Yasamal rayonunun kitabxanalarında 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - FOTO
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və kitabxana filialları 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirdilər.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi 167№-li tam orta məktəblə birgə “20 Yanvar xalqın sarsılmaz iradəsi” adlı tədbir keçirdi. Abonement bölməsinin müdiri Lalə Səlimova 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakı şəhərində və respublikamızın digər bölgələrində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətməsindən, günahsız insanların, o cümlədən qadınların, uşaqların, qocaların görə şəhid olduqlarından danışdı və bildirdi ki, həmin gecə axıdılan qan müstəqilliyimizin bünövrəsinə çevrildi. Tarix müəllimi Samirə Məmmədova qeyd etdi ki, 20 Yanvar faciəsi bizə bir həqiqəti öyrətdi: azadlıq asan qazanılmır. Bu tarıx xalqımızın sarsılmadığını, qorxmadığını, daha da birləşdiyini göstərdi. Siz gənclər bu tarixi bilməli və onu gələcək nəsillərə çatdırmalısız.
Məktəb kitabxanasının müdiri Aybəniz Muradova və kitabxanaçı Vəfa Qurbanova çıxış edərək bildirdilər ki, 20 Yanvar gecəsində Azərbaycan xalqının haqq səsi silah gücü ilə susdurulmaq istənildi, lakin xalqımızın iradəsi güllədən də güclü oldu. O gecə şəhid olanlar sübut etdilər ki, Azərbaycan xalqı azad yaşamağa layiqdir. Bu gün biz şəhidlərin ruhu qarşısında baş əyirik, xatirələrini ehtiramla anırıq. Məktəbin 9-cu sinif şagirdləri Kamran Abbaslı, Qamboy Hüseynli, Ülvi Şəmiyev, Zəhra Abbaslı, Zeynəb Şərifli və Ayan Abasova 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər söylədilər.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 158№-li tam orta məktəblə birgə “Tarixin qanlı, amma şərəfli səhifəsi” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova açdı. Sonra kitabxananın əməkdaşları 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat verdilər. Tədbirdə 4-cü və 8-ci sinif şagirdləri çıxış etdilər. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Uşaq şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi də hazırlandı. Rəsm sərgisində Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Xədicə Əlizadənin “Göyərçinlər 20 Yanvar matəmində”, Rəsul Babayevin “Qanlı gecə”, Fatimə Məmmədovanın “Matəm günü”, Rəhimə Mənsimzadənin “Yanvar dəhşəti” və Ramal Rəsulovun “20 Yanvarın göz yaşları” rəsmləri nümayiş olunur.
Ə.Vahid adına 1№-li kitabxana filialının keçirdiyi tədbirdə qanlı Yanvar hadisələri haqqında şagirdlərə ərtaflı məlumat verildi. Bu il xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar faciəsinin 36-cı ildönümünün qeyd edildiyi bildirildi. Qeyd olundu ki, 20 Yanvar hadisələri zamanı törədilən hadisələr Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayət faktorudur. 20 Yanvar günü təkcə matəm günü deyil, müstəqillik və istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Sonda şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər.
A.Şaiq adına 2№-li kitabxana filialı 147№-li Texniki-Humanitar Liseylə birlikdə “Hələ də gözləyirəm” adlı tədbir keçirdi. Tədbiri giriş sözü il 2№-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova 20 Yanvar şəhidləri haqqında məlumat verdi və bildirdi ki, vətənpərvərlik və qəhrəmanlıq birlikdə bir xalqın gücünü və qürurunu yaradır. Məktəbin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Sonda vətənpərvərlik mövzusunda səhnəcik göstərildi, şeirlər səsləndi və şəhidlərə həsr olunmuş kitab sərgisi nümayiş olundu. Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Əsədova, texnologiya müəllimi Cəlalə Dəmirova, psixoloq Humay Abdullayeva, musiqi müəllimi Mehriban Ələsgərova və kitabxana müdiri Ülviyyə Ağayeva çıxış etdilər.
Q.Musabəyov adına 3№-li kitabxana filialı 20 Yanvar faciəsi ilə əlaqədar 225№-li tam orta məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirdi. Şagirdlər 20 Yanvar faciəsi haqqında şeirlər söylədilər. Tədbirdə “Əbədi məşəl” adlı kitab sərgisi nümayiş olundu.
X.B.Natəvan adına 4№-li kitabxana filialında yazıçı və şairlər Gülmayə Feyruzqızı, Tubu İmanova, Şəhla Qarabağlı, Sumqayıt şəhər “Şəhid ailələrinə qayğı” İB-nin sədri Səid Əfəndi və 225№-li tam orta məktəbin şagirdləri 20 Yanvar hadisələri haqqında təəssüratları ilə bölüşdülər.

