RAMANA QALASI ŞİRVAN-ABŞERON MEMARLIQ MƏKTƏBİNİN İNCİSİ KİMİ 

Ağamahmud Səmədov, “Yer və insan” jurnalının redaktoru.                 

Rəşid Fətəliyev, Həsən Əliyev adına Coğrafiyaİnstitutunun 
aparıcı elmi işçisi, yer elmləri  üzrə fəlsəfə doktoru.

 

Dostum və geoloq həmkarım Rəşid Fətəliyevlə Bakı, Abşeron qalalarını - qədim  əcdadlarımızın  yaratdığları bu əsrarəngiz sənət incilərini yaxından  ziyarət etməyi çoxdan düşünürdük. Ötən il avqust ayının 26-da Abşeronun möhtəşəm istehkamlarından  biri olan Ramana qala – qəsrini ziyarət etmişdik. Bu qədim qəsrə baxış bizdə heç zaman unudulmayacaq güclü təəssürat yaratmışdı. Həmin hisslərin təsirindən yaranan aşağıdakı qeydləri diqqətinizə təqdim edirik. 
                     
                                                                                                                
Abşeron yarımadasında ən qədim və maraqlı yaşayış  məskənlərindən biri   Ramana qəsəbəsidir. Azərbaycan tarixçisi Sara Aşurbəyli  (1906–2001) "Bakı şəhərinin tarixi" adlı kitabında yazdığına görə Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legionu e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi. 75-ci ildə İmperator Tit Flavi Domisian (51–96) Parfiya dövlətilə müharibənin gedişində XII legionu Qafqaz Albaniyası üzərinə yürüşə göndərmişdi. XX əsrin 30-cu illərində Abşeronun Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda yerləşən Böyükdaş dağının ətəyində XII legionun burada qoyduğu izlərdən biri – qaya parçası üzərinə latın hərfləri ilə həkk olunmuş yazı tapılmışdır. 
 
 
Ötən əsrin əvvəllərində hər tərəfində neft məhsullarının tullantıları yayılan qədim Ramananın müasir görüntüsü 

Ramana qəsəbəsi neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olmuşdur. Ramananın hal-hazırkı dövrümüzə qədər gəlib çatmış ən qədim tikilisinə XIV əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalasıdır. 
Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakı neftinə  ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır. Hazırda kənddə nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Məsələn, Nobelin evlərinə kənd əhalisi arasında «nobelski» deyilir. 
Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evi” adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.  
Ramana qalası Abşeronda yerləşən qalalar içərisində ən maraqlı memarlıq nümunələrindən biri olduğuna görə elə onun yaranması və strateji əhəmiyyəti barədə söhbət açacağıq.  
Bəlli olduğu kimi Şimaldan Qafqaz ekspedisiyaları və ya Xəzər ekspedisiyaları adı altında  864–1041-ci illər arasında Xəzər dənizi sahillərinə çoxsaylı hərbi basqınlar olurdu. Bu hərbi basqınlarda Azərbaycanın tarixi torpaqları Şirvanın Bakı, Şamaxı, Arranın Bərdə şəhərlərinə çox ciddi zərər  vurulmuşdu. Təbii ki, bu hücumlar Xəzər sahilində-Abşeronda şimaldan edilən hərbi basqınların qarşısını almaq məqsədi ilə müdafiə qurğularının – istehkamlarının qurulmasını zəruri edirdi. 
Xəzər dənizi ölkələrinə şimaldan sonuncu böyük hücum 1174-cü ildə Şirvanşah I Axsitan ibn Məniçöhrün dövründə baş vermişdi.  
Azərbaycan tarixinin XI-XIII əsrlərində Şirvanşahların möhkəmlənməsi ilə mərkəz Şamaxı şəhəri və ətraflarında, o cümlədən Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılırdı. O dövrün müdafiə qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tuturdu ki, onlar da həm ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusilə kəskin olaraq bu məsələ XII əsrdə şimaldan olan hücumlar zamanı ortaya çıxdı.   
Çox guman ki, işğalçıların Azərbaycandan qovulması işində Abşeron istehkamlarının böyük rolu olmuşdur. Aydın havada bürc və qüllələrdən açıq dənizdə olan gəmiləri uzaq məsafədən müşahidə etmək mümkün idi. Qüllədən görünən gəmilər haqqında dərhal   qərargaha xəbər verilirdi və düşmən, əsas üstünlüyü olan gözlənilməzlik amilindən məhrum olurdu. Bütün Abşeron yarımadası boyu yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Qərbi Avropanın qəsrlərindən fərqli olaraq Abşeron qalalarının yardımçı və xidmətçi tikililəri olan daxili, geniş həyəti yox idi. Belə tikililər qalaların xaricində yerləşirdi. Qalalar feodalın və onun vassallarının müvəqqəti sığınacağına və passiv müdafiə işinə xidmət edirdi. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XVII-XVIII-ci əsrlərdə qalalar işarə funksiyasını yerinə yetirməyə başladı. Düşmən yaxınlaşanda qalalarda neft yandırılırdı və beləliklə əhali xəbərdar edilirdi. Qızıl Orda xanlarının yürüşləri və kazakların Xəzər sahillərinə basqınları zamanı da Abşeron qalaları müdafiə və xəbərdarlıq funksiyasını yerinə yetirmişdir.  
Abşeron qalalarının bir çox ümumi cəhətləri var. Onların hamısı kəndlərin kənarında və yaxud onlardan uzaqda yerləşir. Abşeronun dördkünc və yumru qalaları, demək olar ki, bütün hallarda eyni plana uyğundur. Onların hamısı dördkünc qala divarları ilə əhatələnmişdir. Bürcün ətrafından qala divarlarına 20-25 metr məsafə var. Bürclər hündürlüyünə görə yaruslara (ikidən səkkizə qədər) bölünüb, onların arasındakı əlaqə divarın içindəki pilləkən vasitəsilə idi. İkinci qata pilləkən yoxdur və yəqin ki, burada daşınan taxta nərdivanlardan istifadə edilirdi. Bütün qalaların birinci qatda eni 6,5-7 metr, yuxarı qatların - 3,5-4,5 metrdir. Dördkünc bürclərin divarlarının eni ilə yumru bürclərin diametrləri də ölçülərinə görə yaxındır (3,5-5,5 metr), divarın qalınlığı (2 metrə qədər). Bürclərin bütün müdafiə vasitələri onun yuxarı meydançasında cəmləşdirilirdi. Onun üzərində yerləşdirilən oxçular dişli pilləvari parapetlə müdafiə olunurdular. Bürcün bütün qatlarında içəriyə genişlənən mazğallar, əsasən ventilyasiya və işıqlandırma üçün nəzərdə tutulmuşdur. Sadə kanalizasiya xəttləri və su quyuları da bürclərin mühasirə zamanı üçün, müvəqqəti yaşayış yeri olduğunu bildirir. 
Bu qalaların ən maraqlılarından biri də  Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən Ramana qəsri - tarix-memarlıq abidəsidir.  
 
    Ramana qəsri 
Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır.  2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.  
Qəsr Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir.   
Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür.  
Əsasən, XII əsrdən etibarən tikintisinə başlanılan Abşeron qalaları bir-biri ilə təmasda idi. Həm də qalaların yarımadanın cənubla müqayisədə daha çox şimal-şərq sahillərində, yəni Bakının şimal və şimal-şərq kəndlərində tikilməsi təhlükənin də əsasən bu istiqamətdən gəldiyini göstərirdi. Sahildə yadelli gəmilərini görən ilk qala gecələr tonqal işığı, gündüzlər tüstü vasitəsilə təhlükə barədə məlumatı digər qalaya, həmin qala da bir başqa qalaya ötürürdü və beləliklə, mərkəz – Bakı qalası daxil olmaqla, bütün Abşeron ayağa qalxırdı. Bəzi tarixçilər vaxtilə bütün qalalardan digər qalaya, ümumilikdə, Bakı qalasına, o cümlədən Qız qalasına yeraltı yolların olduğunu iddia edirlər.  
 
 
 
 Qəsrin donjonu və donjonun ikinci mərtəbəsində yaşayış sahəsinin planı 


Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir. Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar vermişdir.  
XIII-XIV əsrlər Abşeron müdafiə tikililəri heç də hər zaman divar dibinin müdafiəsinə şərait yaratmır. Bəzən qüllələr (hətta künc qüllələri belə) Ramana qəsrində olduğu kimi yumrulanmış küclərə malikdir. Buna görə də, divar dibinin müdafiəsi xarici divarların bütün səthi boyunca düzülmüş mağzallar kəməri vasitəsi ilə təşkil edilirdi.  
Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir.   
Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. Qüllənin yaşayış sahəsinin ölçüsü 83 m2-ə bərabərdir. Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.  
Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaratmışdır.   
 
 
  Təpəcikdə köklü əhəngdaşları üzərində inşa olunmuş qəsrdən ətraf əraziləri yaxşı müşahidə etmək olur.