Fransada koronavirusdan ölənlərin sayı 12 min 210-a çatıb
COVID-19 pandemiyası başlayandan bəri Fransada ölənlərin sayı 12 min 210-a çatıb. Onlardan 8044 xəstəxanalarda, 4166-sı isə qocalar evlərində dünyasını dəyişib. Son bir sutka ərzində yalnız xəstəxanalarda 424, son 2 gündə isə qocalar evində 929 ölüm faktı qeydə alınıb. Bunda başqa, 369 xəstə reanimasiyaya yerləşdirilib.
Bunu Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.
O bildirib ki, COVID-19 pandemiyası başlayandan 1114 xəstəxana 62 min 641 xəstə qəbul edib. Bu gün xəstəxanalardakı 30 min 767 xəstədən 7066-sı ağır vəziyyətdə reanimasiyadadır. Son bir gün ərzində xəstəxanalara 3000 xəstə gətirilib. Reanimasiyadakı xəstələrin 33 faizi yaşı 60-dan aşağı, 61 faizi yaşı 60-80 arasında, 500 xəstə isə yaşı 30-dan aşağı olanlardır. İndiyədək ölkədə 23 min 200 xəstə koronavirusdan sağalıb.
Səhiyyə üzrə baş direktor qeyd edib ki, yalnız reanimasiya şöbələrində xəstələrin sayı azalanda çətinliyi arxada qoyduğumuz deyə biləcəyik. Diqqətə çatdırıb ki, aprelin 10-da təcili tibbi yardıma çevrilmiş iki yeni sürət qatarı xəstələri İl-dö-Frans regionundan digər regionlara daşıyacaq.