Pompeonun gizli danışıqları: ABŞ Avropada niyə fəallaşır?

Amerikanın dövlət katibi Mayk Pompeonun Brüsselə səfərinə ekspertlər böyük maraq göstərdilər. Səfər sentyabrın 2-3-də baş tutub. Maraqlıdır ki, təxminən eyni vaxtda Amerika Şərqi Avropada, Rusiya isə Cənubi Qafqazda daha böyük fəallıq nümayiş etdiriblər. Hər bir halda M.Pompeonun danışıqları gizli aparması və mətbuata informasiyaların verilməməsi səfərə xüsusi məzmun verib. Ekspertlər Amerika ilə Avropa İttifaqının hansı məsələlər üzrə və hansı məzmunda müzakirələr apardığına ciddi maraq göstəriblər. Bu kontekstdə amerikalı rəsminin Brüssel səfərinin geosiyasi tərəfləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Cavabsız suallar: Vaşinqtonun Brüsseldən istədikləri

Son bir neçə ildə ekspertlər ABŞ-Aİ münasibətlərindən daha çox neqativ aspektdə bəhs edirlər. Səbəb isə Donald Trampın "ilk öncə Amerika" tezisi fonunda Avropa ilə münasibətlərə yeni çalarlar gətirmək istəyi ilə bağlıdır. O cümlədən Avratlantika məkanının siyasi-iqtisadi paçalanma ehtimalının çox olmasından danışılır. Bunlar faktsız deyilən fikirlər deyil. D.Tramp təhlükəsizlik, ticarət, hərbi, iqtisadi və hətta iqlim məsələlərində Brüsselin maraqlarını gözləmir. O, daim Amerikaya qarşı haqsızlıq olduğunu deyir.

Bu sırada avropalı rəsmilər Vaşinqtonun ikiqat vergi siyasətini, İranla imzalanmış sazişdən çıxmanı, Çinə qarşı ticarət müharibəsində Avropa şirkətlərinin maraqlarının nəzərə alınmamasını yaxşı qarşılamırlar. Üstəlik, D.Tramp NATO çərçivəsində Avropa ölkələrini maliyyə cəhətdən ciddi sıxışdırmaqdadır. O, təşkilata ödəmələrin artırılmasını tələb kimi qarşıya qoyub. Həmin kontekstdə digər məsələ Almaniya və Fransanın vahid Avropa ordusu yaratmaq təşəbbüsü ilə çıxış etməsi ilə bağlıdır. Bu aspektdə də ənənəvi müttəfiqlər arasında ciddi fikir ayrılığı qalmaqdadır.

D.Tramp xüsusilə Fransa Prezidenti Emmanuel Makronla fərqli mövqedədir. İqlim və təhlükəsizlik məsələlərində D.Tramp E.Makronu qətiyyən qəbul etmək istəmir. Əlbəttə, burada “Breksit” prosesinin işə düşməsində ABŞ Prezidentinin aktiv rolunu da Brüssel nəzərə alır. D.Tramp açıqca Londonda “Breksit” tərəfdarı olan siyasi kəsimi dəstəkləyir və ona böyük vədlər verir. Bunlara iqtisadi əlaqələr və nəhəng sazişlərin imzalanması daxildir.

Bütün bu deyilənlər onu göstərir ki, Amerika müstəqil, geosiyasi mühitdə əsas oyunçulardan biri olan Aİ-ni arzulamır. Bunun konkret siyasi əlaməti D.Trampın xarici siyasətinin ana tezislərindən birində açıq ifadə olunub. Amerika Aİ kimi təşkilatların deyil, müstəqil dövlətlərin güclü olmasına üstünlük verir. Məsələn, ABŞ-a güclü Aİ deyil, güclü Almaniya və ya güclü Böyük Britaniya sərf edir. Səbəbi aydındır, çünki Avropada elə bir dövlət yoxdur ki, Amerika ilə bəhsə girə bilsin. ABŞ bütün əsas parametrlər üzrə onların hamısından qat-qat güclüdür. Ancaq Aİ inkişaf etsə, onun Amerikaya rəqib olmaq şansı az deyil. Bu isə Vaşinqtonu qane etmir, baxmayaraq ki, söhbət çox yaxın müttəfiqlərdən gedir.

ABŞ-Aİ münasibətlərinin məzmunu baxımından məsələnin başqa tərəfi Vaşinqtonla Brüsselin Çin, İran və Rusiya ilə bağlı tutduqları mövqe ilə bağlıdır. ABŞ İranla nüvə sazişindən çıxıb, ancaq Avropa bu məsələdə onu dəstəkləmir. Hətta Avropa şirkətləri İranla əməkdaşlığa davam etmək arzularını tez-tez dilə gətirirlər. Rəsmi olaraq Almaniya və Fransa İran məsələsində ehtiyatlı və konstruktiv mövqe tutmağa üstünlük verirlər.

Çinlə bağlı da vəziyyət Amerikanın xeyrinə deyil. Avropanın böyük dövlətləri Pekinlə əməkdaşlığı davam etdirirlər. Hətta Çinin təsis etdiyi böyük bir banka Böyük Britaniya, Almaniya və Fransa da qoşulub. Avropalıların Çinlə ticari əlaqələri yaxşı səviyyədədir. Rusiyaya münasibətdə tərəflər arasında çox məsələlərdə uyğunluq varsa da, bəzi incəliklər üzrə fikir ayrılığı qalır. Bütövlükdə götürdükdə, ABŞ-la Aİ-nin münasibətlərində problemlər az deyil.

Və təbii ki, bütün bunların fonunda ABŞ-ın dövlət katibinin Brüsselə səfəri ekspertlərin marağına səbəb olmalı idi. Üstəlik, M.Pompeonun keçirdiyi görüşlərdə aparılan müzakirələr barədə çox az məlumatın verilməsi marağı gücləndirib. Ümumi səviyyədə müzakirə olunan mövzular haqqında informasiyalar yayılıb. O cümlədən amerikalı rəsminin kimlərlə görüşdüyü qeyd olunur. M.Pompeo Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Lyayen, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndə Jozep Borrel, Aİ Şurasının yeni seçilmiş prezidenti Şarl Mişel, Avropa Parlamentinin fəaliyyətdə olan sədri David Sassoli ilə görüşüb. Ekspertlər diqqət yetirirlər ki, M.Pompeo Aİ-nin hazırkı rəhbərlərinin heç də hamısı ilə görüşməyib. Yeni vəzifəyə gələnlərin səlahiyyətləri noyabrın 1-dən başlayır.

Gözlənilən nəticə: qeyri-müəyyənlik qalır

Buradan nəticə çıxarılır ki, Vaşinqtonu Avropa İttifaqı ilə münasibətlərin gələcəyi maraqlandırır. Özü də Amerika rəhbərliyi ümid edir ki, təşkilatın yeni rəhbərliyi əvvəlkindən fərqli mövqe tutacaq. Hər halda Vaşinqton buna ümidlidir. Onu Avropa istiqamətində aktivləşdirən səbəblər isə kifayət qədərdir. Yuxarıda vurğulanan məqamlarla bərabər bütövlükdə Qərbin xarici siyasətində özünü göstərən müəyyən ayrılmalara son qoyulmalıdır. Bunu yalnız Avratlantika məkanının gələcəyi üçün deyil, həm də hazırkı güclü geosiyasi rəqiblərə Qərbi siyasi, geosiyasi, təhlükəsizlik, iqtisadi, ticari və digər sahələr üzrə parçalamaq şansı verməməklə əlaqələndirirlər.

Konkret olaraq, Rusiya və Çin Amerika ilə Avropa arasında müxtəlif qlobal məsələlərə yanaşmada fikir ayrılığı yaratmağa cəhd göstərirlər. Bu kontekstdə Moskva və Pekinin apardığı kibermüharibə xüsusi təhlükə törədir. İndi Tramp ümid edir ki, Aİ-nin yeni rəhbərliyi bu kimi təhlükələri dərindən dərk edib Vaşinqtonla birgə hərəkət edəcək. Müzakirə edilən mövzulara baxdıqda isə, bu məqamı daha aydın təsəvvür etmək olur.

M.Pompeonun Aİ Şurasının yeni prezidenti ilə real təhlükələrdən birgə müdafiənin təşkili, zərərli xarici aktivliyə qarşı mübarizədə yeni strategiya və antiterror məsələlərini müzakirə etdiyi haqqında məlumatlar yayılır. Bunların hər birinin arxasında geniş fəaliyyət tələb edən məsələlər dayanır. Müdafiə məsələsində Aİ-nin özünün müstəqil ordusunu yaradıb-yaratmaması aktualdır. Vaşinqton buna qarşıdır, Parislə Berlin isə avropalıların öz ordusunun yaradılmasında israr edirlər. “Xarici təhlükələr” ifadəsi altında isə başlıca olaraq Rusiya və Çinin informasiya savaşı nəzərdə tutulur. Hərçənd, buraya beynəlxalq terror təşkilatlarının fəaliyyəti də daxildir.

Burada Çinin Avropada iqtisadi-maliyyə fəaliyyətini genişləndirməsi də nəzərdə tutulur. Amerika bir neçə dəfə avropalıları xəbərdar edib ki, Pekinin sərmayələri ilə ehtiyatlı olsunlar. Lakin, deyəsən, Çinin müdaxiləsinə qarşı duruş gətirmək mümkün olmur. Son olaraq, Ukraynada Çin şirkətinin fəaliyyəti ilə əlaqədar Vaşinqton Kiyevdə müzakirələr aparıb.

Terrorla mübarizə məsələsinin də xeyli incəlikləri vardır. Burada, təbii ki, Yaxın Şərq və ayrıca İran məsələsi Amerika üçün aktuallıq kəsb edir. Xüsusilə İranın bir sıra güc strukturlarının terror təşkilatı kimi tanınması vəziyyəti xeyli mürəkkəbləşdirib. Amerika avropalılardan da oxşar addımın atılmasını və hər yerdə İrana qarşı mübarizə aparmasını tələb edir.

Bununla yanaşı, Vaşinqtonun Əfqanıstanda “əl-Qaidə” ilə danışıqları yekunlaşdırmaq üzrə olduğu haqqında məlumatlar var. Gözlənilir ki, Vaşinqton Əfqanıstandan hərbi qüvvələrinin bir hissəsini çıxarsın. Boşalan yerləri kimlərin dolduracağı və Avropanın oradakı rolu məsələsi də Amerika üçün maraqlıdır.

Yayılan informasiyalara görə, bütün bunlar Aİ-nin yeni rəhbərliyi ilə ciddi şəkildə müzakirə edilib. Hətta yeni rəhbərliyin D.Trampla görüşünün keçirilməsi də razılaşdırılıb. Ekspertlər bu məqamı Vaşinqtonun Aİ-yə münasibətini daha da ciddiləşdirməsi kimi qiymətləndirirlər. ABŞ nə olur-olsun, Avropanı əldən vermək istəmir. M.Pompeonun səfəri haqqında geniş məlumatın verilməməsi də vəziyyətin ciddiliyindən xəbər verir. Konkret olaraq, hansı nəticələrin alındığı haqqında informasiya yoxdur. Lakin görüşlərdən sonra verilən qısa bəyanatlar göstərir ki, tərəflər ortaq mövqe tapacaqlarına inanırlar. Onlar “çox gözəl görüşlər oldu” kimi fikirlər ifadə edirlər. Tərəflər razılığa gəliblər ki, “qlobal problemlərin geniş dairəsi ilə bağlı birgə fəaliyyət göstərsinlər”.

Beləliklə, ABŞ dövlət katibinin Avropa turnesinin çox vacib məsələlərlə bağlı olduğu haqqında nəticə çıxara bilərik. Bütövlükdə Qərb qlobal geosiyasi proseslərdə təşəbbüsü əldən verməməyə çalışır. İndiki halda bunun nə dərəcədə mümkün olub-olmayacağını isə zaman göstərəcək.

Newtimes.az