Aleksandr Tixanski: Erməni millətçiləri həm Rusiyaya, həm də “ruspərəst” adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər

Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də “ruspərəst” adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər.

Yerveinsan.az bildirir ki, bu fikirləri hərbi-siyasi analitik, sosiologiya elmləri namizədi, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aleksandr Tixanski oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində və ondan sonra Ermənistanda gürcü müxalifətini dəstəkləyən bəyanatların səslənməsi faktlarını AZƏRTAC-a şərh edərkən bildirib.

Ekspert bu vəziyyəti erməni millətçilərinin Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyi ilə izah edib: “Erməni ekspertlər səsvermənin elektron formatda keçirilməsindən təəssüflənir, çünki seçkilərin nəticələrini saxtalaşdırmaq çətin idi. Qanun pozuntuları ilə bağlı faktlar o qədər də inandırıcı deyil. Seçki dairələrinin ən azı 75 faizində seçkilər elektron qaydada keçirildiyi üçün pozuntuların olduğunu söyləmək çətindir. Bəli, müəyyən problemlər var idi, amma ümumilikdə deyə bilərik ki, seçkilər bəzi nöqsanlarla baş tutmuş sayılır”.

Tixanski əlavə edib: “Gürcüstanda gedən proseslər, qonşu ölkədə siyasətin necə davam edəcəyi Ermənistan üçün önəmlidir. Belə ki, Ermənistanın ixrac və idxalının təxminən 70 faizi Gürcüstan ərazisindən keçir. Ermənilərin Gürcüstandakı iğtişaşlara verdiyi dəstək siyasi elitanın qonşu ölkədə hakimiyyəti dəyişməyə yönəlmiş hərəkətləri ilə izah olunur. Erməni elitası Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası ilə xarici agentlər haqqında qanunun qəbuluna qarşı birgə müraciət imzalayanda hamını təəccübləndirib. Ermənistanın siyasi elitasının bir hissəsinin Gürcüstan hakimiyyətinə qarşı çıxması, bu ölkənin daxili işlərinə qarışması ilə bağlı vəziyyətin özü unikaldır. Aydındır ki, erməni millətçiləri Gürcüstan müxalifəti illə eyni komandada işləyir. Siyasi elitanın bu hissəsi müəyyən ölkələrdə birləşərək bir-birini dəstəkləməyi xoşlayır. Onlar qarşılıqlı əlaqədə olur və postsovet dövlətlərini Rusiyadan ayırmaq üçün fəal işləyirlər. Beləliklə, Ermənistan iqtidarı və müxalifəti göstərdi ki, onlar da Qərbin sifarişi ilə hərəkət edirlər. Gürcüstanda seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq üçün təxribatçılara, o cümlədən vicdan əzabı çəkmədən digər Gürcüstan vətəndaşlarını öldürməyə başlaya bilənlərə ehtiyac var. Çox təəssüf ki, həm Qərbdə, həm də qərbyönlü müxalifətdə belə insanlar var. Onların arasında etnik ermənilər və ikili vətəndaşlığı olanlar - erməni və gürcülər də var. O cümlədən Ermənistan Respublikasında daimi yaşayanlar və Qarabağdan olan zərərsizləşdirilməmiş yaraqlılar seçkiyə qədər Gürcüstana köçürülə bilər”.

Ekspert bununla bağlı xatırladıb ki, oxşar ssenari artıq NATO-nun Brüsseldəki mənzil-qərargahında müzakirə olunub və burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla alyans nümayəndələri arasında görüşlər keçirilib. Görüşdə Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə “aktiv tədbirlər” hazırladığı açıqlanıb.

“Ermənistanda işə götürülən şəxslərin iştirakı ilə fəal şəkildə hazırlıq işləri aparılır. Bu hadisələrə küçə toqquşmaları elementləri daxildir. Gözlənilir ki, yaxın gələcəkdə onlara Balkan ölkələrindən əvvəllər aktiv şəkildə Serbiya hökumətinə qarşı fəaliyyət göstərən ən təcrübəli mütəxəssislər də qoşulacaq. Gürcüstanda münaqişənin alovlanmasında bu cür təxribatçıların rolunu lazımınca qiymətləndirməmək olmaz. Bu baxımdan 2019-cu ilin yayında rusiyalı deputat Qavrilovun spiker kürsüsündə əyləşdirilməsindən sonra yaranmış emosional vəziyyətdən istifadə edən müxalifətin parlament binasını ələ keçirməyə cəhd etməsini xatırlatmaq yerinə düşər. Daha sonra Ermənistan vətəndaşları da saxlanılıb. Bu gün bir çox erməni millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də “rusiyapərəst” adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər”, –deyə analitik vurğulayıb.

Tixanskinin fikrincə, əvvəllər Rusiyaya sevgi və ümid bəsləmiş bir çox erməni separatçıları indi ümidlərini Qərbə bağlayırlar.

“Öz xalqından dəfələrlə geosiyasi oyunlarda istifadə edən erməni millətçiləri Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyirlər. “Rusiyayönlü” erməni lobbisi qeyri-sabit vəziyyətdən sui-istifadə edərək Rusiya ordusunun Gürcüstana yenidən girməsini təhrik etməyə çalışır. Öz növbəsində, İrəvan yeni revanşist müharibənin baş verəcəyi təqdirdə Gürcüstana Qərbin hərbi tranziti üçün ərazi kimi baxır. Bu, Tbilisidə qərbyönlü müxalifətin hakimiyyətə gələrək Rusiyaya qarşı “ikinci cəbhə” açacağı halda baş verə bilər. Hər iki ssenari gürcü dövlətçiliyi üçün faciəli ola bilər. Ona görə də Gürcüstanda sabitlik və əmin-amanlıq yalnız Rusiya deyil, Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.