Son sutka ərzində Fransada koronavirusdan 135 ölüm faktı qeydə alınıb
Fransa 130 min 979 yoluxma və 24 min 900 ölüm faktı ilə COVID-19 pandemiyasına ən çox məruz qalmış Avropa ölkələri arasında 3-cü yerdədir.
Bu haqda Fransa Səhiyyə Nazirliyinin mətbuata açıqlamasında bildirlib.
Qeyd edilib ki, ölkədə son 24 saat ərzində 135 ölüm faktı qeydə alınıb. Martın 1-dən xəstəxanalarda 15 min 583 və qocalar evlərində isə 9 min 312 ölüm faktı qeydə alınıb. Epidemiya başlayandan 92 min 799 koronavirus xəstəsi xəstəxanalara yerləşdirilib və onlardan 50 min 784-ü sağalıb. Hazırda xəstəxanalarda 25 min 815 xəstə var ki, onlardan 345-i son bir sutka ərzində xəstəxanalara daxil olub. Reanimasiya şöbələrində hələ də 3 min 819 ağır xəstə var.
Epidemiyaya qarşı birgə mübarizə aparmaq və virusun yayılmasının qarşısını almaq üçün əhali karantin rejiminin qaydalarına riayət etməyə çağırılıb.
Qeyd edək ki, Fransada COVID-19 virusunun yayılması departamentlərdə yaşıl, narıncı və qırmızı rənglərlə göstərilib. Bu rənglər yeni koronavirusa yoluxma təhlükəsini, eləcə də virusun fəal yayılmasını və xəstəxanalarda vəziyyətin gərginliyini əks etdirir.
Mayın 7-də ölkədə epidemiyaya yeni yoluxma və ölüm faktlarının sayına əsasən, təcrid olma rejimindən tədricən çıxmaqla bağlı qərar qəbul ediləcək.
Şəhla Ağalarova