Naxçıvanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Şərur Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq edilməsi ilə bağlı müraciətlər daxil olub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 25 yaşlı Onur Qafarov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun müxtəlif evlərdən ümumilikdə 2408 manat məbləğində pul oğurladığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.
Bundan başqa, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Kamran Kərimov da saxlanılıb.
Hər iki fakt üzrə oğurlanmış vəsaitlərin sahiblərinə qaytarılması təmin edilib, araşdırmalar davam etdirilir.