“BÖYÜK QAFQAZ SƏDDİ”NİN TARİXİ VƏ KATEX ABİDƏLƏRİ

Akif MəmmədliTarix üzrə fəlsəfə doktoru, AMEA Şəki Regional Elmi Mərkəzin elmi işçisi

 

Azərbaycanın şimal-qərb bölgəsi tarixən çox zəngin mədəni irsə sahib olmuşdur. Bölgənin qərbində sonuncu rayon olan Balakən (Zaqatala, Qax və Şəki rayonlari da eynilə) arxeoloji cəhətdən az öyrənilsə də buradakı yerüstü abidələr: Alban məbədlərinin, Qalaların, Sədd və İstehkamların çoxluğu burada çox zəngin tarixi, mədəni irsin bu gün də qalmaqda olduğunu deməyə əsas verir.
Balakən rayonunda ən böyük kəndlərdən biri olan Katex kəndində isə tarixi abidələr daha zəngin və daha qədimdir. Buradakı tarixi abidələrdən ən möhtəşəmi İran mənbələrində “Kala Sur” (yəni- “Nəhəng Sədd”, “Böyük Divar”) adlanan “Böyük Qafqaz Səddi”dir. 
19-cu yüzilliyin əvvəllərində Rusiyanın Azərbaycanın bu bölgəsini də işğal etməsindən sonra XIX əsr rus və sonrakı Sovet tarixi ədəbiyyatında həmin müdafiə qurğusu “Zaqatala Səddi” adlandırılmışdır. Təəssüf ki, bu möhtəşəm tarixi abidəmiz az tədqiq olunmuş və tarixi ədəbiyyatlarda az işıqlandırılmışdir.


Əsrlər boyunca çox az dağıntılara məruz qalmış bu Sədd, 1847-ci ildə qəddar rus generalı Şvarts tərəfindən ən ciddi dağıntıya məruz qalıb. Belə ki, həmin gün Zaqatala qalasına köməyə gələn general Şvarts bu Səddin yaxınlığında yerli sakinlərlə Şeyx Şamilin birləşmiş dəstəsi ilə döyüşdə ağır məğlubiyyətə uğramış və bu biabırçı “məğlubiyyətin heyfini” yerlilərin səngər kimi istifadə etdiyi bu Səddən çıxmış, onun xeyli hissəsini dağıtmışdır. Knyaz N.A.Volkonskinin həmin dövrdə yazdığı raportda bu barədə ətraflı məlumat verilib[1].
N.A.Volkonskinin məlumatına görə, Katexdəki qədim Sədd Katex çayınadək 5 km məsafədə tam salamat olub və 1847-ci il may ayının 5-də Şvartsın dəstələri ilə Şamil arasında baş vermiş döyüşdən sonra bu sədd rus əsgərləri tərəfindən dağıdılmağa başlanmışdı. 1847-ci ildə general Şvartsın Balakən dairəsindən başqa yerə göndərilməsi barədə əmrin verilməsi, bu Səddin tamamilə dağıdılmasının qarşısını aldı.
Mənbələrin məlumatına görə uzunluğu 120 km, hündürlüyü isə 6 metrədək, bəzi yerlərdə isə 8 metrədək olan Səddin qalıqları bu gün Balakən rayonunun Katex kəndində, qismən də Zaqatala rayonunun Muxax kəndində qalmaqdadır. 
E.A.Paxomov da bu səddin tarixini araşdırmış və onun 6-ci yüzillikdə şimaldan hücum edərək, İranin içərilərinədək gedib çıxan türklərin hücumlarının qarşısını almaq üçün Sasani hökmdarı Xosrov tərəfindən tikildiyini yazırdı[2].
19-cu yüzillikdə bir çox səyyahlar, tədqiqatçılar və bölgədə xidmət etmiş rus zabitləri, o cümlədən, A.Poserbski, Fon-Plotto, K.F.Qan, K.Nikitin, A.S.Xaxanov da bu möhtəşəm tarixi abidə ilə maraqlanmışlar.
Həmin dövr müəlliflərinin məqsədli, yaxud məqsədsiz bir yanlışlıqları var idi: bəziləri bu Səddin Makedoniyalı İsgəndər, bəziləri isə gürcü çarıçası Tamar tərəfindən tikildiyini yazırdılar. 
E.A.Paxomovun fikrincə, Səddin yanında bitən çox nəhəng ağaclar, dərələr qarşısında mazğalı və müxtəlif müdafiə qurğuları olan qüllələrin olması, onun çox böyük əhəmiyyəti olduğunu deməyə əsas verir.
19-cu yüzillikdə “Böyük Qafqaz Səddi”nin tarixini və təyinatını müəyyən etməyə çalışanlardan biri də K.Nikitin olmuş və o da abidə ilə bağlı maraqlı fikirlər irəli sürmüşdür. Onun fikrinə görə, dərə və dağ cığırlarının qarşısında qüllə və digər müdafiə qurğularının tikilməsi şimaldan dağ və dərə yolları ilə Yelisen düzənliyinə (Şimal-Qərbi Azərbaycan bəzən belə adlandırılırdı-M.A.) gələn, buraya hücum edən axınların qarşısını almaq üçün idi[3].
10-cu əsr ərəb müəllifləri İbn-əl-Fəqih və əl-Bəlazuri də bu Sədd haqqında məlumat vermişlər ki, təkcə bu fakt bəhs etdiyimiz Səddin daha əvvəl, yəni 10-cu əsrdən daha əvvəl tikildiyini sübut edir.
226-cı ildə İranda hakimiyyətə yiyələnmiş Sasanilər daha sonra Cənubi Qafqazı da ələ keçirdikdən sonra, buradaki yerli əhali ilə yaxın və qohum olan hunların, sabirlərin, xəzərlərin buraya axınları xeyli artmışdı. Onlar yerli əhali ilə birləşir və Sasanilər üçün ciddi təhlükəyə çevrilirdilər. Buna görə də Sasani hökmdarı Qubad (hakimiyyət illəri 488-531) və Xosrov Ənuşirəvan (hakimiyyət illəri 531-579) bu cür yürüşlərin qarşısını almaq üçün tədbir görməyə, Səddlər çəkdirməyə, qalalar tikdirməyə, burada hərbi qarnizonlar yerləşdirməyə məcbur olmuşlar. Azərbaycanın şimal-qərb bölgəsindəki “Böyük Sədd” məhz bu dövrdə tikilmişdir[4].
10-cu əsr ərəb tarixçisi əl-Bəlazurinin yazdığına görə, Bab-ül-Əbvabdan (Dərbənddən) Bab-Alanadək (Alan keçidi, Alan qapısı) olan ərazidə Sasanilər 360-adək qala tikdirmiş, Nəhəng Sədlər inşa etdirmişdilər.
Azərbaycan alimlərindən A.Ələsgərzadə 1936-cı ildə SSRİ EA-nın Azərbaycan SSR Filialı tərəfindən bölgəyə Səddin tarixini araşdırmaq üçün göndərilmişdi. Azərbaycanın şimal müdafiə istehkamlarını araşdıran tədqiqatçı F.Qədirov da Sədd barədə apardığı araşdırmanın yekunu olaraq, daha öncə qeyd etdiyimiz fikrin doğruluğunu qeyd edib[5].


Katex kəndi ərazisində xüsusi diqqətçəkən tarixi abidələrdən biri də bizim şərti olaraq “Yuxari Katex Məbədi” adlandırdığımız erkən orta əsrlərə aid Alban məbədidir. Kəndin lap yuxarı başında, Kilsə çayın sol sahilində, “Kilsə dağ”ın nisbətən düzən hissəsində tikilən bu məbədin ətrafinda əlavə tikililərin olduğu açıqca görünür. Bu məbəd dünyaca məşhur olan Kiş Məbədi ilə xeyli oxşar olmaqla bərabər, həm də özünəməxsus cəhətlərə də malikdir.
Katex həm də İslam dövrü abidələri ilə çox zəngindir. İlkin araşdırmalar nəticəsində məlum olur ki, 18-19-cu əsrlərdə burada bir neçə məktəb və mədrəsələr fəaliyyət göstərmişdir. Bunlardan birinin ərazisində sufilərin “sınaq yeri” olan “çiləxana” da üzərindəki kitabəsi ilə birlikdə qalmaqdadir. AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşlari Z.Orucov və Ə.Niyazovla birlikdə aparılan ilkin araşdirmalar burada onlarla, hətta yüzlərlə tədqiq olunmamış əlyazma və elmi əsərlər, bir sözlə şox zəngin “xəzinə” vardir. Təkcə bir şəxsə-Ömər ibn Məhəmməd əl-Katexiyə aid bir neçə elmi əsər, o cümlədən “Ərəb dilinin yetmiş qızıl qaydası” adlı əsər üzə çıxarıldı. Əl-Katexinin nəvə-nəticələrinin bildirdiyinə görə, təkcə 1930-cu illərdə bu evdən “altı kəl arabası” kitablar aparılıb və yandırılıb.

 

Bu nadir kitablardan biri hicri 958-ci ildə (təxminən 500 yüz il əvvəl) Molla Teyyub əl-Katexi tərəfindən qələmə alınan əsərdir.İslamşünas tədqiqatçı alim Ə.Niyazovun fikrinə görə, ayrı-ayrı əlyazma və kitabların ilk və son səhifələrində, səhifələrin kənarında Teyyub əl-Katexi, Ömər ibn Məhəmməd əl-Katexi, yaxud dövrünün digər müəlliflərinə məxsus qeyd və şərhlər həmin dövrün sosial-siyasi, iqtisadi və mənəvi durumunu çox aydın təsvir edir və tədqiqatçılar üçün mənbə rolu oynaya bilər.
Bu qədim kənd ərazisində hətta piktoqramlara da (şəkli yazılara) rastlanır və burada qədim insan məskənlərinin olduğunu deməyə əsas verir. Bu abidələr də öz tədqiqatçısını gözləyir.

ƏDƏBİYYAT
1. Архивные материалы МВД Груз. ССР. Шамиль ставленник султанской Турции и английских колонизаторов(Сборник документальных материалов) Тбилиси, 1953, 560с.
2. Пахомов Е.А. Закатальская стена. Труду АГУ. Выпуск I, Ваку, 1950, с.68-90.
3. Никитин К. Елисени. «Кавказ», Тфл.,1864, № 9, с.451.
4. Məmmədli A. Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri (monoqrafiya), Bakı, 2013, 225 s.
5. Qədirov F.V. Azərbaycanın şimal müdafiə istehkamlari. Bakı, “Elm”, 1984, 152 s.

Açar sözlər: Böyük Qafqaz Səddi, qala, məbəd, Yuxarı Katex məbədi, hun, xəzər, sabir.

Key words: The Great Caucasus Wall, castles, temple, Katekhs Temple, hunn, khazar, sabir.

Ключевые слова: Больщая Кавказская Стена, крепосты, храмы, храм Верхнего Катеха, гунны, хазары, савиры.

SummAry
Akif Mammadli-doktor of Philosophy (Ph.D) in History
“The Great Caucasus Wall” and Katekh monuments
The North West region of Azerbaijan is rich in historical monuments. One of the wonderful historikal monuments is the Great Caucasus Wall which waz built in the sixth century. It is situated in the village Katekh. Besides them there are Alban churches, castles, towers, mosques and medresses built in the Middle Ages. Even pictograms were are ancient settlements in this region.

Резюме
Акиф Мамедли-доктор философии по истории, 
научный сотруднил НАНА
«Великая Кавказская Стена» и Катехские памятники.
Северо-западный регион Азербайд жана богата древными историческими памятниками. Самым значительным из этих памятников являются останки Болъшой Кавказской Стены, расположенные в селе Катех Белоканского района и которые датируются 6-м веком. Помимо этого здесь расположены древние Албанские храмы, крепости, сторожевые башни, средневековые мечети и медресе. Также обнаружены пиктограммы, которые являются доказательством факта о том, что этот регион населяли древние люди.

 

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019