QARABAĞ REGİONUNDA TARİXİ-MƏDƏNİ ABİDƏLƏRİN VƏ TƏSVİRİ SƏNƏT İNCİLƏRİNİN TURİZM BAXIMDAN QİYMƏTLƏNDİRİLMƏSİ

Məmməd Sarvan (Sadıqov)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent,

Şahvələd Əlİyev
AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
“Turizm və rekreasiya coğrafiyası” şöbəsinin
aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

Qarabağ regionu nəinki Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olması sübuta yetirilən bir ərazidir. Məhz Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə şöhrət qazanmışdır. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin rəngarəng təbiəti ilə yanaşı, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.
Qarabağlıların zəngin yaradıcılıq seçimində ən mühüm yerlərdən biri onun həyat və məişəti, gündəlik güzaranı ilə bağlı olan xalq sənəti tutur. Təbiidir ki, qarabağlıların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə, milli-mənəvi dəyərləri bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verməsi qeyd etdiklərimizi bir daha təsdiqləmiş olur. Bu gün dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox nümunələri ilə rastlaşmaq olar. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Bu baxımdan, qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi­nin şahidi oluruq.
Qarabağ ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış qab-qacaq, silah və qadın bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından xəbər verən qiymətli mənbədir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış olma iqtidarına malik oluruq. Beləliklə, xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Qarabağda qadınlar üçün baş örtüyü və milli üst geyimlərinin toxunması və tikilməsi prosesinə orta əsrlərdən başlanılmışdır.
Arxeloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini daha dərindən öyrənməyə imkan vermişdir. Təsadüfü deyil ki, qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu bölgə dünyanın bir sıra alimləri tərəfindən maraqla qəbul edildiyi kimi, eyni zamanda bu ulu diyarın tarixinə saxta yollarla sahib çıxmaq istəyən avantüristlərin də diqqətindən yayınmamışdır. Qarabağda aşkar edilmiş hər bir arxeoloji qazıntı materialları, başqa sözlə, maddi-mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyaları – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımından qarabağlıların həyatında özünə yer tapan qədim mədəniyyətin xarakterik cəhətlərinin səviyyəsi və inkişaf xüsusiyyətlərinin təcəssümü kimi dəyərləndirmək olar. Misdən, gümüşdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğundan xəbər verir.
Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbində toxunulmuş kilim və xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Belə kilim və xalçalardan Kəlbəcərin Hacıkənd kəndində istehsal olunan məhsulları qeyd etmək olar. Zəngin mədəni irsə malik olan Qarabağ regionu musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik tarixi vardır. Qarabağ musiqi sənətində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan milli musiqisinin təməl daşını və bünövrəsini Qarabağ muğamları təşkil edir. Qarabağlıların ədəbiyyat nümayəndələrinin yaratdıqları ədəbi və bədii əsərlər Azərbaycan mədəniyyəti xəzinəsində özünəməxsus yer tutur. Qarabağda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy mərasimləri, həmçinin, insanların dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Qarabağ Xalq Teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik və orta ölçülü tamaşalar təşkil etmişdir.
Qarabağ professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Bunun sayəsində XIX əsrdən başlayaraq əvvəl Şuşada, sonra Ağdamda professional teatr yaranmış və çox səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanın zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Bunların əsasında Qarabağ köhlən atlarının nallanması əsas yer tutmuşdur. Dulusçuluq isə Qarabağda ən qədim sənətkarlıq istehsalının sahələrindən olub, bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana gəlməsinin tarixini neolit dövrünə aid edirlər. Qarabağ mətbəxi özünün Qarabağ kətəsi, Bərdə nanı kimi spesifik xörəkləri ilə fərqlənməklə Azərbaycan kulinariyasının əsas hissəsini təşkil etmişdir.
Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Qarabağda yaşamış (Azıx mağarasında) qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini toplayıb saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı Pəriçınqıl, Dəlidağ (hər ikisi Kəlbəcər ərazisində) qayaüstü təsvirləri və s. aid etmək olar. Bundan əlavə, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, Hacıkənd ünvanlı milli xalça və kilim, zərgərlik əşyaları və s. qeyd etmək olar.
Həmçinin, öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini Vəng kəndi, Xudavəng (qədim Alban məbədi II-VI-XIII əsrlər), məscidləri, məqbərələri, sarayları, Alban kilsələri, məbədləri və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus genefon­dunu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da genişləndirilmişdir. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edirdi. Öz zənginliyinə və unikanllığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur. Erməni vandalları - daşnaklar regionun ərazisində olan əksər turizm-rekrea­siya və tarixi-mədəni obyektləri yerlə-yeksan etmişlər. Lakin 30 ildən sonra bu dağıdılmış və viran qoyulmuş tarixi-etnoqrafik incilərin bərpa olunmasına və yenidən qurulmasına dövlətimiz tərəfindən start verildi.
Hazırda Şuşada, Ağdamda, Füzulidə və digər məntəqələrdə böyük abadlıq və yenidənqurma işləri aparılır. Bu işlər nəticəsində istər xarici və istərsə də daxili qonaq və turistlərin regiona səfər etmələri sürətlənəcəkdir.