Paşinyanın KTMT-nin sənədlərinin imzalamamasının əsil səbəbi aydınlaşır: Bu Azərbaycanla bağlı deyil.

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

KTMT-nin Ermənistanda keçirirlən dövlət başçıları sammitində baş verən hadisələri sensasiya kimi qiymətləndirmək istəyənlər var və bu qüvvələr Paşinyanın demarşlarının gözlənilməz olduğunu müdafiə edirlər. Sanki Ermənistanın Baş Nazirinin KTMT-yə münasibəti əvvəlcədən məlum deyildi və ya Paşinyan KTMT-nin qəbul etdiyi qərarları birmənalı qəbul edəcəkdi.
KTMT-Ermənistan münasibətlərini izləyən hər bir şəxsə məlum idi ki, İrəvan sammiti Paşinyan üçün özünü göstərməyə son şans idi. Çünki o, bir il müddətində bu yarımhərbi təşkilatı Azərbaycana qarşı çevirməyə var qüvvəsi ilə çalışsa da heç bir nəticə əldə edə bilmədi və özü də bildirdiyi kimi, KTMT-Ermənistan münasibətlərindəki Ermənistan dövru onun ölkəsi üçün son dərəcə uğursuz alındı. Baxmayaraq ki, bir il bundan öncə Paşinyan çox ümidlə danışırdı və KTMT tərəfindən Ermənistanın dəstəklənməsinə nail olacağını düşünürdü. İl sona yetdi və Ermənistanın KTMT-yə rəhbərliyi başa çatdı. Amma KTMT-Ermənistan münasibətləri nəinki qaydaya salındı, hətta çox ciddi narazılıqlar ortaya çıxdı və KTMT-yə daxil olan dövlətlərin Ermənistana münasibəti daha da pisləşdi.
Ermənistanda və ondan kənarda sammit zamanı Paşinyanın iki sənədi imzalamamsını az qala böyük qəhrəmanlıq kimi qiymətləndirir, Ermənistanın Rusiyayaya nəhayət həddini göstərdiyini müdafiə edirlər. Amma bu iki sənədin qəbul edilməməsi elə Ermənistanın özü üçün böyük zərbə olduğunu az-az politoloq düşünür.
Ermənistan tərəfindən imzalanmayan iki sənəddən biri son bəyanatdır ki, Ermənistan oraya Azərbaycanın adının salınması üçün sammitdən əvvəl və sammit zamanı dəridən qabıqdan çıxdı. Hətta Putini aeropartda qarşılayıb bir yerdə iqamətgaha gətirdi ki, bəlkə onu bir qədər yumşalda. Amma Azərbaycanın adının qətnaməyə salınmasının mümkünsüzlüyü Baş Nazirə artıq başa salınmışdı və etdiyi cəhdlərin əbəs olduğu bir daha nəzərinə çatdırıldı. Bu sənədin işlənilib yenidən imzaya təqdim ediləcəyi də gözlənilən deyil. Çünki Azərbaycanla münasibətləri Ermənistanın KTMT-də üzvlüyündən üstün tutan dövlətlərin Azərbaycanmeylli siyasətlərini davam etdirəcəklərinə heç bir şübhə yoxdur.
Amma son günlər Rusiya və Ermənistan hakimiyyət dairələrində ortalığa çıxan bəzi məlumatlara görə Paşinyanın qəzəblənməsinin əsil səbəbi heç də Azərbaycanın adının qətnaməyə salınmaması deyil. Çünki KTMT-nin üzvlərinin Azərbaycana qarşı çıxmayacağı elə əvvəldə İrəvanda da Moskvada da məlum idi və KTMT-nin üzvləri Aərbaycan – Ermənistan münasibətlərinə Ermənistanın təqdim etdiyi mövqedən deyil öz prizmalarından baxırlar və son hadisələri kiçik sərhəd hadisəsi kimi qiymətləndirirlər. Onlar Ermənistanın delimitasiya və demarkasiya tədbirlərini həyata keçirmək istəməməsini də münaqişənin əsas səbəbi kimi dəyərləndirirlər.
İndi Paşinyanın bu cür davranışının səbəbinin imzalanmayan ikinci sənədlə bağlı olduğunu iddia edirlər. Bu sənəd “Ermənistana yardım paketi layihəsi“ kimi təqdim olunur. Sənədin adından göründüyü kimi Azərbaycanla heç bir əlaqəsi yoxdur və onun imzalanmamasının səbəbini Azərbaycanla Ermənistan arasında gedən proseslərlə əlaqələndirmək ən azında siyasi cəhətdən savadsızlıqdır. Elə isə Paşinyan bu sənədi imzalamaqdan nə üçün imtina etdi və imtinanın səbəbini KTMT-nin üzvlərinin Azərbaycanla münasibəti ilə əlaqələndirdi?
Sammitdən sonra ortaya çıxan məlumatlara görə görüşə hazırlıq dövründə və elə sammit zamanı Baş Nazir Rusiya və KTMT-nin digər üzvlərindən Ermənistan iqtisadiyatın dirçəldilməsi, ordusunun müasir silahlarla təchiz edilməsi, kənd təsərrüfatına investisiya qoyulması, Qazaxıstan, Belarus və digər ölkələrin vəsaiti ilə Ermənistanda birgə şirkətlərin yaradılması məsələsini qaldırmışdı və ilkin razılıq da əldə etmişdi. Lakin sonra Rusiya-Ukrayna müharibəsinin Rusiyanı ağır vəziyyətə saldığı əsas götürülərək Paşinyanın bu tələblərinin yerinə yetirilməsindən imtina olunur və bu barədə ona məlumat verilir. Bu yardımların Rusiyanın qələbəsi üçün lazım olduğuna görə Kremlə ediləcəyi bildirilir. Ermənistana veriləcək yardımın isə müəyyən hümanitar kömək və hərbi geyimdən ibarət olacağı qərara alınır.
Hadisələrin bu istiqamətdə inkişafı Paşinyana həqiqətən həyatının şokunu yaşadır və onu növbəti dəfə pis vəziyyətə salır. Baş Nazir təbii ki, özünün ifadə etdiyi kimi Ermənistana verilən bu “dilənçi payını” qəbul etməyəcəyini bildirir. Ona görə də o son qətnaməni də imzalamaqdan boyun qaçırır və sənədlərin imzalanmaması səbəbini Azərbaycan-Ermənistan münasibətlərinə KTMT tərəfindən siyasi qiymət verilməməsi əlaqələndirir. Əlbəttə ki, dilənçi payını qəbul etməmək onu daha da alçalda bilərdi.
KTMT-nin rəhbərliyi tərəfindən imzalanmamış sənədlərin yenidən işlənildikdən sonra imzalanmağa təqdim olunacağı barədə bəyanat verilməsi məhz bu vəziyyətlə əlaqədardır. Hazırda üzv dövlətlər müzakirələr apararaq Ermənistana ediləcək yardım paketini artırmaq haqqında düşünür və maliyyə mənbəyi axtarışındadırlar.
Rusiya rəhbərliyi ilə bağlı siyasi qüvvələrin Ermənistanın KTMT-dən çıxacağı barədə bəyanatların əsassız olduğunu bildirmələri də məhz bununla bağlıdır. Çünki onlar Paşinyanın demarşının əsil səbəbini bilirlər. Bu səbəb heç də Azərbaycanla bağlı deyil.
Ermənistan növbəti dəfə yaranmış geosiyasi vəziyyətdən istifadə edərək iqtisadiyyatı və hərbi vəziyyətini yenə də özgələri hesabına düzəltmək istəyir. Alnacaqmı?