Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan

  • Əlimusa İbrahimov
  • Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru


Məlum olduğu kimi Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə ciddi münasibətlərə 2015-ci ildə başlayıb. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib.
Keçən dövr ərzində Azərbaycan bu təşkilatla münasibətləri daha da inkişaf etdirərək yeni müstəviyə keçirmək arzusunda olmayıb və ya bu istiqamətdə yeni addımlar atmayıb. Səbəb də əsasən ondan ibarətdir ki, yarandığı vaxtdan-2001-ci ildən son sammitə qədər ŞƏT özünü iqtisadi təşkilat kimi təqdim edib və respublikamız ŞƏT-ə daxil olan ölkələrlə malik olduğu iqtisadi əlaqələri ora daxil olmadan da lazım olan səviyyədə apara bilib. Azərbaycan ŞƏT ölkələri ilə hələlik xüsusi iqtisadi münasibətlərə malik olmaq fikrində deyildi. Amma bu o demək deyil ki, bizim bu ölkələrlə iqtisadi münasibətlərimiz yetərincə deyil. Sadəcə biz hər sahədə olduğu kimi iqtisadiyyatımızı da diversifikasiya etmək istiqamətində siyasət yürüdürük. Bu siyasət də bizdən ŞƏT-lə hələlik daha sıx iqtisadi münasibətlər qurmağı tələb etmir. Amma yaxın gələcəkdə, təbii ki, bizim iqtisadi potensialımız artdıqca bu zərurət yarana bilər və o zaman dövlətimiz münasibətləri inkişaf etdirməklə bağlı addımlar atcaq.
Digər tərədən ŞƏT-nın Səmərqənd sammiti bu təşkilatın iqtisadi təşkilatdan daha da inkişaf edərək həm də siyasi və hərbi təşkilata çevrilməsi haqqında siqnallar verdi. Əgər bu tendensiya davam etdirilərsə onda yaxın illərdə yeni bir hərbi-siyasi blokun yaranmaqda olmasının şahidi olacağıq. Belə olan halda düşünürəm ki, buraya üzv qəbul olunmaq dövlətimiz tərəfindən məqbul hesa oluna bilməz. Çünki biz həm də Qoşulmama Hərəkatının aparıcı üzvüyük.
Digər tərəfdən Türkiyənin də ŞƏT-lə münasibətlərini diqqətlə nəzərdən keçirmək lazımdır və Türkiyənin bu təşkilatla münasibətlərinin inkişaf etdirilməsi bizim də qərar qəbul etməmizi sürətləndirə bilər.