ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ: reallıqlar, ehtimallar və təkliflər

Azərbaycan imzalanacaq sənəddə əsas prinsiplərlə yanaşı, əhalinin könüllü miqrasiyasının təsbitinə nail olsa, etnik münaqişə ehtimalına birdəfəlik son qoya bilər

44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı qələbəsindən 3 ilə yaxın müddət keçsə də, məğlub Ermənistanla qalib Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmamış qalır. Ötən dövrdə məğlub dövlətin yaranmış vaxtdan istifadə edərək, sıradan çıxarılmış təcavüzkar ordusunu reabilitasiya etmək, sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə status-kvonu saxlamaq (yaxud bərpa etmək) cəhdləri 2022-ci ilin sentyabr toqquşmasından sonra qismən, 2023-cü ilin sentyabr lokal antiterror əməliyyatlarından sonra tamamilə iflasa uğradı. Son nəticədə Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu...

İşğal altındakı 8 kənd nə vaxt və hansı yolla qaytarılacaq?

Bir qədər sonra, cari ilin 5 oktyabrında İspaniyada imzalanan bəyanatda Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha elan etdi. Belə ki, 1990-cı illərdə işğal edilən Qazax rayonunun 7 kəndi, Naxçıvan MR-in Kərki kəndi də daxil olmaqla, Azərbaycan Respublikasının 86,6 min kvadrat kilometrlik ərazisi Ermənistan Respublikası tərəfindən bir daha rəsmi olaraq tanındı.

Bundan sonra Ermənistan daxilində revanşist müxalifətin “anklavların qaytarılmasının yolverilməzliyi” barədə bəyanatlarının fonunda ABŞ dövlət katibinin guya Konqresdəki dinləmələrdə yaxın vaxtlarda Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalından danışması barədə xəbərin yayılması olduqca düşündürücüdür. Düzdür, dövlət katibinin sözügedən fikirləri səsləndirməsi daha sonra Dövlət Departamenti tərəfindən təkzib olundu. Amma regionda yeni eskalasiya ehtimalının dövriyyəyə buraxılması ona dəlalət edir ki, Azərbaycanın 1991-ci ildəki sərhədlərinə daxil olan ərazilərindən (8 kənddən) güzəştə getməyəcəyi və lazım gələrsə, onların qaytarılması üçün də hərbi əməliyyatlar yoluna baş vura biləcəyi reallığı kimləri isə narahat edir...     

Sülh danışıqları ərəfəsində Ermənistanın destruktiv fəaliyyəti

Ermənistanın Qərbə meyillənməsi fonunda Rusiyanın qəzəbinə tuş gəlməsi ilə regiondakı vəziyyət bir qədər də gərginləşsə belə, bu günlərdə bütün vasitəçilərin (Brüssel, Moskva, Vaşinqton) və Azərbaycan rəhbərliyinin yekdilliklə sülh müqaviləsinin bağlanmasının vacibliyi ilə bağlı bəyanatları 2023-cü ilin sonuna qədər Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına ümidləri artırır. İki ölkə rəhbərlərinin sülh prosesi çərçivəsində növbəti danışıqlarının Brüsseldə baş tutması gözlənilir.

Lakin sülh danışıqları ərəfəsində Ermənistanın beynəlxalq təşkilatlarda destruktiv fəaliyyəti, Paşinyanın Lüksemburqa səfəri də daxil olmaqla, sülh müqaviləsinin imzalanmasına maneə törədir. Qarabağdan ermənilərin kütləvi köçünü bəhanə edən rəsmi İrəvanın öz havadarları ilə birgə beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiq göstərilməsi cəhdləri də bu qəbildəndir. Lakin Qarabağda 1991-ci ildən əvvəl yaşayan ermənilərin əksəriyyətinin Azərbaycanın idarəçiliyini qəbul etməməsi, hətta mühacirətdə qanunsuz rejimin qondarma strukturlarının bərpa olunması cəhdləri reinteqrasiya planlarına mane olur.

Hərçənd ki, Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib ki, müharibənin nəticəsinə uyğun olaraq, status tələbi gündəmdən çıxıb, ölkəmizin vətəndaşlığını qəbul edən etnik erməni azlığı üçün bütün xalqların nümayəndələri ilə bərabər hüquqlarla yaşamağa şərait yaradılacaq. Əgər 30 il Ermənistan cəmiyyətinə inteqrasiya olunmuş Qarabağdan gedən ermənlərin əksəriyyəti bu təklifi qəbul etmirlərsə, təcili olaraq tədbirlər görmək lazımdır!

Qarabağ ermənilərinin könüllü şəkildə köçməsi beynəlxalq sənəddə təsbit olunmalıdır

Belə ki, beynəlxalq nümunələri əsas götürərək, mümkün sülh müqaviləsində və ya ona əlavədə müharibənin nəticəsi kimi ortaya çıxan və həllini gözləyən məsələ kimi qalib dövlətin himayəsində qalmaq istəməyən, başqa millətin hakimiyyətini qəbul etməyən əhalinin könüllü şəkildə köçməsi beynəlxalq sənəddə təsbit olunmalıdır.

Buna presedent kimi 1922-ci ildə Yunanıstanın Türkiyəyə məğlub olmasından sonra 24 iyul 1923-cü ildə imzalanan “Lozanna sülh müqaviləsi”nə əlavə edilən “Türkiyə-Yunanıstan əhali mübadiləsi” sənədini göstərmək olar. Yunan ordusunun törətdiyi qətliamların iştirakçısı və ya şahidi olmuş yunanların Türkiyə ərazisində yaşamaqdan könüllü olaraq imtina etdiyi üçün “Məcburi miqrasiya”nı nəzərdə tutan həmin sənəd əsasında Türkiyədə yaşayan 1,1 milyon xristian (ortodoks) yunan öz milli dövlətlərinin ərazisinə, Yunanıstanda yaşayan 0,5 milyon müsəlman isə Türkiyə Respublikasının ərazisinə köçürüldü.

Sənəddə I Dünya müharibəsindən əvvəl, müharibə dövründə və sonrakı illərdə iki ölkə arasındakı savaş zamanı Yunanıstandan köçməyə məcbur qalan müsəlmanların Türkiyədə sığınacaq tapması da nəzərə alınmışdı (Yunanıstandan 1912-ci ildən bəri gələn yüz minlərlə müsəlman əhalinin Türkiyədə əvvəllər yunanların yaşadığı ərazilərdə yerləşdirilməsi planlaşdırılırdı).                                   

100 il bundan əvvəl imzalanan sülh müqaviləsinə əsasən, baş tutan miqrasiyanın nəticəsi ona görə önəmlidir ki, əhali mübadiləsi bu müddət ərzində Türkiyədə yunanların hər hansı separatçılıq fəaliyyəti və ərazi iddiası ilə çıxış etmək imkanlarını aradan qaldırdı, ən əsası da Anadoluda türk-yunan etnik münaqişəsinin baş verməsinin qarşısını aldı...

Oturub illərlə ermənilərin qayıdışını gözləməli deyilik!

 Qeyd edilənləri əsas götürərək, bu ilin sonuna qədər imzalanması nəzərdə tutulan (vəziyyətdən asılı olaraq gec və ya tez baş tuta bilər) Azərbaycan–Ermənistan sülh müqaviləsində 1987–1991-ci illər ərzində etnik təmizləmə nəticəsində əksəriyyəti Azərbaycan Respublikasına köçən 250 min azərbaycanlının əvəzində Qarabağda yaşayan əksər ermənilərin Ermənistana könüllü miqrasiyası təsbit olunmalıdır. Sənəddə Ermənistan vətəndaşlığını qəbul edən və ölkəmizə reinteqrasiya olunmaq istəməyən Qarabağdan köçən ermənilərin 2024-cü ilin dekabrından sonra Azərbaycan dövlətinin icazəsi olmadan ərazilərimizə daxil olmasının qadağan edilməsi məqsədəuyğundur. Oturub illərlə ermənilərin qayıdışını  gözləməli deyilik!

Ermənistanın “məcburi köçkün” kimi təqdim etdikləri və sayını şişirtdikləri 120 minlik etnik erməninin real köç statistikası da rəsmi sənədlə təsbit olunmalıdır ki, beynəlxalq gündəmə gətirilən “etnik təmizləmə” kampaniyasına son qoyulsun. Qarabağ ermənilərinin “öz yurdlarında yaşamaq hüququ” tələbinin qarşılığında hüquqları 35 il öncə pozulan soydaşlarımızın məsələsi daha sərt və dəqiq şəkildə qoyulmalıdır.

Bu halda Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etməyən və əksəriyyəti Ermənistan Respublikasının vətəndaşı olan Qarabağdan gedən etnik ermənilər (sayı 100 mindən ikiqat aşağıdır) Ermənistan ərazisindən deportasiya olunan 250 min azərbaycanlının vaxtilə yaşadığı kənd, qəsəbə və şəhərlərə köçürülə bilər. Əvəzində Qarabağda yaşayan etnik ermənilərin indiyə qədər məskunlaşdığı və yaşayış üçün şəraiti olan məntəqələrə (kənd, qəsəbə və şəhərlərə) yerli azərbaycanlılarla yanaşı, 1987–1991-ci illərdə Ermənistan ərazisindən qovulan soydaşlarımızın könüllü şəkildə məskunlaşmasına şərait yaradıla bilər.

“Azərbaycan-Ermənistan əhali mübadiləsi” sənədi etnik münaqişə ehtimalını aradan qaldıra bilər

  Ermənilərin Qarabağı könüllü olaraq tərk etməsi beynəlxalq sənəddə təsbit edilsə  və qardaş Türkiyənin nümunəsi əsasında bu məsələ həll olunsa, gələcəkdə  münaqişə ocağının yaranmamasına zəmanət almış olarıq.

Beləliklə, 3 il öncə kapitulyasiya aktını imzalayan Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlar prosesində düşmən dövlətin qarşısında ərazi bütövlüyünün tanınması şərti kimi münaqişənin yaranmasının səbəbkarı olan Qarabağ ermənilərinə sahib çıxması tələbi qoyulmalıdır. Azərbaycan Ermənistan ərazisində yaşayan soydaşlarına 35 il bundan qabaq necə sahib çıxdısa, rəsmi İrəvan da Qarabağ ermənilərinə yiyə durmalıdır. Sülh müqaviləsində əhali mübadiləsi də yer almalı, yaxud ona əlavə kimi “Azərbaycan-Ermənistan əhali mübadiləsi” sənədi imzalanmalıdır.

Bir sözlə, Azərbaycan müqavilədə ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və demilitasiyası kimi əsas prinsiplərlə yanaşı, əhali mübadiləsinin əksini tapmasına nail olsa, etnik münaqişə ehtimalına birdəfəlik son qoya bilər.   

Qaşqay ZİYƏDDİNOĞLU