MİNERAL SƏRVƏTLƏRİMİZDƏN ÖLKƏMİZİN MİLLİ MARAQLARINA UYĞUN  İSTİFADƏ EDƏK

Mineral ehtiyatlar sənaye potensialının xammal bazası olmaqla hər bir dövlətin iqtisadi, sosial-siyasi və müdafiə  müstəqilliyinin təmin olunmasına xidmət edən vacib bir amildir. 

 Elmi texniki tərəqqinin inkişafı və insanların həyat səviyyəsinin yüksəlməsi cəmiyyətin mineral-xammala olan tələbatını artırmaqdadır. Qədim zamanlarda ibtidai insanlar bir neçə metaldan, XVI əsrdə 18 kimyəvi elementdən; XVII əsrdə 25, XVIII əsrdə 29, XIX əsrdə 47 və XX əsrin ortalarında 80 elementdən istifadə edirdi.

Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin artmasında  mineral ehtiyatlar daha böyük rola malikdir.

Artıq danılmaz bir həqiqətdir ki, mineral xammal kompleksi bəşər sivilizasiyasının ümumi inkişafında əsas yeri tutmuşdur. Bununla bərabər zəmanəmizdə yeraltı sərvətlərin yüksək templə istismarı bəşəriyyəti çox böyük problemlərlə üzləşdirmişdir. Bu problemlərdən ən başlıcası Qlobal  İqlim Dəyişmələridir ki, bunun da əsas səbəbkarı yerin təkindən çıxarılan yanar faydalı qazıntılardan böyük miqdarda istifadə olunmasıdır. Bu yazıda mineral ehtiyatlardan istifadə olunması ilə bağlı olan digər problemlərə toxunulacaqdır.  

 Dağ-mədən sənayesinin inkişafı nəticəsində son zamanlar bəşəriyyət hər il Yerin dərinliklərindən orta hesabla 890 milyard ton müxtəlif filizlər, yanar  faydalı qazıntılar və tikinti materialları çıxarır. Bu elə böyük rəqəmdir ki, onu planetimizdə olan irili-xırdalı bütün çayların il ərzində gətirdiyi qırıntı materiallarının kütləsi ilə müqayisə etmək olar. Təsəvvür edək ki, bunun yalnız 280 milyard tonu faydalı qazıntı, qalan 610 milyard tonu isə boş, tullantı süxurlarıdır. Bu xammalın emalı nəticəsində hər il təxminən 800 milyon ton müxtəlif metal əridilir, əkin sahələrinə 400 milyon tondan çox mineral gübrə və 4 milyon tona qədər müxtəlif pestisidlər   verilir.  

Təbii ekosistemlərə artan texnoloji təzyiq çox zaman onların sürətlə və dönməz olaraq  pozulmasına gətirib çıxarır ki, bu da tədricən qlobal xarakter alır. Üstəlik, vəziyyətin paradoksallığı ondan ibarətdir ki, təbiətin sürətlə gedən deqradasiyası bəşəriyyətin onu qorumaq üçün sürətlə artan xərcləri fonunda baş verir, eyni zamanda, müasir inkişaf səviyyəsində təbiətin qorunması üçün zəruri olan enerji mənbələri yalnız  onun təməlinin — Yer planetinin  litosferinin texnogen cəhətcə  zədələnməsi ilə əldə edilə bilər. 

Geotexnologiyaların hazırkı inkişaf səviyyəsində,  yerin təkindən çıxarılan bərk mineral xammalın vahidinə 1,1-dən 6,7-ə qədər tullantı süxur vahidi düşür ki, bu  da sonda Yer səthində yerləşdirilir. Bu isə, il ərzində ərazisi 5000 km2-dən çox yer səthinin təbii dövriyyədən çıxarılmasına adekvat olan istehsal həcmləri deməkdir!...

...Cəmisi  1-2 əsr öncə İnsan Yaşamaq uğrunda mübarizə hüququnu  əsas götürərək öz təcrübə və biliklərini ətraf təbii mühitlə mübarizəyə (Sovet vaxtı bir çox şairlərin “təbiətin kor qüvvələri ilə mübarizəyə” çağırışını yadımıza salaq!) sərf edirdi. Sonralar İnsan, artıq bununla kifayətlənməyərək rahat yaşamaq uğrunda   mübarizəyə başladı. Rahatlığın təmin edilməsi isə çoxlu enerji istehlakını və böyük həcmdə mineral ehtiyatların istifadəsini tələb edirdi. İnsan fəaliyyətinin ətraf mühitə təsiri təbii geoloji proseslərin Yer kürəsinin komponentlərinə təsiri ilə müqayisə olunacaq bir şəkilə gəldi. Böyük təbiətşünas alim, akademik Vladimir Vernadski İnsan fəaliyyətinin artıq nəhəng bir Geoloji qüvvəyə çevrildiyini yazırdı. Hal-hazırda bəşəriyyətin qarşısında həll olunması zəruri olan iki böyük problem  durur:

1) İnsanın özünün sakini olduğu Yer planetinə texnogen təsiri (nüvə sınaqları və radioaktiv çirklənmə, enerji və mineral ehtiyatların sonsuz istehlakı və s.); 

2) Yerin təkamülü zamanı baş verən vulkanik fəaliyyət, zəlzələ, sunami və     s. nəticəsində çox sayda insanın həyatını itirə bilmə təhlükəsi.
Həyat potensialımızı qorumaq üçün, birincisi, ətraf mühitə təsirimizə rasional bir yanaşma təmin etmək, ikincisi, bütün biliklərimizi və elmi zəkamızı təbiət elementlərinin təsirinin proqnozlaşdırması, qarşısının alınması və qorunmasına yönəltməyimiz vacibdir. 

Beləliklə, aydın oldu ki, dağ-mədən istehsalı ətraf mühitə güclü təsir göstərir. Bütün növ bərpa olunmayan mineral resursların dünya üzrə istehsalı davamlı olaraq artmaqdadır. Hesablamalara görə faydalı qazıntıların çıxarılmasının müasir tempi saxlanılarsa, filiz ehtiyatlarının əksəriyyətinin yaxın 50…100 ildə tükənəcəyi gözlənilir.

Yuxarıda qeyd etdiklərimiz biz insanlardan planetimizin uzun tarixi inkişaf dövründə formalaşmış mineral sərvətlərdən qənaətlə, gələcək nəsillərin maraqlarını nəzərə almaqla və ekoloji tarazlığı saxlamaq şərti ilə istifadə etməyi tələb edir. Biz yuxarıda planetimizdə mineral-xammal sərvətlərinin qlobal istifadəsi və onunla bağlı yaranmış böyük problemləri qısaca şərh etdik. 
Bəs görək  Vətənimiz Azərbaycanda vəziyyət necədir?

Əvvəla onu deyək ki, ölkəmizdə əksər mineral-xammal növlərinin zəngin və etibarlı bazası yaradılmışdır.  Dün¬ya dağ-mə¬dən sə¬na¬ye¬si¬nin ha¬zır¬kı in¬ki¬şaf ten¬den¬si¬ya¬la¬rı fo¬nun¬da Azərbaycanın ma¬lik ol¬du¬ğu zən¬gin mi¬ne¬ral-xam¬mal po¬ten¬si¬a¬lı öl¬kə¬də dağ-mə¬dən sə¬na¬ye¬si¬nin in¬ki¬şa¬fı üçün bö¬yük perspek¬tiv¬lər açır. Əmin¬lik¬lə de¬mək olar ki, Res¬pub¬li¬ka¬mız¬da iq¬ti¬sa¬diy¬ya¬tın tə¬lə¬ba¬tı¬nı ta¬ma¬mi¬lə ödə¬yə bi¬lə¬cək mi¬ne¬ral-xam¬mal ba¬za¬sı möv¬cud¬dur.                                                                             

Belə ki, ölkəmizdə istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların çox geniş spektri məlumdur.  
Azərbaycan geoloqlarının uzun illər boyu apardığı geoloji tədqiqatlar nəticəsində respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını, mineral-xammala olan tələbatının ödənilməsini, respublikadakı müəssisələrin digər ölkələrdən xammal asılılığının aradan qaldırılmasını təmin edən etibarlı baza yaradılmışdır. 

Ölkəmizin ərazisi bir sıra qara, əlvan, nəcib metallar, eləcə də nadir elementlərlə təmsil olunmuş filiz faydalı qazıntılarla zəngindir. Burada dəmir, alüminium, civə, qızıl, mis, qurğuşun, sink, kobalt, molibden, nadir metallar və s. metal yataqları mə¬lumdur.

Respublikasımızda qeyri-filiz faydalı qazıntıların (silikatlar, alümosilikatlar, xloridlər, sulfatlar və s.) da ehtiyatları böyükdür. Onlar adətən, kimya xammalı, odadavamlı və inşaat materialları, yarımqiymətli və bəzək daşları və s. sahələr üzrə qruplaşdırılır. Həmin faydalı qazın¬tıların respublika ərazisində bir sıra ya¬taq və təzahürləri bəllidir.

Tikinti materialları yataqları ölkəmizdə böyük ehtiyatlara malikdir. Azərbaycanın xalq təsərrüfatı bir sıra yerli xammal (divar daşları, çınqıl-qum, qum, gillər, gips, se¬ment xam¬malı, üz¬¬lük ma¬terialları, per¬lit və s.) ya¬taq¬ları ilə, de¬mək olar ki, tam tə¬min olun¬¬muşdur. Balansda olan inşaat materialları yataq¬la¬rı¬nın ümumi sayı yüz¬lərlədir.

Respubli¬ka ərazisində mövcud olan faydalı qazıntıların mü¬hüm növü olan şirin, mineral, termal və sənaye suları geniş yayılmışdır. Hidrogeoloji tədqiqatlar nəticəsində çay dərə¬lərində, dağətəyi şleyflərdə və çayların gətirmə konuslarında, artezian hövzələrində, dağlıq bölgələrdə, məhdud strukturlarda və ya massivlərdə, karst boşluqlarında, tektonik pozulma zonalarında yeraltı su yataqları aşkar edilmişdir.
Hazırda ölkəmizdə  bir sıra filiz yataqlarından qızıl və mis metalları istehsal olunur.   Yaxın illərdə bir sıra iri miqyaslı qara və əlvan metal filizləri yataqlarının istismara verilməsi nəzərdə tutulur. Azərbaycanda geniş vüsət almış dinc quruculuq işlərinin hamısı yerli mineral-xammalın hesabına görülür. 

Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələtinin öz havadarlarının köməkliyi ilə işğal etdikləri qədim torpaqlarımız Qarabağ və Şərqi Zəngəzur əraziləri artıq müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunmuşdur. Cənnət guşəsi adlandırılan gözəl Qarabağımızda  hazırda sürətlə dinc quruculuq işləri aparılır. Bu ərazilərin  füsunkar təbiəti, əsrarəngiz fauna və florası olduğu kimi  həm də zəngin yeraltı sərvətləri vardır. Azərbaycan vətəndaşları olaraq bizim vəzifəmiz bu sərvətlərdən israfçılığa yol vermədən, regionun, eləcə də Azərbaycanımızın inkişafı naminə və gələcək nəsillərin maraqlarını nəzərə almaqla istifadə etməkdir.

Qarabağ ərazisində Yer qabığının geoloji quruluşunun və geodinamik təkamülünün son dərəcə mürəkkəbliyi burada bir çox faydalı qazıntıların əmələ gəlməsinə səbəb olmuşdur. Onları şərti olaraq filiz (metal), qeyri-filiz (qeyri-metal) və yanar faydalı qazıntılara bölürlər.

Filiz faydalı qazıntılar əsasən əlvan və nəcib metallarla təmsil olunmuşdur.   Bunlardan xrom (Göydərə, İpək və s.), qurğuşun-sink   (Mehmana), qızıl (Qızılbulaq, Zod, Söyüdlü, Tutğun,),  civə  (Ağyataq, Şorbulaq, Levçay, Çilgəzçay və s.) filizləri  mühüm ehtiyata malik yataqlar əmələ gətirir.
Qeyri-filiz faydalı qazıntılar da Qarabağ ərazisində geniş yayılmışlar. Onlar, adətən, kimya xammalı, odadavamlı və inşaat materialları, yarımqiymətli və bəzək daşları və s. sahələr üzrə qruplaşdırılır və əsasən gil, gəc, tikinti, üzlük və bəzək daşı, soda və sement xammal və s. təmsil edilirlər.   

Yanar faydalı qazıntılardan Tərtər rayonunun  Çardağlı kəndi ərazisində yerləşən daş kömür yatağı qeyd olunur.      
Şirin və mineral yeraltı sular əsasən tektonik pozulma və aşınma zonaları ilə əlaqəlidir. Az dərinlikli sirkulyasiya zonasından yeraltı su bulaqları yarğan və dərələrin yamacı və dabanında səthə çıxaraq, adətən enən xassəli olub debitləri   5-10 l/s-dir. Əhəng daşılarının karstlaşmış sahələrində yerləşən bulaqların debiti böyük olub 60-100 l/s-yə kimidir. Dağlıq zonada allüvial çöküntülərdəki yeraltı sular daha çox təsərrüfat əhəmiyyəti kəsb edir, çayların subasarını əmələ gətirir və məcralarını təşkil edirlər. Çayların gətirmə konusları əsasında formalaşan yeraltı şirin su yataqları dağətəyi düzənliklərdə təmərküzləşmişdir. Gətirmə konuslarının şaquli kəsilişinin yuxarı hissəsində gilli-gilcəli çöküntülərin miqdarı çox cüzi olub, mərkəzə və axın istiqamətində artaraq gətirmə konusunun kənarlarında 70-90% təşkil edir. Gətirmə konuslarının mərkəz hissələrində əmələ gələn gilcəli-gilli laylar vahid yeraltı axını qrunt və 3-4 təzyiqli sulu horizonta ayırır. Qarabağ ərazisi yeraltı mineral sularla da zəngindir (İstisu, Minkənd və b.). Bunların çıxışını əsasən təbii bulaqlar təşkil edir.

Azərbaycanın faydalı qazıntılarının balansında əhəmiyyətli yer tutan strateji mineral-xammal ehtiyatlı bir sıra yataqlar ölkəmizdə yalnız Qarabağda və Şərqi Zəngəzurdadır. Bunlara daş kömür, civə, vermikulit, obsidian, nefritoid, jad, dekoretiv felzit, perlit, pemza və s. yataqlar aiddir.   
İşğaldan azad olunmuş Azərbaycan Respublikası ərazilərində ehtiyatları Faydalı Qazıntı Ehtiyatlarının balansında təsdiq olunmuş 167 sayda müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən;- 4 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 7 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 10 gil, 21 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 11 qum-çınqıl, 4 tikinti qumu,  1 perlit, 9 pemza-vulkan külü, 16 yeraltı şirin su və 10 mineral su yatağı qeydə alınmışdır. 
Ötən 27 il ərzində erməni işğalçıları bu faydalı qazıntıları vəhşicəsinə talan etmişdir. Onların bu əməllərində adlarını çəkmək istəmədiyimiz bir sıra xarici ölkələrdən cəlb edilmiş 30-dək şirkətlərin müxtəlif dövrlərdə iştirakı isə bütün beynəlxalq hüquq norma və konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur əraziləri nəinki Azərbaycanın, Qafqazın,  eləcə də planetimizin ən füsunkar ərazilərindəndir. Görünür buna görədir ki, Azərbaycan ərazisində Paleolit dövrünə (qədim daş dövrü) aid ilk insan məskənləri Qarabağda yerləşən Azıx mağarasında müəyyən edilmişdir. Azıx mağarası Füzuli rayonunda, Quruçayın sahilində yerləşir. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri insanların hələ  500 min il əvvəl bu mağarada yaşadığını göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350-400 min il əvvələ aiddir. Çoxsaylı əmək alətlərinin olması sakinlərin ovçuluq və yığıcılıqla məşğul olduğunu sübut edir. 

Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun ərazisi qədim insan məskənlərindən biri olmuşdur. Burada insanın təşəkkül tapması və formalaşmasının Dördüncü dövrə aid olduğu güman edilir. Həmin dövrdə insanlar ilk əmək alətləri kimi daşdan istifadə etmişlər. Məsələn, Kəlbəcərdə 30 min ildən çox yaşı olan qədim yaşayış məskəni Zar mağarasında aparılmış arxeoloji tədqiqatlar bunu sübut edir. Kəlbəcər rayonunda 6 min il yaşı olan qaya təsvirləri də aşkar edilmişdir. 

Qarabağ və Şərqi Zəngəzurda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır və həm də bura Azərbaycanın iri meşə regionudur.
 Yuxarıda  Qarabağ və Şərqi Zəngəzurun çeşidli və zəngin mineral xammal növləri və mövcud durumu barədə ümumi məlumat verildi. 
Bəlli olduğu kimi, bu ərazilərin ekoloji durumu çox həssasdır.Burada faydalı qazıntı yataqları işlədilərkən yerin təkindən istifadə və mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qanun və digər normativ-hüquqi sənədlərinin müddəalarına ciddi əməl olunmalıdır. Bütün yer təki  istifadəçiləri və icarəçiləri mineral ehtiyatlardan səmərəli və qənaətlə istifadə olunmasına və müəyyən edilmiş normalara və standartlara, istehsalat təhlükəsizliyinin  təmin edilməsinə, ətraf mühitin və  təbii landşaftın mühafizəsinə  əməl etməlidirlər.

Mineral ehtiyatların yer təkindən çıxarılması və emalı zamanı aşağıdakı  şərtlərə ciddi əməl olmalıdır:
- bütün faydalı komponentlərin yataqlardan  tam şəkildə və  kompleks çıxarılması;
- yataqların istismarı başa çatdıqdan sonra pozulmuş torpaqların rekultivasiyası (bərpası) ;
- istehsal zamanı xammalın qənaətli və tullantısız istifadəsi;
- istehsal tullantılarının ayrıca saxlanılması və texnoloji istifadəsi;
- məhsulların işlədilməsi başa çatdıqdan sonra qalan məmulatların təkrar istifadəsi;
  - qapalı istehsal dövrlərinin inkişafı və geniş tətbiqi;
  - enerjiyə qənaət edən texnologiyaların tətbiqi.

Qarabağdakı bir çox filiz yataqlarında faydalı qazıntıların əksər hallarda çoxkomponentli mineral-xammal olduqları üçün onların istismarı, əvvəllər olduğu kimi tək iqtisadi səmərəlilik baxımından məhdudlaşa bilməz, ölkəmizin müstəqilliyi şəraitində, ətraf mühit və ekologiya sahəsində beynəlxalq normalara və standartlara tam əməl edilməsilə, ən müasir və mütərəqqi texnoloji sxemlərin və ekoloji təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə əməl edilməsi şərti ilə təmin oluna bilər. 

Faydalı qazıntı yataqlarının istismara verilməsi məqsədilə dünya təcrübəsində istifadə olunan mütərəqqi emal texnologiyasının tətbiqi, mineral-xammalın kompleks istifadəsinin təmini, yataqların istismarı və istifadəyə verilməsi müqabilində əldə edilən iqtisadi səmərə ilə ərazinin ekoloji tutumluğu və təbiəti mühafizə tədbirləri nəzərə alımalıdır. 

Unutmaq olmaz ki, Qarabağ və Şərqi Zəngəzur unikal təbiət abidələri yerləşən landşaftı – füsunkar dağları, gözoxşayan düzənləri, gözəl təpələri, sıldırım qayaları ilə də məşhurdur. Buranın əsrarəngiz təbiəti ərazini unikal ekoturizm məkanına çevirməyə də imkan verir. Faydalı qazıntı yataqlarının istifadə müddəti isə adətən 30-40 il olur. Yataqlar istismara verilən zaman bu amili də mütləq nəzərdə saxlamaq lazımdır.

Bəlli olduğu kimi hazırda bir sıra xarici və yerli şirkətlər, iş adamları Qarabağın yeraltı sərvətlərindən istifadə etmək niyyətindədirlər.
Hesab edirik ki, Qarabağda və Şərqi Zəngəzurda yerləşən faydalı qazıntı yataqlarının ehtiyatlarından istifadə olunmasına çox ciddi yanaşılmalıdır. Faydalı qazıntıların istifadəsi ilə bağlı bütün sənədlər ciddi ekspertizadan keçirilməlidir. Hər bir yataq üçün rekultivasiya layihəsi yüksək ixtisaslı ekoloqlar, geoloqlar və mədənçilər tərəfindən birgə hazırlanmalı, yatağın istismar müddətində ətraf mühitə dəyəcək ziyan qabaqcadan iqtisadi cəhətcə qiymətləndirilməli və onun aradan qaldırılması üçün lazım olan maliyyə vəsaiti istismar işlərinə başlanan zamandan yığılaraq saxlanılmalı və istismar başa çatdıqdan sonra ərazinin bərpasına sərf olunmalıdır. İri həcmli rekultivasiya layihələri  bir çox ölkələrdə olduğu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmalıdır.  

Yerin təkindən istifadə ilə bağlı olan normativ-hüquqi sənədlərin təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu nəzərə alaraq Bakı Dövlət Universitetinin Geologiya fakültəsində dövlətimiz üçün zəruri olan bu vacib işin daim aparılmasına nəzarəti gücləndirmə məqsədilə hüquqi məsələləri yaxşı bilən geoloq mütəxəssislərin  yetişdirilməsi zənnimizcə faydalı  olardı. Bu işdə mədənçiliklə məşğul olan Türkiyə və digər ölkələrin təcrübəsindən də istifadə etmək olardı.

Yeraltı sərvətlərdən istifadə sahəsinə aid qanunvericilik aktlarının dövrün tələbləri səviyyəsində işlənib hazırlanması və təkmilləşdirilməsi zamanın tələbidir. 

Qarabağın mineral ehtiyatları əlbəttə ki, istifadə olunmalıdır, lakin bu proses elə bir formada aparılmalıdır ki, ərazinin təbii landşaftına, bioloji müxtılifliyinə, təbii biotasına ziyan dəyməsin.  

Şəhidlərimizin qanı bahasına xain düşməndən azad edilmiş Qarabağ torpaqları xalqımızın qeyrət yeridir və hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir. Bu gözəl məkanın təbii sərvətlərindən istifadə olunması ilə ləyaqətli,  vicdanlı və vətənpərvər insanlar məşğul olmalıdırlar. Ölkəmiz, Vətənimiz üçün olduqca faydalı olan bu işə şəxsi varlanma məqsədi güdən möhtəkirləri yaxın buraxmaq olmaz. Əgər belələri bəlli olarsa onlar çox ciddi cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun.                                         
  
 Ağamahmud Səmədov
 Geoloq