Alimlər Antarktidadakı gölün qəfil yoxa çıxmasının səbəbini izah ediblər
Şərqi Antarktidada yerləşən Eymer şelf buzlağının peykdən çəkilmiş şəkillərini analiz edən alimlər aşkar ediblər ki, 2019-cu ilin qışında onun səthindəki göl yoxa çıxıb. Həmin gölə yay vaxtı qar suyu yığılırdı. Tədqiqatçıların fikrincə, su kütləsi buz qatını deşərək okeana axıb. Araşdırmanın nəticələri “Geophysical Research Letters” nəşrində dərc edilib.
RİA Novosti saytı xəbər verir ki, NASA-nın ICESat-2 peykinin 2020-ci ildə çəkdiyi şəkillərdə gölü görməyən bir qrup alim (San-Diyeqo Kaliforniya Universiteti yanında Skripps Okeanoqrafiya İnstitutundan və Tasmaniya Universitetindən olan tədqiqatçılar) baş verənlərin mənzərəsini bərpa etməyi qərara alıblar.
ICESat-2 peykinin təchiz olunduğu lazer cihaz, hətta qütb gecəsi şəraitində səthdə ən xırda detalları görür. Təsvir lazerin göndərdiyi əks olunan foton impulsları əsasında qurulur. Radiolokasiya şəkillərinin analizi göstərib ki, 2019-cu ilin iyununda həcmi 600-750 milyon kubmetr su olan göl bir həftədən də az müddət ərzində yoxa çıxıb. Onun yerində kraterə bənzəyən, sahəsi təqribən 11 kvadratkilometr olan, səthi parçalanmış buzlarla örtülü çökəklik qalıb. Alimlərin “buz vadisi” adlandırdığı bu yerə 2020-ci ilin yay mövsümündə yenidən qar suyu toplanaraq göl yaranıb. Lakin bu, əvvəlkindən xeyli dərəcədə kiçik olub.
Tasmaniya Universitetinin press-relizində göstərilir ki, tədqiqatçıların fikrincə, dərin göldə toplanmış su şelf buzlağında çat açaraq oradan okeana axıb.
Hidroyarılma prosesi Antarktik yarımadasında kiçik şelf buzlaqlarının dağılmasına tez-tez səbəb olur. Lakin belə miqyasda - qalınlığı təqribən 1400 metr olan Eymer buzlağındakı hidroyarılma ilə alimlər ilk dəfə qarşılaşır.
ICESat-2 peykinin gölün qurumazdan əvvəl və sonra çəkdiyi təsvirlərin analizi dağılmanın şaquli miqyasını göstərib: gölün yerindəki buz səthi 80 metr aşağı düşüb, onu əhatə edən üzən buzlaq isə su yükünü ataraq 36 metr yuxarı qalxıb.
Son on ildə Antarktidada havanın temperaturunun yüksəlməsi ilə bəzi şelf buzlaqlarında güclü ərimə baş verir və proqnoz modelləri göstərir ki, bu tendensiya qalacaq. Alimlərin fikrincə, bu, qar sulu göllərin sayının və hidroyarılma prosesində buzlaqların geniş miqyasda dağılması riskinin artmasına gətirib çıxaracaq.
Tədqiqatçıların fikrincə, şelf buzlaqlarının səthindəki qar suları onların dağılmasına səbəb olursa, sonda bu, dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq. Şelf buzlaqlarını zəiflədən prosesləri başa düşmək lazımdır. Gölün quruması ilə bağlı yalnız iqlim istiləşməsi əsasında nəticə çıxarmaq tezdir. 2020-ci ildə qar əriyəndə ora yenidən su toplanıb, lakin sonra səviyyəsi aşağı düşüb. Ola bilər ki, gölün altında dövri olaraq çatlar açılır.