UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinə yekun vurulub

UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinə yekun vurulub.

İkinci oyun günündə 6 görüş keçirilib.

"Ferentsvaroş" Macarıstanda Qazaxıstanın "Tobol" komandasını 5:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. İlk oyunda hesab açılmayıb - 0:0.

Slovakiyanın "Slovan" (Bratislava) klubu Gürcüstanda "Dinamo" (Batumi) komandasına əlavə vaxtda qalib gəlib - 2:1. Slovakiyada keçirilən ilk oyunda 0:0 hesabı qeydə alınıb.

Norveçin "Budye Qlimt" komandası Farer adaları təmsilçisi "Klaksvik"ə səfərdə 1:3 hesabı ilə uduzub. İlk oyunu 3:0 hesabı ilə öz xeyrinə başa vuran Norveç təmsilçisi növbəti mərhələyə yüksəlib.

İlk oyunda qolsuz heç-heçə qeydə alınan, cavab matçında isə "Şaxtyor"u (Soliqorsk, Belarus) 2:0 hesabı ilə məğlub edən Sloveniyanın "Moribor" klubu mərhələ adlayıb.

Şimali İrlandiyanın "Linfild" və Uelsin TNS komandaları arasında növbəti mərhələyə vəsiqənin taleyi əlavə vaxtda müəyyənləşib. İlk oyunda Uels klubu, cavab matçında isə "Linfild" minimal hesablı qələbə qazanıb - 1:0. Əlavə vaxtda daha bir qol vuran "Linfild" növbəti mərhələyə yüksəlib.

Ermənistan çempionu "Pünik" də mərhələ adlayıb. Klub Rumıniya təmsilçisi ÇFR-i mübarizədən kənarlaşdırıb.