Beyrutda partlayışın vurduğu zərər hesablanıb: 3-5 milyard dollar
Beyrut şəhərinin qubernatoru Mərvan Abbud limanda baş verən partlayışın vurduğu zərəri 3-5 milyard dollar həcmində qiymətləndirib.
Bu barədə LBCI Nеws portalı məlumat yayıb.
“Partlayış nəticəsində Beyruta 3 milyard dollardan 5 milyard dollaradək, bəlkə də daha çox zərər dəyib. Yüzlərlə şəhər sakini evsiz qalıb”, - deyə Livan paytaxtının qubernatoru bildirib.
Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman zonasında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb.
Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub. Hökumət hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.