COVID-19: Fransada koronovirusdan ölənlərin sayı 18 minə çatıb

Fransada COVID-19 virusuna yoluxanların sayı 108 min 847-yə çatıb ki, bunlardan 2641-i son 24 saatda virusa yoluxub.

Bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, epidemiya başlayandan virusa yoluxanların 75 mindən çoxu xəstəxanalara yerləşdirilib. Son bir gün ərzində xəstəxanalara 1823 xəstə qəbul edilib. Reanimasiyada 6248 ağır xəstə var.

Son sutkada 753 olmaqla, ölkədə COVID-19 epidemiyasından ümumilikdə 17 min 920 ölüm qeydə alınıb. Xəstəxanalarda 11 min 60, qocalar evlərində isə 6 min 860 ölüm faktı olub.

Səhiyyə üzrə baş direktor qeyd edib ki, artıq səkkizinci gündür reanimasiyalarda xəstələrin sayı tədricən azalır.

 

Şəhla Ağalarova