Ana dili

Ağamahmud Səmədov, "Yer və İnsan" jurnalının redaktoru  

Bəlli olduğu kimi Azərbaycan türkcəsi XIX əsrin birinci yarısında bütün Qafqazda xalqlar arasında ünsiyyət dili idi. Böyük rus şairi Mixail Lermontov dostu Svyatoslav Rayevskiyə yazırdı : 
“Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada tatarca (Azərbaycan türkcəsincə) bilmək də bir o qədər əhəmiyyətlidir”. 
Digər bir rus yazıçı, dekabrist Aleksandr Bestujev-Marlinski isə yaşırdı: 
“Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, tatar dilini (Azərbaycan türkcəsini) bilməklə bütün Qafqazı gəzmək olar”. 
Həmin vaxtlar Tiflisə şərq dillərini öyrənmək üçün gələn Alman tədqiqatçısı Fridrix Bodenştedt Azərbaycan şairi Mirzə Şəfi Vazehdən Azərbaycan türkcəsini öyrənmişdi. 
 Məhz  Azərbaycan türkcəsi XIX əsrdə Mirzə Şəfi Vazehi, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi və başqa dahiləri yetişdirdi.   
Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların dili və etnik mənsubiyyəti qorunur və bunu davam etdirmək bizim borcumuzdur.   
Bununla yanaşı dövlət dili olan Azərbaycan türkcəsinə də hörmətlə yanaşmaq, onu gözəl bilmək hər bir vətəndaşımızın müqəddəs vəzifəsidir.     
        Dillə bağlı  Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1906-cı ildə yazdığı  “Bizim obrazovannılar” felyetonu yadıma düşdü:   
 
Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm: 
- Haradan gəlirsən? 
O mənə belə cavab verir: 
- Ya xodil na poçtu. (Mən poçta getmişdim) 
Deyirəm: 
- Dünən niyə bizə gəlmədin? 
Cavab verir: 
- K nam prişli qosti.(Bizə qonaq gəlmişdi) 
Deyirəm: 
- Yaxşı, qonaqlar gedəndən sonra gələydin! 
Cavab verir: 
- Net, uje bılo pozdno. (Yox, çox gec idi) 
Deyirəm: 
- Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək? 
Cavab verir: 
- Postarayus, no slovo ne dayu. (Çalışaram. Amma söz vermirəm) 
Deyirəm: 
- Xudahafiz! 
Cavab verir: 
- Do svidaniya! (Görüşərik) 
Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!.. 
Axırı bir gün dostumdan soruşdum: 
- Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən? 
Yoldaşım mənə rus dilində belə cavab verdi: 
- Sluşay, kak-to stıdno koqda obrazovannıy çelovek po tatarski qovorit!.. (yəni obrazovannının tatarca (Azərbaycan türkcəsi ilə) danışmağı eyibdir!). 
- Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!.. 
Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib: 
- Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!). 
Anası cavab verib: 
- Bala, nə dedin? 
Rəfiqim cavab verib: 
- Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir. 
- Bala, nə bişirim? 
- Çort yeqo znayet!.. Yadımdan çıxıb... Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana... Bir cür adı var... 
- Bala, küftə deyirsən? 
- Hə...hə... qofta, qofta! 
 
“Molla Nəsrəddin”, 14 aprel, 1906, N 2.