Cüdoçularımız Meksikada 2 qızıl və 1 bürünc əldə etdi

Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirinin ikinci günündə milli komandamız aktivinə daha 3 medal yazdırıb. 

Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) və -81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq Dünya Cüdo Turu Seriyasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Husniddin Karimovu, Qələndərzadə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (-73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.

Qeyd edək ki, daha əvvəl Qvadalaxara Qran-Prisində Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) qızıl, Əhməd Yusifov (-60 kq) bürünc mükafata sahib çıxıblar. 

Hesabında 4 qızıl və 2 bürünc medal olan Azərbaycan ümumi komanda sıralamasında liderliyini qoruyub.