış, lakin sərbəst elm kimi çox-çox sonralar fəaliyyət göstərməyə başlamışdır. Canlı orqanizmlər və bizi əhatə edən təbiət arasındakı qarşılıqlı münasibətlər haqqında hələ antik dövrün alim və filosofları, dəqiq desək, Aristotel, Teofrast, Hippokrat, Böyük Pliniy və başqaları öz fikirlərini söyləmişlər. Belə ki, Aristotel heyvanları öz yaşayış tərzinə və qidalanma qaydasına görə qruplara bölmüş, tibbin atası olan Hippokrat isə öz yazılarında mühit amilinin insan sağlamlığına təsiri haqqında göstəriciləri qeyd etmişdir. Dövrünün ilk botaniki hesab edilən Teofrast isə öz yaradıcılığında ətraf mühitin bitkilərə təsiri haqda yazmış və göstərmişdir ki, biz tamamilə onların əhatəsindəyik. Böyük Pliniy isə özünün “Təbii tarix” əsərində təbiətdə baş verənlərə ekoloji baxımdan yanaşmış və qiymət vermişdir [3, s. 54].
B.e.ə. IV əsrdə Aleksandr Makedonski səyahət zamanı bitki və heyvanlar aləmi haqqında bilikləri genişləndirir, onun müxtəlifliyinin həyat şəraitindən asılılığını göstərirdi (düzənlik, dağ, təpə, quru və nəm yerlər və s.).
Orta əsrlərin təbiətşünaslığa dair faktları kitablarda əfsanələrlə qarışdırılırdı, hadisələr ilahiləşdirilib dinlə əlaqələndirilirdi. Həmin əsrin sonlarında bitki və heyvan aləmi haqda yekun məlumatlar bizə Marko Polo tərəfindən çatdırılıb (onun səyahəti zamanı).
Dirçəliş erası bütün Yer kürəsində bitki və heyvanlar aləmi haqda çoxlu material toplanması və elmin inkişafı ilə xarakterizə edilir. Torpaq haqda məlum olmayan məlumatlar, çoxsaylı səyahətlər və kəşflər zamanı aşkar edilirdi. K.Linney (1707-1778) “Təbii tarix” kitabında orqanizm və mühit arasındakı bağlılığa lazımi qədər yer vermişdir. J.B.Lamark (1744-1829) əsas diqqəti bitki və heyvanların xarici şəraitin təsirindən təkamülə uğraması məsələsinə yönəltmişdir [9, s. 45].
O dövrün ən görkəmli alimlərindən biri A.Humboldt (1769-1859) olmuşdur. O, Cənubi və Mərkəzi Amerikaya (1799-1801) səyahəti zamanı Yer kürəsinin bitki ilə örtülməsinin ümumi mənzərəsini yaratmışdır. O, bitkinin iqlimdən asılı olaraq yayılması və yuxarı dağ-silsilə bitkiləri ilə şimal bitkiləri arasındakı oxşarlıqların olmasını göstərmişdir. O bildirmişdir ki, bitkilərin xarici görkəmi onun yerinin fiziki-coğrafi şəraitindən asılı olaraq meydana gəlir. Onun əmələ gəlməsi və öyrənilməsi fitosenologiya adlanır. Özünün “Bitki fiziologiyası haqqında ideyalar” (1806) kitabında A.Humboldt bitkiləri 19 fizionomik formaya ayırmışdır, bu da bitkilərin ekologiyası və ekoloji coğrafiyası bölmələrindən biridir [1, s. 76].
1792-ci ildə K.Vildenovun “Otşünaslığın əsasları” adlı əsəri çap olunur. Burada iqlimin və suyun təsirindən, dağ və düzənliklərdə bitkilərin yayılma xüsusiyyətləri şərh olunur. O, coğrafi mövqeyə görə bitkilərin öyrənilməsini əsas 3 istiqamətə ayırır: 1. Floristik; 2. Ekoloji; 3. Tarixi [12, s. 72].
Heyvanlar aləminə ekoloji yanaşma ilk dəfə Moskva Universitetinin professoru K.F.Rulye (1814-1858) tərəfindən olmuşdur və onu qanuni olaraq heyvanlar aləminin ekologiyasının banisi hesab edirlər. Onun tələbəsi N.A.Seversovun (1827-1885) “Vəhşi heyvanlar və quşlarda dövrü dəyişmələr” (1855) olan ekoloji monoqrafiyası indiyə qədər öz əhəmiyyətini itirməmişdir.
Keçən yüzilliyin axırında ekoloji istiqamət bir çox bioloqları maraqlandırdı. Bir çox ekoloji amillərə, işıq, istilik, nəmlik və s. məsələlərə diqqət artırıldı və nəticədə A.Qrizehaxın əməyi meydana çıxdı. A.Qrizehax “Yer kürəsinin bitkiləri və onun iqlim bölmələri” (1872), E.Varminqin “Bitkilərin ekoloji coğrafiyası” (1896) və A.Şimperin “Fiziki əsasda bitkilərin coğrafiyası” (1898) kimi böyük əhəmiyyət kəsb edən əsərləri yarandı. Beləliklə, A.Qrizehaxın işlərində Yer kürəsi bitkilərinin iqlim dəyişiklikləri əsasında yaranma xüsusiyyətləri və bitki formasiyaları yarandı. Elə həmin mənbələrdə yeni bir elm - biosenologiya meydana çıxdı. “Biosenoz” termini alman alimi K.Mebius (1825-1908) tərəfindən təklif olundu. Bundan başqa, bu elmin əsasını qoyanlardan İ.K.Paçoski (1898) və P.N.Krüovu (1898) göstərmək olar. 1898-ci ildə A.N.Beketovun rus dilində ilk dəfə botaniki coğrafiyaya aid dərsliyi meydana çıxdı [10, s. 38].
Ekologiyanın inkişafında torpaqşünas alim V.V.Dokuçayevin (1846-1903) əməyi də böyük əhəmiyyət kəsb edirdi. Onun təcrübələri təbiətin bütün element və komponentləri arasındakı qarşılıqlı əlaqələrin tədqiqindən ibarət idi.
Ekoloji istiqamətdə biologiyada bir çox alimlərin M.A.Menzbir, P.P.Suşkin, V.M.Jitkov, Q.P. Dementyev, A.N.Formozov, B.A.Keller, V.N.Sukaçev, Q.İ.Tanfilev, İ.K.Paçoski və s. rolu böyükdür. Ekologiyada bataqlıqların geobotanik xüsusiyyətlərinin öyrənilməsi yüksək templə aparılırdı. Onlardan Q.İ.Tanfilev, davamçılardan A.F.Flerov, V.S.Dokturovski, V.N.Sukaçev və başqalarını göstərmək olar. Bitki aləminin öyrənilməsi ilə L.Q.Ramenski, A.P.Şennikov, V.N.Sukaçev, A.A.Alexin və s. məşğul olmuşlar. Bitkilərin öyrənilməsi ilə məşhur meşəşünas Q.F.Morozov da məşğul olurdu, o, meşələrin tipləri ilə onların iqlim və torpaqla əlaqələrini öyrənmişdir. D.N.Qaşqarovun təcrübələri və onun əsərləri “Mühit və cəmiyyət” (1933), “Heyvanların ekologiyasının əsasları” (1938) indiyə qədər öz aktuallığını itirməmişdir. Xarici əsərlərdən həmin dövrdə çap olunmuşlara R.Gesse “Zoocoğrafiya ekoloji əsaslarda” (1924), F.Dalya “Zoocoğrafiyanın ekoloji əsasları” (1921-1923), Ç.Eltonun “Heyvanlann ekologiyası” (1927), E.Ryubel “Yerin bitki örtüyü” (1930) və Ş.A.Keynin “Botaniki coğrafiyanın əsasları” (1944) və s. misal göstərmək olar [9, s. 102].
“Ekosistem” terminini ilk dəfə A.D.Tensli 1935-ci ildə, 1942-ci ilə isə R.Lindeman mürəkkəb ekosistemin konseptual və metodik əsaslarını elmdə işlətmişdir.
Xarici alimlərin əsərlərindən: F.Kliments və V.Şelfordun (1939) “Bioekologiya”, Y.Odumun “Ekologiya” və “Ekologiyanın əsasları” (1968, 1975), R.Riklefsin “Ümumi ekologiyanın əsasları” (1979), H.Valterin “Yer kürəsinin bitkilər aləmi” (1968-1975), F.Ramadanın (1981) “Tətbiqi ekologiyanın əsasları” və s. göstərmək olar.
Hazırda ekologiya qabaqcıl, aparıcı və tətbiqi müasir bir elm kimi inkişaf etmişdir. Müasir dövrdə ekoloqların tədqiqatının əsasını ekosistemin bütün sahələrində, yəni bütöv və vahid bir biosferin öyrənilməsi təşkil edir. Biosferin öyrənilməsində mərkəzi yeri təbii-ictimai varlıq kimi insan tutur və təbii dəyişiklikləri də məhz o yaradır.
Ekosistemdə dəyişikliyin sürətlə artması insanın sivil inkişafının təsirindən, mədəniyyətin genişlənməsindən asılıdır. Beləliklə, arzularını cilovlamamaq və təbiət üzərində hökmranlıq etmək arzusu insanı özünün biosferə gətirdiyi dəyişikliklərdən asılı edir.
Respublikamızın faunası dünyanın bir çox təbiətşünas səyyahlarının diqqətini cəlb etmişdir. Hələ eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərindəki şəkillərdə öküz, maral, at və s. təsvir etmişdilər. Ölkəmizin heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Heradot, Klavdi Elian), coğrafiyaşünasların (Əl İstəhri, Rubrik, Tavernye X-XIl əsrlər), diplomatların (Oleari və s.) əsərlərində, şairlərimizin poemalarında (Nizami, XII əsr; Füzuli XVI əsr) və s. də rast gəlinir [11, s. 24].
Ədəbiyyat məlumatlarından görünür ki, respublikamızda heyvanat aləminin öyrənilməsinin başlanğıcını S.Q.Qmelin 1770 və 1773-cü illərdə qoymuşdur. Bundan başqa respublikamızda olmuş görkəmli təbiətşünaslar (Menetrie, Qoqenaker, Radde, Ber, Orimm, Kessler və başqaları) tədqiqatlar aparmışlar. Tiflisdə 1867-ci ildə Qafqaz muzeyi təşkil olunmuş, onun işçiləri respublikamızın faunasını tədqiq etmişlər. Azərbaycanda heyvanlar aləmini XX əsrin əvvəllərinə qədər xarici alimlər öyrənmişlər.
Respublikamızda ilk dəfə 1902-ci ildə Gəncə şəhərinin yaxınlığında Zumabatda taunla mübarizə stansiyası, 1912-ci ildə Bakı ixtioloji stansiya, 1909-cu ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinet, 1916-cı ildə Bakı-Dağıstan bitki mühafizəsi bürosu təşkil edilib [6, s. 43].
A.A.Qrossheymin meşə örtüyünə həsr olunmuş “Talış florası” adlı qiymətli əsəri çap olunmuşdur. Burada Talış meşə örtüyünü düzən meşəsinə, aşağı, orta və yuxarı dağ meşə bölgələrinə bölərək, onların botaniki xarakteristikasını vermişdir.
L.I.Prilipkonun 1945-ci ildə “Azərbaycan SSR-in fiziki coğrafiyası” kitabı və 1954-cü ildə “Azərbaycanın meşə bitkiləri” adlı monoqrafiyası nəşr olunmuşdur. Bu nəşrlər respublikamızın bitki örtüyünün öyrənilməsini və botanika elminin inkişafını səciyyələndirir [3, s. 87].
XX əsrin əvvəllərində bir sıra əcnəbi və Azərbaycan alimləri Q.Ahix, N.Qubkin, V.Dokuçayev, G.I.Boqdanoviç, R.P.Reynqard, A.A.Qrossheym, İ.V.Fiqurovski, Hafiz-Rəşad, M.Baharlı və başqaları coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi tədqiqat işləri aparmış və dəyərli elmi əsərlər yazmışlar. Onlar iqlimşünaslıq, zooiqlimşünaslıq, sinoptik meteorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq sahəsində elmi əsərlərin müəllifləridir. Misal olaraq, İ.V.Fiqurovskinin “Azərbaycanın iqlim rayonlaşdırılması” (1926), “Kür-Araz hövzəsinin iqlim oçerki”, “Aqrometeorologiya” (1929), Ə.M.Şıxlinski və S.Kopelioviçin “Azərbaycan SSR iqliminin səciyyəsi” və s. göstərmək olar [10, s. 52].
Azərbaycanda coğrafi ekologiyanın öyrənilməsi tarixindən. Coğrafiya elminin və onun müasir problemlərinin öyrənilməsində Ə.M.Şıxlinski, Q.K.Gül, Ə.A.Mədətzadə, S.H.Rüstəmov, B.A.Antonov, V.Q.Zavriyev, H.B.Əliyev, H.Ə.Əliyev, Ş.C.Əliyev, B.Ə.Budaqov, Ə.C.Əyyubov, N.Ş.Şirinov, Ə.M.Hacızadə, B.T.Nəzirova, R.X.Piriyev, M.A.Müseyibov, A.A.Nadirov, Ə.V.Məmmədov, Ş.Y.Göyçaylı, Q.Ç.Həsənov, R.M.Məmmədov, Ş.B.Xəlilov və başqalarının rolu böyükdür.
Respublikamızda ilk dəfə olaraq ekoloji durumun mühafizəsi ilə əlaqədar Həsən Əliyev müxtəlif istiqamətlərdə məqsədyönlü tədqiqat işləri aparmışdır.
Respublikada yaşıllaşdırma sahəsində akademik Həsən Əliyevin çox böyük xidmətləri olmuşdur. Həsən Əliyev respublikanın müxtəlif regionlarında ayrı-ayrı ağac cinslərinin yayılması qanunauyğunluqları və əhəmiyyətinə diqqət yetirmiş, əhalinin sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində dağ və düzən meşələrinin göz qabağında sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə narahat etmiş və özünün “Həyəcan təbili” kitabında həyəcanla çıxış etmişdir. Həsən Əliyevin təşəbbüsü ilə Dəvəçi, Şamaxı, Zəngilan və Talışın Zuvant zonasının arid meşə-bitmə şəraitində püstə, badam, saqqızağac, Eldar şamı, iydəyarpaq armud və sərv ağacından ibarət salınan bağlar, meşə-bağlar təqdirə layiqdir. Uzun illər apardığı elmi-təd­qiqat işlərinə əsaslanaraq Həsən Əliyevin təşəbbüsü ilə “Qarayazı Dövlət təbiət qoruğu” və Böyük Qafqazın şərq qurtaracağında meşə örtüyünün şərq hüdudunda mövcud meşələri qorumaq məqsədilə Pirqulu dövlət təbiət qoruğu yaradılmışdır [4].
Ekologiyanın təbliği, ətraf mühitin mühafizəsi sahəsində B.Ə.Budaqovun apardığı elmi tədqiqatların nəticələri onun bir çox əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə respublikamızda atmosfer havasının, suyun, bitki örtüyünün, o cümlədən meşələrin, torpağın, nadir landşaft obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, təbiətin ayrı-ayrı fəlakətli proseslərindən (sellər, daşqınlar, sürüşmələr, eroziya) və onlara qarşı mübarizə tədbirlərindən, səhralaşmadan, ayrı-ayrı bölgələrin ekoloji problemlərindən, təbiətə antropogen təsirdən, başqa ölkələrdə ətraf mühitin mühafizəsi təcrübəsindən bəhs edilir [2].

Nəticə
Onlar iqlimşünaslıq, sinoptik-meteorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq, zooiqlimşünaslıq, geomorfologiya, paleocoğrafiya, landşaftşünaslıq, hidrologiya, xəritəçilik, toponimika, Xəzər dənizi, meşə torpaqşünaslığı, iqtisadi və sosial coğrafiya, təbiətin mühafizəsi və s. istiqamətlərdə fundamental ekoloji yönümlü tədqiqat işləri aparmışlar.

Ədəbiyyat siyahısı:
1. Azərbaycan Coğrafiya Cəmiyyəti 60 ildə: uğurlar, nailiyyətlər və perspektivlər. Bakı, 1999, 76 s.
2. Budaqov B. Dözümlü, dözümsüz təbiət. Bakı, 1990, 120 s.
3. Budaqov Budaq. Coğrafiya Elminin Uğurları. I Kitab. 2001, 320 s.
4. Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002, 175 s.
5. Göyçaylı Ş., Mikayılov H. və başqaları. Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə. Bakı: Hərbi, 1996, 239 s.
6. Göyçaylı Ş.Y, İsmayılov T. Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları. Bakı, Şirvan, 2006, 176 s
7. Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, 2018, 231 s.
8. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, 1998.
9. Sultanov R.L., Sadıqova N.A., Ataşova Ü.E. Ümumi ekologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2010, 384 s.
10. Мусеибов М.А Геоморфология и новейшая тектоника Среднею ринскои впадины. Баку: Азернешр, 1991, 198 с.
11. Мусеибов М.А Ландшафты Азербайджанской Республики. Баку, БГУ, 2003. 138 с.
12. Саушкин Ю.Г. История и методология географической науки. Курс лекции – М. 1976.


Xülasə
Məqalədə, coğrafi ekologiya elminin tədqiqində xüsusi rola malik klassik ekoloji biliklərin ilkin məlumatçıları olan yunan coğrafiyaçı və tarixçiləri, XIX-XX əsrlərdə bir sıra əcnəbi və Azərbaycan alimlərinin fikirləri tədqiqata cəlb edilərək araşdırılmışdır. Elm tarixinin tədqiqi bütövlükdə bioloji varlığın ayrılmaz hissəsi olan bəşər tarixinin öyrənilməsi deməkdir. Onun nə vaxt yarandığını etibarlı mənbələr belə deyə bilməz. Lakin şərti olaraq demək olar ki, insanın düşünmək, anlamaq qabiliyyətinə malik olduğu vaxtdan da elm yaranmışdır. Çünki insan möcüzəvi və maraqlı hadisələrə öz şüuru və zəkası ilə bələd olur. Məlum olduğu kimi, ekologiya elmi coğrafiya elmi ilə sıx bağlıdır. Belə ki, ekologiya canlı orqanizmlər arasında və onların olduğu coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında elmdir. Coğrafiya elminin bir sahəsini təşkil edən ekologiya canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlər və insanın təbiətdə davranışının nəzəri əsaslarını öyrədir, yəni o həyatın özü haqqında elmdir.
Azərbaycan ərazisində coğrafiyaya aid ilkin məlumatlara qədim yunan coğrafiyaçısı və tarixçisi Strabonun “Coğrafiya” adlı əsərində təsadüf olunur. Strabondan sonrakı dövrlərdə məşhur coğrafiyaçılar və tarixçilər, o cümlədən Əbdür Rəşid Bakuvi (XV əsr), Hacı Zeynalabdin Şirvani (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanov (XIX əsr), Həsənbəy Zərdabi (XIX-XX əsrlər) və başqalarının əsərlərində Azərbaycanın coğrafi şəraiti haqqında məlumatlara rast gəlmək olar.
XX əsrin 20-ci illərdən başlayaraq Azərbaycanda coğrafiya elmini bir fundamental tədqiqat sahəsi kimi formalaşmağa başlamış və müxtəlif istiqamətləri üzrə elmi tədqiqat işləri aparmış, iqlimşünaslıq, sinoptik meteorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq, Xəzər dənizi problemləri və onun ekologiyası sahəsində elmi əsərlər yazmışdır.
Açar sözlər: Azərbaycan, coğrafi-ekologiya elmi, tarix, ətraf mühit, insan.

Из истории развития географической экологии
Г.Р. Гараджаева

Резюме
В статье анализируются взгляды греческих географов и историков, являвшимися первыми информаторами классических экологических знаний, которые сыграли особую роль в изучении географической экологии, мысли ряда зарубежных ученых XIX-XX века, в том числе и ученых Азербайджана.
Исследование истории науки - это изучение в целом истории человечества, являющейся неотъемлемой частью биологической сущности. Даже надежные источники не могут сказать, когда она возникла. Но условно можно предположить, что наука возникла со способностью человека мыслить и понимать, так как человек познает интересное и удивительное своим сознанием и интеллектом.
Как известно, существует тесная связь экологической науки с географической. Так, экология – это наука о взаимодействии живых организмов с географической средой, в которой они находятся. Она является частью географической науки, изучающей взаимные связи между живыми организмами и окружающей их средой и теоретические основы поведения человека в природе. Иными словами, это наука о самой жизни.
Первые географические сведения о территории Азербайджана встречаются в труде древнегреческого географа и историка Страбона “География”.
В последующие периоды после Страбона сведения о географическом положении Азербайджана появляются в произведениях известных географов и историков, в том числе и Абдур Рашида Бакуви (XV век), Гаджи Зейналабдин Ширвани (XVIII-XIX вв.), Аббасгулу Ага Бакиханова (XIX в.), Гасанбека Зардаби (XIX-XX вв.) и других.
С 20-х годов XX века в Азербайджане географическая наука начала формироваться как фундаментальная область исследований, занимающаяся исследованиями в различных направлениях. Были написаны научные труды в области климатологии, синоптической метеорологии, физики атмосферы, микроклиматологии, проблемах Каспийского моря и его экологии.

Ключевые слова: Азербайджан, географическая экология, история, окружающая среда, человек

From the history of the development
of geographic ecology
G.R. Garajayeva

Summary
The article analyzes the views of Greek geographers and historians, who were the first informants of classical ecological knowledge, who played a special role in the study of geographical ecology, the thoughts of a number of foreign scientists of the XIX-XX centuries, including scientists of Azerbaijan. The study of the history of science is the study of the whole history of mankind being an integral part of the biological e sence. Even reliable sources cannot tell when it has arisen. But it is conditionally possible to assume that science arose with the ability of a person to think and understand, since a person learns interesting and surprising with his consciousness and intellect.
As we know, there is a close relationship between environmental science and geography. So, ecology is the science of the interaction of living organisms with the geographical environment in which they exist.
It is part of geographical science that studies the interconnections between living organisms and their environment and the theoretical foundations of human behavior in nature. In other words, this is the science about the life itself.
The first geographical information about the territory of Azerbaijan is found in the work of the ancient Greek geographer and historian Strabo entitled “Geography”.
In subsequent periods after Strabo, information on the geographical position of Azerbaijan appears in the works of famous geographers and historians, including Abdur Rashid Bakuvi (XV century), Haji Zeynalabdin Shirvani (XVIII-XIX c.), Abbasgulu Aga Bakikhanov (XIX c.), Hasanbek Zardabi (XIX-XX ) and others.
Since the 1920 in Azerbaijan, geographical science began to form as a fundamental field of research, engaged in research in various directions. Scientific works in the field of climatology, synoptic meteorology, atmospheric physics, microclimatology, problems of the Caspian Sea and its ecology were written.

Keywords: Azerbaijan, geographical ecology, history, environment, human