ABŞ bu ilin sonuna qədər normal həyat ritminə qayıda bilməyəcək
Ağ evin səhiyyə məsələləri üzrə müşaviri, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri doktor Entoni Fauçi bildirib ki, bu ilin sonuna qədər ABŞ-da normal həyat ritminə qayıtmaq mümkün olacağını gözləmir, çünki bəzi ştatlarda COVID-19-a yoluxmuş xəstələrin sayı artmaqdadır.
Doktor Fauçinin sözlərinə görə, COVID-19-un yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş bəzi məhdudiyyətlər, o cümlədən beynəlxalq səfərlərə qadağalar vaksin yaradılana qədər qüvvədə qala bilər. O deyib: "Mən ümid edirəm ki, biz bir il ərzində müəyyən dərəcədə normal həyat ritminə qayıdacağıq. Lakin bunun qışda və ya payızda olacağını düşünmürəm”.
Cons Hopkins Universiteti tərəfindən təqdim edilmiş məlumatda bildirilir ki, ABŞ COVID-19-a yoluxma və bu səbəbdən ölüm hallarının sayına görə dünyada liderlik edir: iyunun 14-ü üçün olan məlumata görə, xəstələnənlərin ümumi sayı – 2 milyon 83 min 82 nəfər, ölənlərin ümumi sayı isə 115 min 578 nəfərdir.
Doktor Fauçi bildirib ki, son həftələrdə bəzi ştatlarda COVID-19-a yoluxma və bu səbəbdən ölüm hallarının sayı kəskin artdığına görə, ehtimal ki, həyatın tam normal ritmə qayıtmasına qədər virusun yeni dalğası olacaq. Ştatlar virusa qarşı mübarizə tədbirləri görməlidirlər.
Kaliforniya koronavirusa yeni yoluxma hallarının sayına görə bütün ştatlar arasında liderlik edir. Ştatın hakimiyyət orqanlarının bazar günü verdiyi məlumata görə, son 24 saat ərzində bu ştatda 3 min 212 yeni yoluxma və 74 ölüm hadisəsi, toplam olaraq ştatda 148 min 855 yoluxma və 5 min 63 ölüm hadisəsi qeydə alınıb. (AZƏRTAC)