COP29: Təbiətlə harmoniya yaratmaq üçün fürsət

Yer kürəsində iqlimdə nəzərəçarpacaq dəyişikliklər min illər bundan öncə, hətta eramızdan əvvəl də qeydə alınıb. O zaman insan təbiətlə təmasda olsa da, proseslərə təsir etmək imkanına çox da malik deyildi. Qeydə alınan dəyişikliklər isə təbii səbəblərdən dolayı baş verirdi. Lakin ötən əsrin ortalarından başlayaraq insanın təbiətə təsirinin təbii amilləri dəfələrlə üstələməsi qlobal miqyasda ciddi dəyişikliklərlə müşahidə olunmaqdadır. Qlobal iqlim dəyişikliyi antropogen fəaliyyət nəticəsində yaranan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni əhatə edir. İstiləşmənin əsas hərəkətverici qüvvəsi 90 faizdən çoxu karbon qazı və metandan ibarət olan istixana qazlarının emissiyasıdır.

Hazırda Yer kürəsinin sakinləri özlərinin yaratdığı “düşmənlə” mübarizə aparmaq üçün dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq birləşməyə, eyni hədəf uğrunda həmrəy olmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP tədbirləri də bu cür həmrəyliyin nümayiş etdirildiyi fürsətlərdən biridir. Bu baxımdan Bakının ev sahibliyi edəcəyi COP29 da xüsusi önəm daşıyır.

2025-ci ildə bütün ölkələr istixana qazı emissiyalarının azaldılması öhdəliklərini yeniləməlidirlər

Yerveinsan.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib: “İqlim dəyişmələri ilə qlobal mübarizə 1992-ci ildə qəbul edilmiş İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası vasitəsilə başlayıb. Rio-de-Janeyro şəhərində qəbul edilmiş 3 əsas konvensiyadan biri məhz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası olub. Konvensiya çərçivə xarakteri daşıdığından ondan irəli gələrək, ilk növbədə, Kioto Protokolu qəbul edilib, 2015-ci ildə isə Paris Sazişi təsdiq olunub. Həmin sənədlərdə daha dəqiq hədəf və öhdəliklər müəyyən edilir. Lakin bundan daha əvvəl 1988-ci ildə BMT-nin Ətraf Mühit Proqramı və BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı elmi əsaslı bir təşkilat - İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC) yaratmışdı. Paris Sazişində qeyd olunan sənayedən əvvəlki dövrə münasibətdə - bu, haradasa 1850-1900-cü illəri əhatə edir - istixana qazları emissiyalarının azaldılması və daha dəqiq desək, temperatur artımının 2 dərəcə altında saxlanılması, eyni zamanda, mümkün olduğu təqdirdə 1,5 dərəcəyə qədər məhdudlaşdırılması hədəfləri IPCC-nin elmi qiymətləndirmələri əsasında müəyyən olunub. Ümumiyyətlə, Paris Sazişi və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında müəyyən edilən hədəflər sırf elmi qurumun məlumatlarına əsaslanır”.

 

Ekoloq qeyd edib ki, Paris Sazişi öz növbəsində ölkələrə mütəmadi olaraq istixana effekti qazlarını azaltması ilə bağlı hədəfləri və bu istiqamətdə görəcəyi planı yeniləmək tələbi qoyub. Yəni, beş ildən bir həmin hədəflər yenilənir. IPCC-nin sonuncu hesabatında 2050-ci ilə qədər 1,5 dərəcənin saxlanılması üçün xalis sıfır emissiya hədəfinə çatılması müəyyən edilib. Yəni qlobal səviyyədə həmin hədəfə çatmasaq, onda da 1,5 dərəcə hədəfinə də nail ola bilməyəcəyik. Xalis sıfır emissiya hədəfi atılan istixana qazı emissiyalarının müxtəlif vasitələrlə udulması, tutulması və saxlanmasını əhatə edir. “Bunun ən sadə nümunəsi onun yaşıllıqlar və meşələr tərəfindən udulmasıdır, yəni burada bir balans olur, atılan emissiya ilə udulanın balansı təmin edilir. Beləliklə də atmosferə əlavə istixana qazları buraxılmadığından temperaturun artması, yəni istixana effektinin güclənməsi baş vermir. Belə olan təqdirdə 1,5 dərəcə hədəfinə çatmaq mümkün olacaq. Yəni bu, sırf elmi əsasa söykənir. Bunun müqabilində ölkələr hər beş ildən bir Paris Sazişinə uyğun olaraq öz öhdəliklərini bəyan edirlər”, - deyə o əlavə edib.

Yeri gəlmişkən, Azərbaycan 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması öhdəliyini götürüb. 2050-ci ilə qədər 40 faiz azaldılması qarşıya hədəf qoyulub. 2025-ci ildə bütün ölkələr həmin öhdəlikləri yeniləməlidirlər və IPCC-nin töhfələri də mütləq burada nəzərə alınmalıdır. Hətta bununla bağlı çağırışlar da olunub ki, 1,5 dərəcə hədəfini saxlamaqla ölkələr öz öhdəliklərini müəyyən etsinlər. Burada da fərqli ölkələrin müxtəlif məsuliyyətləri var və bu, Paris Sazişində də öz əksini tapıb. Yəni, inkişaf etmiş ölkələrin məsuliyyəti ilə inkişaf etməkdə olan ölkələrin məsuliyyəti fərqlidir. Paris Sazişində öhdəliklər və fərqlər məhz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr olaraq fərqləndirilir. Emissiya və atılmaların həcminə görə fərqləndirmə yoxdur. Çünki bu gün IPCC-nin hesabatlarına görə sənayedən əvvəlki dövrlə müqayisədə artıq temperaturun 1,1-1,2 dərəcəyə qədər artımı baş verib. Bunun da baş verməsində inkişaf yolu keçmiş və hazırda inkişaf etməkdə olan ölkələrin məsuliyyəti daha çoxdur, nəinki bu gün öz inkişaf yolunu keçənlərdə.

Bu gün inkişaf yolu keçən ölkələrin də öz hüquqları var ki, inkişaf səviyyələrini inkişaf etmiş ölkələr həddinə çatdırsınlar. Bunun üçün də öhdəliklər mövcuddur”, - deyən Faiq Mütəllimov qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-un əsas mövzularından biri də məhz iqlim maliyyəsi ilə bağlıdır, yəni maliyyə vəsaitlərinin ötürülməsi ilə bağlı öhdəliklərin müəyyən edilməsidir: “Bu baxımdan inkişaf etmiş ölkələr illik əsasda müəyyən bir maliyyənin, eyni zamanda, texnologiyanın inkişaf etməkdə olan ölkələrə ötürülməsini təmin etməlidirlər ki, 1,5 hədəfinə çatmaq və ya temperatur artımını həmin səviyyədə məhdudlaşdırmaq mümkün olsun. Ona görə də ölkələrin Paris Sazişindən irəli gələn öhdəlikləri fərqlidir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, o cümlədən Azərbaycanın da bu hədəflərə çatması üçün burada həm ölkələr tərəfindən həyata keçirilən tədbirlər, həm də müəyyən şərtli məqamlar var ki, bu zaman texnologiyanın əlçatan olması olduqca vacibdir. Çünki bilirik ki, inkişaf etmiş ölkələrdə texnologiyanın inkişafı daha sürətlə baş verir. Lakin inkişaf etməkdə olan ölkələrdə və ya az inkişaf etmiş ölkələrdə texnologiyalara əlçatanlıq nisbətən fərqlidir. Emissiyaların daha az atılması üçün texnologiyaların əlçatanlığına nail olmaq vacibdir. Bu nöqteyi-nəzərdən də inkişaf etmiş ölkələrin öz öhdəlikləri var”.

Görünən odur ki, COP29 dünyamızın xilası, təbiətlə harmoniya yaratmaq üçün mühüm fürsətləri özündə ehtiva edəcək. Qlobal səylər, irəli sürüləcək qətiyyətli strategiyalar nəticəsində biz təbiətlə “barışmaq” və prosesləri yumşaltmaq imkanlarını əldə edə biləcəyik.