Azərbaycan-Çin strateji tərəfdaşlığı - qlobal təsirin güclənməsi yolunda
Bugünkü geosiyasi landşaftda Azərbaycan və Çin arasında münasibətlər dönüş nöqtəsinə çatıb və hər iki ölkə böyük tərəqqiyə hazırdır. Prezident İlham Əliyevin şəxsi səyləri və Çin Sədri Si Cinpinlə sıx əlaqələri Bakı ilə Pekin arasında əlaqələrin uğurlu inkişafında mühüm rol oynayıb.
Bu yaxında iki ölkə lideri Strateji Tərəfdaşlıq haqqında Bəyannamə qəbul etməklə münasibətləri tamamilə yeni səviyyəyə çıxarıb.
"Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik", - Çin Xalq Respublikasının Sədri Si Cinpin Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə bəyannamənin qəbulunu şərh edərkən deyib.
Hər iki ölkə mürəkkəb qlobal və regional vəziyyəti dərk edərək, qarşılıqlı maraqların qorunması, regional və qlobal sülhün, sabitliyin və inkişafın təşviqi məqsədilə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Beləliklə, Azərbaycan və Çin ticarət-iqtisadi əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndiyini bəyan ediblər. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Hər iki ölkə dayanıqlı və dinamik inkişafa diqqət yetirməklə müxtəlif sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək öhdəliyi götürüb.
İki ölkə Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu artırmaq barədə razılığa gəliblər. Bu addım ticarət, investisiya, mühəndislik və podrat layihələri sahələrində qarşılıqlı əlaqələri möhkəmləndirməyə yönəlib. Əsas fəaliyyət istiqamətləri nəqliyyat və rabitə, "yaşıl" enerji, tullantıların təkrar emalı və istehsalı, infrastruktur, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatıdır.
Azərbaycan və Çin güclü industralizasiya və investisiyalar sahəsində əməkdaşlıq üçün öz güclü iqtisadi qarşılıqlı tamamlayıcılığını və nəhəng potensialını qəbul edir. Bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyatdan keçib. Çin Azərbaycana 930,8 milyon dollar, Azərbaycan isə Çinə 263,3 milyon dollar investisiya qoyub.
Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin köməyilə Bakı və Pekin mövcud əməkdaşlıq mexanizmlərindən tam istifadə etməyi, baxış, planlaşdırma və siyasət məsələləri üzrə təmasları genişləndirməyi, eləcə də hər iki ölkənin şirkətlərinin fəaliyyətini asanlaşdırmağı planlaşdırır. Əməkdaşlığın prioritet istiqamətləri neft, qaz və "yaşıl" enerji, nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar və tikinti materiallarıdır.
Nəqliyyat sahəsində əməkdaşlıq bəlkə də iki ölkənin diqqət yetirməli olduğu ən mühüm sahədir. Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı ilə Azərbaycan həqiqətən də beynəlxalq logistika və nəqliyyat qovşağına çevrilib. Bundan başqa, Azərbaycan Çinin xarici siyasətinin mərkəzi elementi olan "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulub və onun inkişafında fəal iştirak edir.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarında Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində "Bir kəmər, bir yol" layihəsinin vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs adlandırıb.
"Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.
Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər", - Prezident İlham Əliyev deyib.
Hazırda Orta Dəhliz Çin və Avropa arasında yüklərin daşınması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur, 2024-cü ildə isə bu rəqəmin 4,2 milyon tonu keçəcəyi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması Çindən Türkiyəyə yüklərin çatdırılması üçün tranzit müddətini bir aydan cəmi 12 günə endirib. Bu malların Türkiyə vasitəsilə Qərbi Avropaya çatdırılması indi cəmi 18 gün çəkir.
Bütövlükdə, Azərbaycan və Çin arasında yeni qurulmuş strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və dəstəyə sadiqliyi nəzərdə tutur, burada hər iki ölkə bir-birini prioritet tərəfdaş olaraq görür. Prezident İlham Əliyev Astanada Çin lideri ilə görüşündə Azərbaycanın "Vahid Çin" siyasətini davamlı dəstəklədiyini vurğulayıb və Azərbaycanın Tayvanda keçirilən son seçkiləri pislədiyini qeyd edib. Eyni zamanda, Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib.
Si Cinpin Azərbaycana "Vahid Çin" siyasətinə dəyişməz dəstəyinə görə təşəkkür edib. O, həmçinin qeyd edib ki, hər iki ölkə ekstremizm, separatizm və kənar müdaxilələrə qarşı mübarizədə bənzər mövqedən çıxış edirlər.
Avrasiyanın geosiyasi landşaftı sürətlə dəyişir, lakin Azərbaycanın Orta Dəhliz, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü və digər iri regional layihələrdə rolu hər gün daha da güclənir. Hazırda Azərbaycan Böyük Avrasiyada aparıcı rol oynayır. Çin qərbə doğru irəlilədikcə Azərbaycanla birgə iqtisadi layihələr Avrasiya regionunun gələcək inteqrasiyası və birləşməsi üçün həlledici əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycan və onun təşəbbüsləri Çinin sosial-iqtisadi, geosiyasi və geostrateji maraqları, eləcə də geniş Avrasiya regionu üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.//Trend