ABŞ taxıl sazişi üzrə problemlərin həlli üçün mümkün olan hər şeyi edib - ABŞ dövlət katibi

ABŞ taxıl sazişi üzrə problemlərin həlli üçün mümkün olan hər şeyi edib.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın "RFI" radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Qara dəniz taxıl sazişində iştirakının bərpası birbaşa olaraq Vaşinqton tərəfindən Moskva üçün hər hansı mümkün güzəştdən asılı deyil.

"Bu, güzəşt məsələsi deyil", - deyən ABŞ dövlət katibi Rusiyanın taxıl tədarükündə ciddi problemlərin olduğuna dair bəyanatları ilə razılaşmayıb.

"Rusiyanın ixracı rekord göstəricilərə çatıb", - o bildirib.

"Konkret, o cümlədən, banklarla, nəqliyyatla əlaqəli problemlərə gəlincə, biz bu məsələlərin həlli üçün mümkün olan hər şeyi etmişik. Misal üçün, mən öz banklarımıza məktub yazaraq izah etdim ki, Rusiyanın taxıl ixracını tam dəstəkləyirik və sanksiyalardan qorxmağa heç gərək yoxdur, bu sanksiyalar Rusiya taxılına, daşınmaya, sığortaya və s. şamil olunmur", - Blinken qeyd edib.

"Hazırda BMT Rusiyaya onu narahat edən məsələlərin həlli ilə bağlı təklifini təqdim edib, Rusiya hələlik cavab verməyib", - E.Blinken deyib.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.//Trend