Ermənistanın Azərbaycana təcavüzü: Füzuli və Cəbrayıl rayonlarının işğal olunmasından 27 il keçir

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən - 1991-ci ilin sonunadək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonu - 1992-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi, əhalisi təcavüzə və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşdü. XX əsrin sonunda - 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilmişdir.

İyirmi yeddi il əvvəl – 1993-cü il avqust ayının 23-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 1386 km² sahəsi, 95,9 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 81 kəndi olan Azərbaycanın Füzuli rayonu işğal edildi.

Ermənistan silahlı qüvvələri elə həmin gün 1050 km² sahəsi, 52,6 min nəfər əhalisi, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Azərbaycanın Cəbrayıl rayonunu bütünlüklə işğal etdilər. 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş və hazırda Azərbaycanın nəzarətindədir. Füzuli şəhəri və 81 kəndin 61-i isə Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Hazırda Füzuli rayonunun 132 minlik əhalisinin 70 mindən çoxu rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşır. Cəbrayıl rayonunun 80 mindən çox bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxrəlif bölgələrində məskunlaşmışlar.

Füzuli rayonunda işğaldan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana fəaliyyət göstərmişdir. Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. qalmışdır. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.

Rayonda qədim Azıx mağarası (azıxantrop), Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri ə s. kimi bir çox tarixi-mədəni dəyərlər mövcud idi. Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı eysəlli kəndində hamar daşdan tikilən Mirəli türbəsi (X əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XIII-XIX əsrlər) ə s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin əhşi andalizminə məruz qalmış, məhv edilmiş və yandırılmışdır.

Cəbrayıl rayonunda isə işğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub, 5 məscid, 78 kitabxana, 149 mədəniyyət ocağı, 8 xəstəxana fəaliyyət göstərmişdir. İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr və s.) mövcud olmuşudur. Rayon ərazisində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıdılmış və talan edilmişdir.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilarların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması nəticəsində münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüquq normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Ancaq Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan Azərbaycan Ordusunun dörd il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bununla yanaşı, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi nəticəsində 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Azərbaycan dövləti tərəfindən kəndin yenidən qurulması və məcburi köçkünlərin təhlükəsiz şəkildə kəndə geri qayıtması təmin olundu.

Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın dövlətinin öz milli maraqları uğrunda, ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq üçün sona qədər mübarizə aparacağını bildirib.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır.

Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.

Fotosessiya