“Həyatımın ən yaxşı dərsini verdim"

Aziz Sancar 10 dekabr 2015-ci ildə Stokholmda Tomas Lindahl və Paul Modrich ilə birlikdə Nobel mükafatını aldı. Ancaq mükafatlandırma mərasimindən bir həftə əvvəl Nobel şənlikləri başlayır. Bu səbəbdən də Aziz Sancar, həyat yoldaşı və digər mərasimə dəvət olunanlar bu əlamətdar günü qeyd etmək üçün mükafatın təqdimolunma mərasimindən bir həftə əvvəl Stokholma getdi.


Çox stresli keçən bir həftənin sonunda hədsiz yorğun görünən Aziz Sancar sonralar mükafatlandırma mərasimi günü Stokholm bələdiyyə binasının gözləmə otağında mərasimin başlanmasını gözləyərkən yatdığını söyləyirdi. Bu yorğunluq həm də bir neçə aydır ki, yaşadığı stresin son nöqtəsi idi.
Çünki Nobel Komitəsinə mükafat aldığı mövzu ilə bağlı, bu mükafata layiq olduğunu sübut edəcək və onları inandıracaq bir dərs verməli idi. Aziz Sancar bu dərsi ən mükəmməl bir şəkildə vermək istəyirdi. Öz adına, ailəsi adına, ən önəmlisi isə, ölkəsi adına bu çıxış mükəmməl olmalı idi. Buna görə də oktyabrın 7-dən başlayan gərginlik Aziz Sancarın Nobel çıxışına qədər davam etdi.
Nobel komitəsinin müəyyən etdiyi ciddi qaydalara uyğun keçirilən mükafatlandırma mərasimində A.Sancar həyatının 45 ilinin bəhrəsini 30 dəqiqəyə sıxışdırmalı idi.
Nobel laureatları əlifba sırası ilə danışırdılar və A. Sancar üçüncü natiq idi. Səhnəyə çıxana qədər üç mövzu, yəni fotoliyazı (DNT təmir fermenti), nükleotid kəsmə mexanizmini, sirkadiyalı saat mövzusunu 30 dəqiqəyə necə sıxışdıra biləcəyi narahatçılığı ilə son dərəcə gərgin olan A.Sancar səhnəyə çıxanda, bütün narahatlığını və gərginliyini atdı. Vaxta nəzarət edən şəxsin fərqinə varmadan və nə qədər vaxtının qalmasından xəbəri olmadan 50 dəqiqə rahatca danışdı.
Son çıxışçı olmağın üstünlüyü ilə ona verilən vaxtı aşmışdı. Nobel mükafatı verilərkən bir neçə cümlə ilə mükafatın əsaslandırılması dəqiqləşdirilir. A.Sancarın mükafatının əsaslandırılmasında daha çox onun həyatının 20 ilini verdiyi nukleotid təmir mexanizmi qeyd edildi. Beləliklə, A.Sancar nitqinin yarısını ömrünün 40 ilini verdiyi fotoliaz tədqiqatlarına həsr etdi və "həyatının ən yaxşı dərsi"ni verdi.


Oruc MUSTAFAYEV