R.Abdullayev – 110. Unutsaq, unudularıq.

Rəşid Fətəliyev, Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru

Onun dağ boyda ürəyi vardı
Bu ilin yanvar ayında görkəmli geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəşid Abdullayevin anadan olmasının 110 ili tamam oldu. R.Abdullayevi indiki nəslin nümayəndələri yaxşı tanımasa da, onun Azərbaycan geologiyasının inkişafında misilsiz xidmətləri olmuşdur. Onun zəngin bioqrafiyasına qısaca nəzər salsaq bunun şahidi olarıq.


Professor Rəşid Abdullayev

R.Abdullayev 1913-cü ildə Azərbaycan elminə, ədəbiyyatına, mədəniyyətinə, idarəçiliyinə dəyərli insanlar bəxş etmiş qədim Şamaxı şəhərində doğulmuş, az sonra ailəsi ilə Bakıya köçmüşdür. Orta məktəbi bitirəndən sonra N.Nərimanov adına Sənaye Texnikumunda, daha sonra isə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) təhsilini davam etdirmiş və 1938-ci ildə mühəndis-geoloq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Geologiya İnstitutunda başlasa da, onu 1941-ci ildə Azərbaycan Geologiya İdarəsində işə dəvət edirlər və o, burada işlədiyi 15 il ərzində sıravi geoloqdan İdarənin rəisi vəzifəsinə qədər yüksəlmişdir. O zamanlar, yəni İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı illərdə Sovetlər ölkəsində geologiyaya xüsusi fikir verilirdi, çünki ölkənin hərbi sənaye potensialının artırılması və mineral-xammala, xüsusən də neftə və metala olan tələbatın ödənilməsi üçün yeni yataqların aşkarlanmasına ciddi ehtiyac vardı. Geoloqlara yüksək maaş verilirdi, əlavə imtiyazları vardı, onlar üçün böyük şəhərlərin mərkəzi yerlərində evlər tikilirdi, hətta uniformaları və vəzifələrinə uyğun hərbidəki kimi rütbələri də vardı və s. Eləcə də ali məktəblərdə geologiya ixtisası üzrə təhsil alan tələbələrin də digərlərdən fərqli xüsusi geyimləri vardı və daha yüksək təqaüd alırdılar. Bütün bu səbəblərdən, yəni peşənin romantikası və üstəgəl maddi üstünlüklər gəncləri geologiyaya həvəsləndirirdi və onlar arasında ali məktəblərin geologiya fakültələrinə böyük axın vardı. Yadımdadır, uzun illər bundan əvvəl dünyaca məşhur alimimiz, mərhum akademik Azad Mirzəcanzadə müsahibələrinin birində jurnalistin “nədən bu ixtisası (neft-mədən) seçdiniz?” sualına çox qısa və səmimi cavab vermişdi: “çünki orada (Sənaye İnstitutunda) daha çox təqaüd verilirdi, bizim isə ailə vəziyyətimiz ağır idi”.
Bəli, həmin vaxtlar geologiyanın intibah dövrü idi desək, yanılmarıq. Geoloqların gərgin əməyi sayəsində o illərdə Sovet İttifaqının ucsuz-bucaqsız ərazisində minlərlə yeni yataqlar aşkar edildi və çox ünlü geoloqlar, alimlər nəsli formalaşdı. Bu proses Azərbaycandan da yan keçmədi, neçə-neçə azərbaycanlı gənc bizim üçün ənənəvi olmayan geoloq peşəsinə yiyələndi, onların arasından millətimizin başını uca edən onlarca məşhur geoloq-alim yetişdi. Həmin nəslin nümayəndələrindən biri də haqqında danışdığımız Rəşid Abdullayev idi. Yeri gəlmişkən bir maraqlı faktı da deyim ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarananda onun ilk 15 akademiki sırasında ixtisasca geoloq olan 3 alimimiz vardı: Şamil Əzizbəyov, Əliəşrəf Əlizadə və Mirəli Qaşqay.


Rəşid müəllimin tədqiq etdiyi dağlar - Murovdağ silsiləsi

Rəşid Abdullayev Geologiya İdarəsində işləyərkən Azərbaycan geologiyasının inkişafına dəyərli töhfələr verdi. O, bir geoloq kimi, xüsusən Kiçik Qafqazın geoloji xəritələrinin tərtib edilməsində, vulkanogen və vulkanogen-çökmə süxurların öyrənilməsində, onların geoloji yaşlarının təyin edilməsində və bir istehsalat rəhbəri kimi, geoloji işlərin təşkili və yerinə yetirilməsində, gənc geoloqların, xüsusən milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. O, geologiyanın əsas onurğa sütunu olan çöl tədqiqat işlərinə çox diqqət yetirirdi, geoloji proseslərin öyrənilməsinə, onların elmi izahının bilavasitə çöl şəraitində araşdırılmasına xüsusi önəm verirdi. Əldə etdiyi elmi nəticələr onun 1946-cı ildə uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapmışdır.
1954-cü ildən etibarən R.Abdullayev öz tədqiqatlarını Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda laboratoriya müdiri olaraq davam etdirmiş və ömrünün sonunadək burada çalışaraq paleovulkanologiya, petrologiya, metallogeniya və geoxranologiya sahəsində dəyərli elmi nəticələr əldə etmişdir. Bu elmi nəticələr onun 1961-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasında, 7 fundamental monaqrafiyasında, ölkə və xarici elmi jurnallarda dərc edilmiş 200-dən artıq məqaləsində, dövlət əhəmiyyətli geoloji, tektonik və metallogenik xəritələrdə öz əksini tapmışdır. Şübhəsiz ki, onun şah əsəri “Kiçik Qafqazın şimal-şərq yamacının mezozoy vulkanizmi” kitabıdır ki, onun bir nüsxəsini də zamanında şəxsən özü mənə bağışlamışdı.

Tədqiqat obyektlərindən biri – məşhur Göyəzən ektruziv gümbəzi

Bu yerdə mən portret yazısı ənənələrini pozaraq bir məsələyə aydınlıq gətirmək istəyirəm. Uzun illər Rəşid müəllimi xatırlayarkən, elmdə qazandığı bu qədər uğurlara baxmayaraq, nədən onun akademik, heç olmasa, Akademiyanın müxbir üzvü seçilmədiyinin səbəbləri məni düşündürürdü. Bu işlərdə şəxsi münasibətlərin böyük rol oynadığı hamımıza məlumdur, amma o, təbiətcə çox mülayim insan idi və kiminləsə problemi olmasına da inanmıram. Hədsiz təvazökar idi, elədiklərini dilə gətirməz, zəhməti keçməyən işə həmmüəllif kimi adını yazdırmazdı. Deyilənlərə görə, hamı onu istər alim kimi, istərsə də insan kimi yüksək qiymətləndirirdi. Bəs, elə isə səbəb nə idi, niyə layiq olduğu elmi rütbəyə yüksəlmədi? Bu sualın cavabını Rəşid Abdullayevin 90 illik yubileyi ilə əlaqədar AMEA-nın Ceologiya İnstitutu tərəfindən hazırlanmış “Geologiyaya həsr olunmuş şərəfli ömür” kitabında qismən də olsa tapdım. Mərhum professor, seysmoloq alim, AMEA-nın müxbir üzvü A.Həsənov Rəşid müəllim haqqında yazmış olduğu xatirəsində həmin məsələyə bir qədər aydınlıq gətirmişdir: “Yadımdadır, 1975-76-cı illərdə, o, Azərbaycan Elmlər Akademiyasına keçirilən seçkilərdə iştirak etmək üçün sənədlərini hazırlamışdı və rəy belə idi ki, o, yüz faiz Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçiləcəkdir. O zaman Elmlər Akademiyasının Rəyasət Heyətindən qərar gəldi ki, yaşı 60-dan çox olanlar bu seçkidə iştirak edə bilməzlər. Bu qərar görkəmli alim Rəşid Abdullayevin halal haqqına yiyələnməsinə imkan vermədi, o, sənədlərini seçkidə iştirak etmək üçün verə bilmədi. Sonralar bu əsassız qərar ləğv edildi. Ancaq artıq çox gec idi”. Belə, belə işlər..., sanki hər şey ona mane olmaq üçün təşkil edilmişdi. O, bir daha sənədlərini seçkilərə təqdim etmədi və layiq olduğu elmi mərtəbəni tutmadı...
Rəşid müəllim bu ədalətsizlikdən sınmadı, öz təd­qiqatlarını davam etdirdi, ölkəmizin geologiyasına yeni töhfələr verdi, xüsusən, o dövrün çox məsuliyyətli layihəsi olan Saatlı ifrat dərinlik quyusunun geoloji öyrənilməsinə rəhbərlik etdi, gənc elmi kadrlar yetişdirdi, ikisi elmlər doktoru olmaqla 20 elmlər namizədi hazırladı və s. O, sınmadı, çünki belə intriqalardan, riyakarlıqlardan uzaq bir insan idi, dağ boyda ürəyi vardı, öz zəngin mənəvi dəyərləri ilə tədqiq elədiyi dağlar kimi uca və əzəmətli idi Rəşid müəllim.
Mənə, qısa zaman kəsiyində də olsa, Rəşid müəllimi yaxından tanımaq, onunla ünsiyyətdə olmaq şərəfi qismət olduğundan həmişə bir məmnunluq hissi duyuram. Onun nurlu simasını, ətrafındakılarla alicənab davranışını, yüksək elmi səviyyəsini xatırlayanda düşünürəm ki, bu kimi insanlar gərək unudulmasın, həmişə yad edilsin ki, gələcək nəsillər onları tanısın, onlardan nümunə götürsün və onların bizlərə qoyduqları bilik xəzinəsindən istifadə edərək bir az da irəli getsinlər.
Rəşid Abdullayevin, nəinki Azərbaycan geologiyasının, eləcə də bütövlükdə Azərbaycan elminin işıqlı simaları arasında xüsusi yeri var. Onun haqqında düşüncələrimi hələ 2002-ci ildə yazmış və onu “Təbiət sirlərinin sorağında” adlı kitabıma daxil etmişdim. Bu yubiley ilində onun əziz xatirəsini bir daha yad etmək üçün həmin yazını diqqətinizə təqdim edirəm.

Əbədiyaşarlıq qazanmış alim
Bilmirəm, Rəşid müəllim sağ olsaydı, məni öz yetişdirdiyi mütəxəssislərin sırasına daxil edərdi, ya yox, amma mən onu özümə həmişə müəllim bilmişəm, baxmayaraq ki, o, mənə heç zaman dərs deməyib, nə tələbə, nə də aspirant kimi. Amma onu tələbəlik illərindən tanıyırdım, həm zəngin bilikli alim, həm gözəl, mülayim insan, qayğıkeş elmi rəhbər kimi haqqında həmişə xoş sözlər eşidirdim. Geologiya İnstitutunda Paleovulkanologiya laboratoriyasının müdiri idi. Ürəyimdən keçirdi ki, Universiteti bitirəndən sonra onun yanında işləyim, onun rəhbərliyi altında elmi işlə məşğul olum. Təəssüf ki, gerçək həyat heç də həmişə arzularla üst-üstə düşmür. Mənim üçün də belə oldu. Ali təhsilimi başa vurandan sonra məni təyinatla Rusiya Federasiyasının Oryol vilayətinə göndərdilər və orada bir ilə yaxın geoloq işləyib Azərbaycana qayıtdım.
Elmi işlə məşğul olmağa böyük həvəsim vardı. Bir gün Rəşid müəllimin yanına getdim. 3-cü mərtəbədə, sol tərəfdə, dəhlizin sonunda kiçik bir otağı vardı, içərisi kitab, xəritə, süxur nümunələri ilə dolu idi. Bir az həyəcanlı idim, deyirdim ki, birdən qəbul etməz, “yer yoxdur” deyər. Amma əbəs yerə narahatlıq keçirirdim. Məni gülərüz, mehriban qarşıladı, səbirlə dinlədi və yüngülvarı imtahan elədi. Deyəsən, razı qaldı – dur, gedək direktorun yanına, - dedi. O vaxt Akif Əlizadəni instituta təzəcə direktor təyin etmişdilər, cavan idi, çox işgüzar, enerjili görkəmi vardı. Akif müəllim də məni xeyli sorğu-sual etdi və sonda:
- Rəşid müəllim, bu cavan oğlanın sənədlərini hazırlayın, payızda onu Moskvaya məqsədli aspiranturaya oxumağa göndərək, - dedi.
- Olar, yaxşı fikirdir, - deyə Rəşid müəllim elə bil ki, bir az könülsüz razılaşdı və biz sağollaşıb otaqdan çıxdıq.


R.Abdullayev paleovulkanologiya şöbəsinin
əməkdaşları arasında

O gündən mən işə xüsusi bir həvəslə girişdim. Laboratoriyada xeyli işçi vardı: Həmid Mustafayev, Rəşid Həsənov, Mirzə Mustafayev, Haqverdi Haqverdiyev, Xudakərim Şəfiyev və başqaları. Həmid müəllim yenicə doktorluq dissertasiyasını müdafiə etmişdi, digərləri elmlər namizədi və adi elmi işçi idilər. Mehriban, işgüzar kollektiv idi, Rəşid müəllim də işçiləri ilə çox sakit, mülayim rəftar edirdi, hamının işinin gedişi ilə yaxından maraqlanar, problem olardısa, həllinə kömək edər, lazımi məsləhət və göstərişlərini verərdi. O zaman məşhur Saatlı ifrat dərinlik quyusu qazılırdı. Bu, keçmiş Sovet İttifaqında qazılacaq dörd quyudan ikincisi idi, birinci quyu Rusiyanın şimalında Kola yarımadasında qazılırdı. Quyuların qazılmasında məqsəd mantiyanın yer səthinə ehtimal olunan ən yaxın nöqtələrində yer qabığının kəsilişini öyrənmək idi. Rəşid müəllim məni həmin quyuda açılan süxurların petrologiyasını öyrənməyə cəlb etmişdi. İşlər maraqlı idi, iki dəfə də Saatlıya gedib quyudan müxtəlif analizlər üçün kern materialları gətirmişdim...
Hər şey gözlənilmədən başqa istiqamətə dəyişdi, səbəbi də maddi durumumla bağlı idi. Mən təzəcə evlənmişdim, oğlum da anadan olmuşdu, amma evimiz yox idi, kirayədə qalırdıq. İnstitutda isə bu cəhətdən vəziyyət heç də ürəkaçan deyildi - maaşlar aşağı idi, ev nadir hallarda verilirdi, böyük növbə vardı, yataqxanası yox idi və s. Bütün bunları mənə iş yoldaşlarım, xüsusilə Haqverdi müəllim, söhbət əsnasında bildirdilər və mən bundan çox məyus oldum. Bir neçə gün götür-qoy edəndən sonra başa düşdüm ki, belə maddi durumla elmlə məşğul olmağa dəyməz. Bir gün özümü toparlayıb, getmək qərarımı Rəşid müəllimə söylədim. Heç bunu gözləmirdi, tutuldu, səsinin tonunda bir az məyusluq, bir az da inciklik sezdim. “Nə deyə bilərəm, gedirsən get, həqiqətən, maaş və ev məsələsi bizdə çox ağır məsələdir. Mən sənə bunları söz verə bilmərəm, amma o biri tərəfdən də mən elə adam haradan tapım ki, həm elmə həvəsi, həm də maddi imkanı olsun” - dedi.
Beləcə, maddi imkansızlıq ucbatından mən institutdan, Rəşid müəllimin laboratoriyasından və bilavasitə elmlə məşğul olmaqdan ayrıldım. Düzdür, sonralar mən Azərbaycan Dövlət Universitetinin qiyabi aspiranturasına qəbul oldum və neçə illər sonra dissertasiya müdafiə edib elmi dərəcə də aldım, amma onun mənə qayğısını, xoş münasibətini heç unutmadım, onu özümə müəllim, elmi rəhbər hesab etdim. Onun elmi əsərlərindən bəhrələndim, xüsusilə “Kiçik Qafqazın şimal-şərq yamacının mezozoy vulkanizmi” kitabından. O, kitabı özü mənə hədiyyə etmiş və qısaca avtoqraf da yazmışdı: “Fətəliyevə müəllifdən. 10.04.77” və imza.
Rəşid müəllimin şah əsəri olan bu fundamental monoqrafiya, bir çox geoloqlar kimi, mənim də uzun illər masaüstü kitabım oldu. İstər Kiçik Qafqaz dağlarında geoloq, istərsə də namizədlik dissertasiyası üzərində işləyəndə mənim üçün bu kitab çox faydalı bilik mənbəyi olub və 1963-cü ildə nəşr olunmağına baxmayaraq, hələ də öz dəyərini itirməyib.

 

Elmi işimlə əlaqədar arabir Geologiya İnstitutuna gedirdim və özümü Rəşid müəllimin yanında bir qədər günahkar hiss etdiyimdən onunla görüşməkdən çəkinirdim. Təsadüfən qarşılaşanda mənə həmişə zarafatla deyərdi: “Sən də yaman aradan çıxdın ha...”. Özümü müdafiə etməyə çalışmazdım, bilirdim ki, zarafat edir. Onun işdə nə qədər ciddi və tələbkar olması ilə bərabər, arabir işçilərlə şirin zarafat etdiyinin də şahidi olmuşdum. Hərdən məni Rəşid Həsənovla bir otaqda işləyən görəndə zarafatla deyərdi: “Deyəsən, Azərbaycan elmindəki Rəşidlərin yarısı bizim laboratoriyaya yığışıb”.
Rəşid müəllimlə işlədiyim iki-üç ay ərzində onu həm geologiyanın bir çox sahələri (maqmatizm, vulkanologiya, petrologiya, metallogeniya və s.) üzrə zəngin biliyə və çöl təcrübəsinə malik bir alim, həm də sadə, mehriban, çox səmimi və qayğıkeş bir insan kimi tanıdım. O, həm də hədsiz təvazökar idi, elədiklərini, yazdıqlarını heç vaxt gözə soxmazdı, onlardan danışmazdı. Azərbaycan geologiya elmində misilsiz xidmətlər göstərmiş Rəşid müəllim heç vaxt mükafat, fəxri ad üçün çalışmadı, o, sadəcə öz zəhməti ilə ömrü boyu xalqına, millətinə xidmət etdi və onu tanıyanların qəlbində əbədiyaşarlıq qazandı.


Bakı, dekabr 2002-ci il.