Şəfa Əliyev: Azərbaycan–Özbəkistan münasibətlərinin genişləndirilməsi türk coğrafiyasının birləşməsinə təkan verəcək

XXI əsr bir sıra tarixi hadisələrlə zəngindir və bunların sırasında Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etməsi, genişmiqyaslı bərpa və dirçəliş layihələrinin reallaşdırılması regional və beynəlxalq səviyyədə müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə türk coğrafiyasının birləşdirilməsi perspektivləri diqqət çəkir və türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyasının sürətlənməsi, dövlətlərarası siyasi və iqtisadi, humanitar əlaqələrin maksimum dərinləşmə istiqamətinə meyillənməsi bunun əyani ifadəsi kimi qiymətləndirilə bilər.

Yerveinsan.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev deyib.

O bildirib ki, son illərdə türkdilli dövlətlərin təşkilatlanması, beynəlxalq səviyyədə bir-birilərini dəstəkləməsi, birgə beynəlxalq layihələrin hazırlanması və işlənilməsi tədbirləri intensivləşməkdədir. Bunlarla bərabər, türkdilli dövlətlər arasında ikitərəfli münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Bu baxımdan, Azərbaycan – Özbəkistan arasında münasibətləri misal çəkmək olar: “Özbəkistan Respublikasının formalaşması və inkişaf tarixi ölkəmizlə müəyyən mənada oxşarlıqlarla diqqət çəkir. Bu qardaş ölkə Mərkəzi Asiyanın önəmli dövlətlərindəndir və onun mərkəzində yer tutur. Türkdilli dövlətlərlə - Qazaxıstan, Qırğızıstan, Türkmənistanla, həmçinin Əfqanıstan və Tacikistanla həmsərhəddir. Özbəkistan təbii resurslarla zəngin bir respublikadır və təsadüfi deyildir ki, Asiyanın ən iri qızıl mədəni məhz bu ölkədədir və qızıl ehtiyatları 4 min ton həcmindədir. Ölkədə yüz növdən çox mineral ehtiyatlar mövcuddur və hazırda 130 təbii qaz yatağı aşkar olunub. Özbəkistanda bu mühüm yanacağın sənaye təyinatlı ehtiyatının həcmi 3 trilyon kubmetr səviyyəsində qiymətləndirilir. Bundan başqa, Özbəkistanda uran ehtiyatı da vardır və radioaktiv metalların ehtiyatı üzrə dünyada 7-ci yerdə qərarlaşmışdır.

Müasir müstəqil Özbəkistan bir çox beynəlxalq təşkilatların üzvüdür və regionda strateji funksiyaları yerinə yetirməyə qadir olan bir dövlətdir. Regionun ən iri ölkələri ilə, o cümlədən Çinlə sıx ticarət-iqtisadi əlaqələrə malikdir”.

Ş.Əliyev vurğulayıb ki, bu qeyd olunanlar baxımından Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin maksimum genişləndirilməsi perspektivləri vardır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il 2 oktyabr tarixində qurulub və keçən dövr ərzində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılıb. Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun iki ölkə arasında əlaqələrin strateji istiqamətlərinin müəyyənləşdirilməsində xidmətləri yüksəkdir. Məhz bu əlaqələr nəticəsində Azərbaycanla Özbəkistan arasında bir çox istiqamətlər üzrə dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb: “1996-cı ildən etibarən Azərbaycanın Özbəkistanda, 1998-ci ildən başlayaraq isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, müəyyən dövr ərzində iki ölkə arasında mövcud potensialdan maksimum səmərəli istifadə edilməsi prosesləri qlobal çağırışlara adekvat olmayıb. Lakin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətlərinin ən yüksək səviyyəyə çatması sayəsində Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələr yeni məhsuldar mərhələyə keçib. Bu münasibətlər böyük Qarabağ Zəfərindən sonra daha intensiv xarakter daşıyıb. Belə ki, 2022-ci ildə Prezident İlham Əliyev üç dəfə Özbəkistana səfər edib və bu qardaş ölkə ilə siyasi-iqtisadi əlaqələrimizin strateji məqamlarını müəyyənləşdirib, eyni zamanda, Türk dünyasının yeni çağırışlarına adekvat münasibətlərin formalaşdırılmasına nail olunub”.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, həmçinin əlavə edib ki, iki ölkə arasında xarici ticarət əlaqələrinin dinamik inkişafı da maraq doğurur və bu sahədə güclü potensial və perspektivlərdən məhsuldar istifadə edilməsinə müəyyən vaxt tələb olunur.

Qeyd olunub ki, 2018-2022-ci illərdə Azərbaycanla Özbəkistan arasında xarici ticarət dövriyyəsi 4,2 dəfəyə yaxın yüksəlib. Əgər 2018-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin ümumi həcmi 43,9 milyon ABŞ dolları idisə, bu göstərici 2021-ci ildə 111,9 milyon ABŞ dolları, 2022-ci ildə isə 183,3 milyon ABŞ dolları təşkil edib. 2018-2022-ci illərdə Azərbaycanın Özbəkistandan idxal etdiyi məhsulların həcmi 4 dəfəyə yaxın artıb və 2022-ci ildə 137 milyon həcmində olub. Bu dövr ərzində Azərbaycandan Özbəkistana ixracın həcmi isə 5 dəfəyə yaxın artaraq 2022-ci ildə 46,5 milyon ABŞ dolları həcmində qeydə alınıb. Kənd təsərrüfatının müxtəlif seqmentləri, həmçinin bir sıra sənaye məhsulları üzrə mübadilələrin aparılmasında, nəqliyyat-logistika və energetika sistemindən səmərəli istifadə edilməsində əməkdaşlığın daha çox perspektivləri göz önündədir: “Əlamətdar haldır ki, 2023-cü il avqustun 23-də işğaldan azad olunmuş və tamamilə dağıdılmış, viran qoyulmuş, minalanmış ərazilər təmizlənməklə yenidən qurulan və tikilən Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən tam orta məktəb tikilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Beləliklə, Azərbaycan–Özbəkistan əlaqələrinin müasir aspektlərindən bu qənaətə gəlmək olar ki, yaxın perspektivdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr daha da dərinləşəcək və bu proseslərin türk coğrafiyasının birləşdirilməsinə əlavə stimul və təkan verəcək. Azərbaycan–Özbəkistan münasibətləri və iqtisadi əlaqələri türk coğrafiyasının birləşdirilməsində mühüm rol oynayacaq”, - deyə Ş.Əliyev vurğulayıb.