İsrail BMT-nin baş katibini "persona non qrata" elan edib
İsrail BMT-nin baş katibini Antoniu Quterreşi "persona non qrata" elan edib.
Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün mən BMT-nin baş katibi Antoniu Quterreşi İsraildə persona non-qrata elan etdim və ölkəyə girişini qadağan etdim. İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmaq haqqına layiq deyil", - deyə İ.Katz bildirib.
Onun sözlərinə görə, İsrail öz vətəndaşlarını və milli ləyaqətini qorumağa davam edəcək.
Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistik raket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlik rəsmi məmulat yoxdur.//Trend