AKADEMİK AKİF ƏLİZADƏ FENOMENİ VƏ YAXUD ELM, FƏLSƏFƏ VƏ POEZİYA TRİADASI BİR NURLU ŞƏXSİYYƏTİN SİMASINDA

İstedadlı və zəhmətsevər xalqımızla suvarılan dünyanın səkkizinci möcüzəsi Azərbaycan torpağı yalnız zəngün və təkrarsız təbii sərvətləri – qara, əlvan, nəcib və nadir metalları, planetimizdə analoqu olmayan həyat eleksiri Naftalanı, min bir bar və neməti, iqlim və geosiyasi mövqeyi ilə deyil, həm də ümumbəşəri sivilizasiyaya bəxş etdiyi və xəyali “ümumdünya elm, ədəbiyyat, fəlsəfə, incəsənət, intellekt kəhkəşanında” layiqli yer tutaraq, onu bəzəyən Nəsimi, Nizami, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Çingiz Abdullayev, R.İbrahimbəyov, M.İbrahimbəyov, M.İbrahimov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, M.Rostropoviç, maestro Niyazi, memar Əcəmi, Mikayıl Üseynov, Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Nəsrəddin Tusi, Bəhmənyar ibn Mərzban, M.Mirqasımov, Y.Məmmədəliyev, H.Hüseynov, L.Landau, Lütfizadə, Azad Mirzəcanzadə, M.M.Əliyev, Ş.Əzizbəyov, M.Ə.Qaşqay, V.E.Xain, F.Salmanov, E.Tağıyev, Ş.Mehdiyev, Ə.Şıxəlibəyli və b. çoxsaylı dühaları, bir neçə çap vərəqinə sığmayan dövlət xadimi və sərkərdələri, elm, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri və s. bir sıra dövlətlərdən fərqlənir.
Bu Azərbaycan xalqının genefondunu zənginləşdirən nurlu simalar cərgəsinə, mənim zənnimcə, canlı elm korifeyi – xeyirxah və alicənab İnsan, dünyaşöhrətli alim AMEA-nın həqiqi üzvü - akademik, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının “Yer Elmləri” şöbəsinin akademik-katibi, vitse-prezidenti və prezidenti olmuş, 42 il AMEA-nın Geologiya və Geofizika İnstitutunun təkrarsız direktoru AKİF AĞA MEHDİ OĞLU ƏLİZADƏNİ cəsarətlə daxil etmək olar. Bu gün sevimli yubilyarımız Akif müəllim elm, mənəviyyat və insanlığın uca zirvəsindədir. Şərəflə, vicdanla, böyük elmi kəşflərə və təşkilatçılığa həsr edilmiş həyat salnaməsinin bəzi məqamlarını nəzərinizə çatdırmaqda fərəh hissi duyuram.
Mən fəxr edirəm ki, 1978-ci ildə Azərbaycan geologiyasının beşiyi AMEA-nın Geologiya İnstitutunda fəaliyyətə başladığım ilk gündən bu ana qədər onunla birlikdə addımlamışam. Əlbəttə o, elmin “Everest zirvəsini” fəth etmiş görkəmli alim, Geologiya İnstitutunun 40 yaşlı direktoru kimi, mən isə sıravi işçi qismində ünsiyyətdə olmuşuq. Əvvəllər Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində işləyərkən Akif müəllimin təşkilatın akt zalında bəzi dövlət tədbirlərində rəsmi qonaq qismində məşhur alim, natiq kimi odlu-alovlu, məftunedici çıxışlarının və dinləyicilərin sonsuz məhəbbətini qazanmasının canlı şahidi olmuşdum. Eyni sözləri dəfələrlə Geologiya İnstitutunda keçirilən gənc alim və mütəxəssislərin konfrans, simpozium və seminarlarında məruzə ilə çıxış edərkən müşahidələrim əsasında söyləyə bilərəm.
Akif müəllimin həyat və yaradıcılıq yolu olduqca zəngin və heyrətamizdir.

1934-cü il fevral ayının 25-də Azərbaycanın düşünən beyni Bakı şəhərində gözəl Xəzərin suları təkin mavi gözlü Akif Ağa Mehdi Əlizadə nəcabətli ziyalı ailəsində anadan olur. Hələ yeniyetmə çağlarında məktəbdə yaxşı və əla qiymətlərlə oxuyan Akif coşqun Xəzərin sahillərində yaşadığındanmı, yoxsa təbiətə vurğunluğundanmı, saatlarla mavi dalğalarin seyrinə dalar, xüsusən doğma dənizin canlı aləminin – fauna və florasının sirləri onun marağını məşğul edərdi. O vaxt heç ağlına gətirməzdi ki, illər ötəcək və o, nəinki Azərbaycanın, hətta Qafqazın və bir sıra digər regionların qədim geoloji dövrlərinin fossil onurğasızlar faunasının mahir tədqiqatçısına, nüfuzlu aliminə çevriləcəkdir. Məhz bu arzu, təbiətə, canlı aləmə vurğunluq onu 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Netf və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmağa sövq edir və 1956-cı ildə oranı mühəndis-geoloq ixtisası üzrə bitirir. Gənc mütəxəssislərə böyük tələbat duyulduğundan əmək cəbhəsində o, “Suraxanıneft” mədənində quyuların tədqiqi üzrə texnik işləyir.
Lakin onun elmə olan məhəbbəti və seçdiyi ixtisas sahəsində yeni öyrənilməmiş problemlərin həllinə yönəlmiş axtarış, araşdırma və kəşf ehtirası gənc mütəxəssisin sonrakı taleyini müəyyən edir. Bu ümdə arzusunu həyata keçirmək üçün Akif Əlizadə 1957-ci ildə Azərbaycan EA Geologiya İnstitutunda işləməyə başlayır. Bu andan etibarən onun bütün gələcək taleyi doğma İnstitut ilə bağlanır. Böyük həvəslə elmi işə başlayan gənc tədqiqatçı bütün varlığı ilə elm aləminə, onun ənginliklərinə nüfuz edir. Bu ecazkar aləm Akif müəllimin əql-zəkasına hakim olur. O, yorulmadan dərin tədqiqatlar aparır, sübut-dəlillər arayır, öz əldə etdiyi nəticələrlə kifayətlənməyərək, dünya geoloji ədəbiyyatını araşdırır və bu elmi nəticələr öz əksini gənc dissertantın 1961-ci ildə müdafiə etdiyi “Cənubi-Şərqi Qafqazın alt təbaşir belemnitləri” adlı namizədlik dissertasiyasında tapır. Düşünmək olardı ki, belə ağır, üzücü zəhmətdən sonra o, bir qədər dincələcək və asudə nəfəs alacaqdır. Lakin belə olmur, əksinə Akif müəllim daha böyük ehtiras və əzmlə elmi axtarış, təhlil və araşdırmaların miqyasını gənişləndirir. Onun başlıca elmi maraq dairəsini təbaşir dövrünün stratiqrafiya və paleontologiyası məsələləri əhatə edir.
Nəhayət, 1969-cu ildə 35 yaşlı gənc alim “Azərbaycanın təbaşir belemnitləri” mövzusunda geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə edir. Bu fundamental elmi əsərdə çoxillik tədqiqatlar əsasında Azərbaycanın təbaşir mollyusk faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleontologiyaya dair məsələlər öz həllini tapmışdır.
Bunun nəticəsində artıq nəinki respublikada, hətta onun hüdudlarından çox-çox kənarlarda görkəmli alim kimi tanınan Akif müəllim yetmişinci illərdə Qafqazın təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması üsullarının işlənilməsi və təkamülü amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparır. Akif müəllimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanır, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılır və ümumiləşdirilir.
1970-ci illərin ortalarından başlayaraq nəsillərin estafeti baş verdi, elmi rəhbərliyə-təşkilatçılığa çevik düşüncəli, müasir zamanla ayaqlaşan, yeni elmi nəzəriyyə və konsepsiyaların, tətbiqi geologiyanın inkişafına rəvac verən gənc alimlər gəlməli idi. Məhz belə olduqca məsuliyyətli, çətin məqamda Akif müəllim 1976-cı ildə Azərbaycan geologiyasının “beşiyi” Azərbaycan EA Geologiya İnstitutuna rəhbər təyin olunur. Doğrudur, siması kimi daxili aləmi, mənəviyyatı da gözəl olan Akif müəllim hələ gənclik illərində komsomol komitəsinin katibi olarkən öz təşkilatçılıq, işgüzarlıq, insanlarla insiyyət keyfiyyətlərini büruzə vermiş, 1970-76-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini qismində fəaliyyət göstərərkən fundamental istiqamətlərin yüksək səviyyədə hazırlanması, inkişafı, beynəlxalq aləmə inteqrasiyası, elmi məclis və forumlarda Azərbaycan elminin təntənəsini təmin etmək bacarığını uzun illər nümayiş etdirmişdi. Lakin unutmaq olmaz ki, İnstituta rəhbərliyin ilk onilliyində bu elm ocağında 12 nəfər Azərbaycan EA həqiqi üzvü (akademik), - elm korifeyləri, onlarla məşhur alimlər, tanınmış yüksək səviyyəli professor tədqiqatçılar fədakarlıqla fəaliyyət göstərirdilər və belə uca potensial içərisindən Akif müəllimin seçilməsi diqqəti cəlb edirdi.
O zamanlar Akif müəllim hər dəfə institutun möhtəşəm akt zalında keçirilən elmi məclis, simpozium, konqres, konfrans və ya Elmi Şuraları idarə etmək məharətini nümayiş etdirərkən, onun müəllimlərinin qəlbləri iftixar hissi ilə döyünürdü. Məhz ən ali insani keyfiyyətlərinə görə Akif müəllim 40 ildən artıq bir dövrdən bu günə kimi Azərbaycan geologiyası və geofizikasının “sükanını” mahir kapitan kimi ləyaqətlə idarə edir.
Bu gün geriyə baxarkən cəsarətlə deyə bilərik ki, bu zaman kəsimi doğma institutumuzun “İntibah” dövrü sayıla bilər. Lakin zirvəyə aparan yol həmişə rəvan deyil, xüsusən ölkəmizin üzərində qara buludlar keçərkən – Akademiyanın bağlanmaq təhlükəsi yaranarkən, mənəvi-etik normaların aşındığı bir dövrdə institutu və onun son dərəcə yüksək elmi potensialını qorumaq hər oğulun işi deyildi.
Təlatümlü 90-cı illərdə bəzi bədxahlar sual edirlər ki, cəmiyyətin – xalqın, ziyalıların, mənəvi-etik baxışların toqquşduğu bir dövrdə tez-tez xatirə günləri, yubileylər və s. təntənəli məclislərin keçirilməsinə lüzum varmı?
Bu barədə AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru nəcib və həssas qəlbli insan – elmin, təhsilin və intellektin keşiyində duran dünyaşöhrətli alim akademik Akif Əlizadə qətiyyətlə deyir: “Azərbaycan elmi məktəblərinin yaranmasında, onun tərəqqisində və beynəlxalq elm aləminə inteqrasiya olunmasında misilsiz xidmətləri olan, xalq və dövlət mənafelərinə bütün mənalı ömürlərini həsr etmiş elm korifeylərini daim dərin hörmət və ehtiramla yad etmək bizim şərəfli işimiz, müqəddəs borcumuzdur. Bu xüsusən yetişməkdə olan gənc nəsil alimləri üçün böyük həyat məktəbi, örnək olduğundan vacibdir”.
Başqa maraqlı bir misal: - Möhtəşəm akt zalında elmin ən dəyərli potensialının daşıyıcıları – korifeylər, tanınmış görkəmli alimlər, tədqiqatçılar cəmləşmişlər. Şübhəsiz, belə alim ordusu auditoriyasında fikir ayrılığı, yanaşma tərzi, eksperimental yönüm və s. müxtəlifliyi ola bilər. Lakin bu gün mübahisələr qızışmış, ehtiraslar coşmuş, məcrasından çıxaraq kulminasiya nöqtəsinə çatmışdır. Uzun illər boyu elm ocaqlarına rəhbərlik edən Elmi Şuranın sədri demokratik ruhlu insan, həmişə ən çətin vəziyyətlərdən məharətlə çıxan akademik Akif Əlizadə bir qədər çaşqınlıq içərisindədir. O, kompomis, bəlkə də mərhəmət hisslərinə üstünlük vermək variantına həmfikir axtarışı niyyəti ilə zala göz gəzdirir və nəzərini ön sırada əyləşmiş nurlu şəxsiyyətin qarşısında dayandırır. Bu arif insan – akademik Şəfayət Mehdiyev o dəqiqə mətləbi duyaraq, ayağa qalxır, öz heyrətamiz məntiqi, məftunedici, aram nitqi və böyük insanpərvərliyi ilə bayaqdan təlatümə gələn elmi məclisi mahir sehrbaz kimi, bir göz qırpımında ram edir və hamını qane edən orijinal təklif irəli sürür.
Fitri istedada malik, alicənab və böyük təşkilatçı olan Akif müəllim bu İnstitutun keçmiş SSRİ miqyasında tanınan və SSRİ Elmlər Akademiyasının strukturunda öncül yerlərdən birini tutmasını təmin edən vətənpərvər, fədakar və istedadlı yaradıcı kollektivi Akif müəllimin rəhbərliyi altında çətinlik və məhrumiyyətlərə cəsarətlə sinə gərərək, keçid dövründə nəinki tənəzzülə uğradı, əksinə elmi nailiyyətlər qazanaraq dünya elminə inteqrasiya olundu.
XX əsrin 60-70-ci illərində I Pyotr, M.Lomonosov, Etel Voyniçin “Ovod” romanında baş qəhrəmanlardan biri Lorentsio Montanellini, “Amfibiya-insan” filmində doktor Salvator obrazını yaşamış və milyonların sevgisini qazanmış SSRİ xalq artisti, kinorejissor Nikolay Simonov çox əzəmətli, cazibədar, məftunedici səsə malik olduğundan, jurnalistlərin həmişə diqqət mərkəzində durmuşdur. Bir qadın müxbirlə müsahibəsində öz donqar görünüşü və qırıltılı səsilə onu şoka salmışdı. Bu hadisədən təəccüblənən qadın bunun səbəbini izah etməsini xahiş etmişdi. O, isə cavabında – mən istəmirəm ki, tərəfmüqabilim diskonfort hisslərə qapılsın. Eyni sözləri Akif müəllim haqqında cəsarətlə söyləmək olar.
Akademik Akif Əlizadəni bir çoxlarından fərqləndirən cəhəti onun son dərəcə ucaldıqca sadələşən, istiqanlı, mehriban, qayğıkeş olmasıdır. Onunla söhbət etmək insana xüsusi zövq verir, onu zənginləşdirir. Buna səbəb isə Akif müəllimin dünyagörüşünün möhtəşəmliyi, intellektinin genişliyi, elm, fəlsəfə və poeziyaya vurğunluğunu, sanki onları özündə birləşdirməsidir. O, həmçinin zəngin şəfaverici yumor hissinə malikdir.
Sevimlimiz, fəxrimiz Akif müəllim, Sizi 90 illik şanlı yubileyiniz ərəfəsində səmimi qəlbdən təbrik edir, bağrımıza basır və uzun ömür, bütün arzu-istəklərinizin çiçəklənməsini diləyirik.
“Yer və insan” jurnalının redaksiya heyəti və oxucuları adından biz də hörmətli alimimiz Zəki Vəliyevin coşqun təbriklərinə qoşularaq böyük Azərbaycan alimi, akademik Akif Əlizadəni şanlı yubiley-anadan olmasının 90 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Zəki Vəliyev
AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Elmi nəşrlərin redaksiya hazırlığı” şöbəsinin rəhbəri,
yer elmləri üzrə fəlsəfə doktoru, dosent