NƏHƏNG DALĞA (SUNAMİ)

Zəki Vəliyev
AMEA Geologiya və Geofizika İnstitutunun “Petrologiya və metallogeniya” seksiyasının aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent

Nazim Əliyev
AMEA Geologiya və Geofizika İnstitutunun “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin elmi əməkdaşı, magistr

 

Haqlı olaraq nəhəng dəniz dalğalarını ən təhlükəli okean hadisələrinə aid etmək olar. Okeanlarda sürətlə yerini dəyişən sunamilərin əmələ gəlməsinə müxtəlif təbiət hadisələri səbəb olur. Müşahidələrə əsasən, sunami hadisələrinin 95%-nin meydana gəlməsi güclü sualtı və sahilyanı zəlzələlər nəticəsində okean dibinin davamiyyətli hissələrinin yerdəyişməsi ilə bağlıdır. Sunaminin əmələ gəlməsinin digər səbəbləri - vulkanların püskürməsi və sualtı sürüşmələrdir. Çox zaman sunamilər onları əmələ gətirmiş zəlzələlərdən və vulkan püskürmələrindən daha dəhşətli olurlar.
Əgər zəlzələ okeanın qurudan uzaq hissəsində baş verirsə, sunami əksər hallarda ziyan vermədən sakitləşir. Lakin güclü zəlzələ (8 maqnetudalı zəlzələ orta hesabla ildə bir dəfə baş verir) sahildən birbaşa yaxınlıqda müşahidə olunursa, onun fəsadları faciəli ola bilər.
Sualtı zəlzələlər və vulkan püskürmələri zamanı böyük uzunluqlu güclü qravitasiya dalğaları yaranaraq, okeanın su qatlarında yayılırlar. Çox vaxt üç-doqquz dalğadan ibarət seriyalar əmələ gəlir. Onların qılıcları arasındakı məsafə 100-300 km-ə bərabər olur. Sunaminin meydana gəldiyi ocağın üzərində dalğanın hündürlüyü çox da böyük deyil: 10 sm-dən 5 m-ə qədər diapazonda dəyişir. Onu nə gəmidən, nə də təyyarədən praktik olaraq görmək mümkün deyildir. Hətta sunami üzərində vindserfinqlərdə sürüşən idmançılar onu hiss etmirlər.
Sunami dalğaları açıq okeanda müxtəlif sürətlə hərəkət edirlər. Bir qayda olaraq, dərinlik nə qədər çoxsa, dalğalar daha sürətli olurlar. Dərinliyi 4 km təşkil edən Sakit okeanda onun sürəti 650-800 km/saat, dərinsulu novlarda isə 1000 km/saat-a çatır. Dayaz yerlərdə dalğaların sürəti azalır və onun nəhəng enerjisi hündürlüyünün artmasına yönəlir. Burada dalğa daim yüksəlir. Nəticədə hündürlüyü bir neçə on m olan “divar” əmələ gələ bilər.

Əgər zəlzələlər və vulkan püskürmələri okean və dənizlərin seysmik aktiv zonalarında baş verirlərsə, sunamilərin yaratdığı zərbələr stabil rayonlarda olan sahillərə çırpılırlar. Buna baxmayaraq, dünyada məlum olan sunamilərin əksəriyyəti seysmik təklükəli zonalarda – Sakit və Atlantik okeanlarında litosfer plitələrinin qovuşma sahələrində, həmçinin Aralıq dənizində yerləşirlər. Bunun təsdiqini “okeanlar və atmosfer üzrə (NOAA) Milli müdiriyyətin (ABŞ) ümumiləşdirilmiş məlumatlarında tapırıq.
Sunaminin hündürlüyü bir neçə amillərlə: sahilin meyli və sahil xəttinin konfiqurasiyası ilə təyin edilir. Geniş yastı sahillərdə onun hündürlüyü 5-6 m-dən yüksək deyildir. Lakin sahilin nisbətən kiçik sahələrində dar dalğa körfəzlərində onun hündürlüyü 15 mərtəbəli evə bərabər ola bilər. Hesab olunur ki, hündürlüyün yüksəlməsinə dar V-yə bənzər körfəzlər səbəb olur. Güclü zərbə dalğasından başqa sunaminin heyrətləndirici effekti nəhəng sahələri su altına qərq etməsidir. Suların nəhəng kütləsi öz yolunda hər şeyi ağuşuna alır. Dalğa yaşayış məntəqəsini bir an içərisində xarabalığa çevirə, yolları, körpüləri dağıda, avtomobilləri apara bilər. Lövbərindən qopmuş gəmilər çox vaxt sahildən bir neçə km aralı quruda müşahidə olunurlar. Sunami keçdikdən sonra sahil dəhşətli mənzərəyə malik olur.
Güclü sunamilər vulkan püskürmələri zamanı da baş verə bilir. Belə ki, 1883-cü ildə Krakatau vulkanının güclü püskürməsi zamanı Zond boğazının Sumatra və Yava adaları arasındakı eyniadlı kiçik adasında hündürlüyü 30-40 m olan nəhəng dalğa əmələ gəlmişdir. Məlumdur ki, püskürmə nəticəsində yaranmış toz və kül axınları yer kürəsini bir neçə dəfə fırlanıb, iki-üç il ərzində bu sahədəki atmosferdə günəş şüalarının keçiricilik dərəcəsini azaltmışlar. Krakatau vulkanının püskürməsi nəticəsində əmələ gələn kaldera 300 m dərinliyə okean ənginliyinə çökmüşdür. Suyun kəskin fərqi yüksək dalğanın yaranmasına səbəb olmuş və o, qonşu adalara hücum etmişdir. Bu zaman açıq okeanda dalğalar olmamış və dənizə çıxmış balıqçılar baş vermiş hadisədən xəbərsiz idilər. Lakin sahilə qayıtdıqdan sonra onlar gördülər ki, onların kəndləri əhalisi ilə birlikdə su ilə yuyulub okeana qərq olmuşlar. 36 min insan məhv olmuşdu. Krakatau sunamisinin dalğaları bütün dünyanın havaylarında qeyd edilmişdi, bu fəlakətin əks-sədası Fransanın Atlantik sahillərinə kimi çatmışdı.
Hazırda sunami zərbəsindən qədim epoxalara nəzərən, daha çox insan zərər görə bilər. Əhalinin sıxlığı, şəhərlərin və sahilyanı ərazilərdə infrastruktur obyektlərin konsentrasiyası adamları bir qədər də “silahsız” edir.
Təəssüflər olsun ki, bizim zəmanəmizdə insan sunami zərbəsinin qarşısını almaq iqtidarında deyildir, onun gücü yalnız yerli əhali və turistləri təhlükədən xəbərdar etməyə çatır. Bir çox ölkələrdə sunamilərin yaşayış sahillərinə nə vaxt və harada hücum edəcəyini bildirən mürəkkəb xəbərverici sistemləri yaradılmışdır. Belə sistemlər zəlzələlərin əlamətlərini və onların epimərkəzlərinin koordinatlarını və maqnetudasını qeyd edən qurğulardan ibarətdir.
Xüsusən, Sakit okeanın sahilləri sunamilərlə “məşhurdur”. Bu okeanda tektonik proseslər çox intensiv baş verdiyindən burada okean qabığı əmələ gəlir. Okeanla materik qurusu arasında Sakit okeanı haşiyələndirən Yerin ən nəhəng seysmik – “Sakit okean odlu həlqəsi” adlanan qurşaq yerləşir. Məhz buna görə də sunamilər Malay arxipelaqı, Yapon və Havay adalarında, Çili və Peru sahillərində tez-tez müşahidə olunurlar.
Yer qabığında seysmik dalğaların və sunamilərin okean akvatoriyalarında yayılma sürətləri bir neçə dəfə fərqləndiyindən, əhalini əvvəlcədən xəbərdar etməyə imkan verir. Sunami vaxtı sağ qalmağın sadə qaydaları mövcuddur. Əgər zəlzələ baş vermiş və siz okean sahilində qalmışsınızsa, ilk dalğanın gəlməsi üçün 15-20 dəqiqəniz vardır. Bu adətən ən güclü dalğa deyil, lakin daha güclü və təhlükəlisini gözləmək olmaz. Bu zaman çalışdıqca tez sahili tərk etmək lazımdır (təhlükəsiz məsafə sahil xəttindən 2-3 km aralı yer hesab edilir), həmçinin bu halda xilas yolu kimi çay dərələri və qollarından istifadə etmək olmaz. Daha bir çıxış yolu, əgər onun yüksəkliyi 30-40 m-dirsə, ən yaxın təpəciyə qalxmaqdır.
Cənubi-Şərqi Asiyadakı 2004-cü il dekabr sunamisi nəhəng dalğalar haqqında iki əsas mifi sona çatdırdı. Birinci əfsanə onunla əlaqədardır ki, sunaminin ilk dalğası ən böyükdür. Lakin İndoneziyada, Şri-Lanka və başqa rayonlarda ən yüksək til üçüncü və ya dördüncü olmuşdur. İkinci mif ondan ibarətdir ki, sunami baş verməzdən əvvəl su sahildən çəkilir. Lakin belə fenomen 50% hallarda müşahidə olunur və sunaminin sahilə tili və yaxud çökəyi ilə yaxınlaşmasından asılıdır. İndiyə qədər bu fəlakətin vurduğu ziyan tam qiymətləndirilməmişdir. BMT ekspertlərinin məlumatlarına görə, region ölkələrində 300 mindən artıq insan həlak olmuşdur. Maddi itki onlarla milyarddan çox olmuşdur.
Dəniz və bəzi quru canlıları mükəmməl qorunma sistemlərinə malikdir. Belə ki, Şri-Lankanın sahilində məskunlaşmış heyvanlar 2004-cü il 26 dekabr sunamisində möcüzəli şəkildə sağ qalmışlar, halbuki, “Canlı təbiət idarəsi”nin məlumatlarına əsasən, adada yaşayan 24 min insan həlak olmuş, lakin heyvanların cəsədlərinə rast gəlinməmişdir. Hesab edilir ki, heyvanlar təbiət kataklizmlərinə qarşı yüksək hissiyyata – sunaminin baş verəcəyini həssas eşitmə və duyğu hesabına irəlicədən bilirlər. Delfinlərin sahilyanı sularda davranışlarının dəyişməsindən sunaminin yaxınlaşmasını gözləmək olar. Yerli balıqçılar delfinlərin qeyri-adi davranışlarını Sumatra adasında zəlzələdən iki gün qabaq müşahidə etmişlər. Kiçik xərçənglər və dəniz kirpiləri oyuqlarda gizlənir və ya qumun altına girirlər.
XXI əsrin başlanğıcı sunaminin yaratdığı ən nəhəng ekoloji və humanitar fəlakətlərlə “əlamətdar” olmuşdur. 2004-cü il dekabrın 26-da episentri Sumatra adasında İndoneziyanın Molabo şəhərinin yaxınlığında son bir neçə yüzillikdə insan tələfatına görə ən güclü zəlzələ nəticəsində əmələ gəlmiş sunami ən dağıdıcı fəlakət olmuşdur. Dəhşətli dalğalar Cənubi-Şərqi Asiyanın sıx əhaliyə malik səkkiz ölkəsi – İndoneziya, Kiçik Asiya, Şri-Lanka, Tailand, Myanma, Hindistan, Banqladeş və Maldiv adalarını ağuşuna almışdır.
Sunami həmçinin zəlzələnin episentrindən 6000 km uzaqlıqda olan Şərqi Afrikanın sahillərinə çatmışdır. Dalğalar Seyşel adaları, Mavritaniya, Somali, Keniya və Tanzaniyaya zərbə endirmişlər. Hətta orada dalğanın hündürlüyü 3-4 m-ə çatmışdır. O, günəşli dekabr səhərində Hind okeanı dibinin 25 km-də, təkanlarının sayı 40-dan artıq olan güclü zəlzələ baş vermişdir. Zəlzələ ocağının uzunluğu 1000 km-dən artıq, eni isə bir neçə yüz km olmuşdur. Ən güclü yeraltı zəlzələnin maqnitudası Rixter şkalasına görə 9 bal təşkil etmişdir. Zəlzələ okean dibi relyefini kəskin dəyişmiş, okean plitələrindən birinin 20 m qalxması, seysmoloqlara əsasən, sunamiyə səbəb olmuşdur. Okean səthində Hind okeanının bütün tərəflərinə yayılmış dalğalar meydana gəlmişdir. Açıq okeanda dalğanın hündürlüyü cəmi 1 m, dalğa tilinin uzunluğu 1200 km, tillər arasındakı məsafə 200 km-ə bərabər olmuşdur. Sahilə bir anda çırpılmış su kütləsinin miqdarını asanlıqla qiymətləndirmək olar.
Sunamidən ən çox Sumatra adasının şimalı-qərb sahilləri (İndoneziyanın Açex əyaləti, Hindistanın Nikobar və Andaman adaları) ziyan görmüşlər. Sunami nəticəsində, zəlzələyə qədər 300 min əhalisi olan və bu dəhşətli hadisədən sonra isə 150 min qalan, Açex əyalətinin paytaxtı Banda-Açex şəhəri, demək olar ki, tamamilə dağılmışdır. Sunami Sumatranın şimali-qərb sahillərinə mütləq şəkildə sakit hərəkət etmiş, sunaminin birinci dalğası zəlzələdən 15-20 dəqiqə sonra yetişmişdir. Az sayda sağ qalanların ifadələrinə görə, ən yüksək dalğa üçüncü olmuşdur. Sunami nəhəng sürətlə hərəkət edərək, sahildən 2-3 km aralıda qarşısına çıxan hər şeyi – ağacları, körpüləri və beton qurğuları darmadağın edirdi. Maneələrə və ya sıldırım yamaclara dalğaların hücumu zamanı meydana gələn şıppıltıların hündürlüyü 34, 6 m-ə çatırdı. Sumatranın şimali-qərbində ayrı-ayrı yerlərdə sahilyanı düzənliyin 10 km-ə qədər sahəsi su altına qərq olmuşdu. Su axınları dərinliyi 5-10 m-ə bərabər olan xəndəklər yaradırdı.
Maldiv adalarında baş vermiş fəlakət zamanı 53 adaya, 120 atol tamamilə məhv edilmişdir. Şri-Lankada 12 limandan 10-u, nəhəng infrastruktur obyektləri – gəmi tərsanələri, sexlər və soyuducu qurğuları dağıdılmışdır. Ada dövləti 80% balıqçılıq qayıqlarından məhrum olmuşdur. Tailandın kurortları güclü ziyana məruz qalmışlar.