AZƏRBAYCANIN SELİTRA POTENSİALI HAQQINDA

HƏMİD ASLANOV,  ADNSU-nun “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi Kafedrasının” dosenti

Selitra Azərbaycanda ən zəif öyrənilmiş və ən az işıqlandırılmış mineral xammallardan biridir. SSRİ dövründə nitrat tərkibli gübrələr və başqa respublikalardan gətirildiyindən Azərbaycanda selitraya lazımi diqqət yetirilməmişdir. Selitra haqqında seyrək və məhdud xarakterli materiallar isə keçən əsrin əvvəllərinə aiddir. Sonraki dövrə aid geoloji ədəbiyyatda isə selitraya dair materiallar nadir istisnalardan ibarətdir və demək olar ki, yox dərəcəsindədir.
Azotun yeganə təbii birləşmələrindən ibarət olan selitra kaliumlu nitrokalit KNO3 və natriumlu- nitronatril NaNO3 minerallarından təşkil edilir. Selitra yataq və təzahürləri çox iqlim şəraitində quraq hətta bitki qatı yaranmayan yerlərdə əmələ gələrək formalaşırlar. (6)
Selitra qrunt sularından yuxarıda yer səthində yaranaraq toplantılar əmələ gətirir. Müəyyən edilmişdir ki, səhra şəraitində əvvəlcə gips, sonra nisbətən daha quru iqlimdə qlanberit və nəhayət selitra yaranıb tərkibcə 35-45% nitratdan ibarət olan selitranın bir neçə %-i kaliumlu, 15-50% həll olmayan qalıqdan, 10-30% isə sulfatlardan və xloritlərdən təşkil olunur. (6)
Azərbaycanda Tatarlı və Tumbul selitra yataqları və çoxsaylı selitra təzahürləri müəyyən edilərək qismən öyrənilmişdir.
Tatarlı selitra yatağı Zəyəm dəmir yol stansiyasından 14-15 km cənub qərbdə aşkarlanmışdır. Burada 0.7 kv.km ərazidə selitralı süxurları dördüncü dövrün xvalın mərtəbəsinin sarı, açıq qonur, tünd qəhvəyi lyosa oxşar əhəngli gilcələrlə təmsil olunmuşdur. Faydalı qatın qalınlığı 11 m-dir. Yataqda 2 horizont ayrılır. ÜST horizontun qalınlığı tam incədənəli, arabir külə çevrilmiş açıq boz rəngli gilcələrdən ibarətdir. Bu horizontda selitra sapvari, nöqtəvari formalı kalinitratla təmsil olunmuşdur. ÜST horizontun qalınlığı 1.43 m-dir. Kimyəvi analizin nəticələrinə əsasən KNO3-1.57%, CaO-7-18%,GiO2-40-45%, MgO-3.51-4.14%, SO3-1.1-1.76%, Fe2O3-6.55-6.96%, Al2O3-10.0-11.6% miqdarındadır.
Alt horizontda selitra ellipsaidal, aypara aqreqat formalarında rast gəlir və qənd kimi ağ mikroskopik qlobulyar yığıntılar əmələ gətirir. Alt horizontun orta qalınlığı 5.6 m təşkil edir. KNO3-ün orta miqdarı 6.7% təşkil edir. Kimyəvi analizin nəticələrinə görə CaO-12.9-14.5%, GeO2-47.5-52.5%, Al2O3-13.45-16.2%, SO3-3.7-4.16% miqdar təşkil edirlər. Müəyyən edilmişdir ki, faydalı qatda Al2O3-ün miqdarı yüksəldikcə selitranında miqdarı yüksəlir.
Tatarlı selitra yatağı orta miqyaslı yataqlar qrupuna aid edilir. Onun proqnoz resursları 10 milyon m3 hesablanmışdır. Yataq istismar üçün əlverişli dağ texniki şəraitə malik olsa da bu vaxtadək istismar edilməmişdir.
Tumbul selitra yatağı Naxçıvan şəhərindən 3.5 km cənub-şərqdə, Araz çayı vadisində, Novruzlu, Ağkənd və Tumbul kəndlərinin ətrafında aşkar edilmişdir. Yataq istismar üçün əlverişli dağ-texniki şəraitdə yerləşir. Hələ 1862-1872 ci illərdə burada selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. Selitradan barıt hazırlanır. Yataqda 3-cü dövr çöküntülərinin tərkibində selitra il yanaşı qaluberit duzunun və nadir hallarda gips qatlarının da rast gəldiyi qeyd edilmişdir. (5.7)
Burada selitralı zona Ə.M.Şıxlinskinin Naxçıvan aqroiqlim vilayəti daxilində ayırdığı Düzənlik aqroiqlim rayonuna uyğun gəlir. Bu rayon Naxçıvan MR-də ən az yağıntı düşən sahədir. Burada illik yağıntının miqdarı cəmi 220-230 mm təşkil edir. Yağıntı yayda xeyli azalaraq, iyul-avqust aylarında 6-10 mm-dən artıq olmur. Ərazidə buxarlanmanın xeyli az, mümkün buxarlanmanın isə yüksək olması ilə burada illik buxarlanma çatışmazlığı baş verir. (4)
Tumbul selitra yatağının adı çoxdilli “Azərbaycan geologiyası”nda (V cild, 1654), Azərbaycan CCPEA Xəbərlərinin (geologiya-coğrafiya elmlər üzrə) Naxçıvan MGSR-ə həsr olunmuş 1945-ci il 5-ci nömrəsində dərc olunmuşdur. M.Ə.Qaşqayın “Naxçıvan MGSR-in faydalı qazıntı yataqları” məqaləsində və Naxçıvan MGSR-in 50-illiyinə həsr olunmuş və “Elm” nəşriyyatının 1975-ci ildə çap etdiyi topluda yenə M.Ə.Qaşqayın “Naxçıvan MGSR-in faydalı qazıntıları” məqaləsində xatırlansa da başqa məlumatlar verilməmiş və yalnız bu yatağın yaxşı öyrənilmədiyi qeyd edilmişdir. (2.3.4) Yataq sonrakı dövlərdə də öyrənilməmişdir.
Laçın selitra məkanında 30 təzahür müəyyən edilmişdir (6). Bunlar əsasən Şuşa- Laçın yolunun qərb tərəfində yerləşirlər və həcmləri 5-25 m3 olan kiçik mağaralarda aşkarlanmışlar. Bu məkanda Abdallar, Ağoğlan və Həkəri selitra təzahürləri qrupları ayrılmışdır.
Abdallar selitra təzahürləri qrupu Laçın rayonunun Abdallar kəndi yaxınlığında müəyyən edilmişdir. Burada selitra 5-25 m3 ölçülü kiçik mağaralarda rast gəlir. Sırnaqlarda selitranın miqdarı 1% qədərdir.
Ağoğlan qrupu selitra təzahürləri Ağoğlan çayının hövzəsindəki mağaraların süxurları üzərində əmələ gələn selitra bozartıları ilə təmsil olunurlar. Bu qrup təzahürlərdə də selitranın miqdarı 1% qədərdir.
Həkəri qrupu selitra təzahürləri Həkəri çayının aşağı axına hövzəsində cəmlənmişdir. Burada da kiçik mağaralarda süxurların üzərində selitra bozartıları müşahidə edilir və analoji tip minerallaşma qeyd olunur. Bu qrup təzahürlər də kifayət qədər öyrənilməmiş və qiymətləndirilməmişdir.
Minkənd selitra təzahürləri qrupu eyniadlı çayın hövzəsində aşkar edilmişdir. Bu qrup selitra təzahürləri mağaraların tavanında vədabanında yayılmış selitra bozartılarından təşkil olunmuşlar. Selitranın tutumu 1%-ə qədərdir. Təzahürlər yaxşı öyrənilməyiblər və qiymətləndirilməyiblər.
Zabuxçay selitra təzahürləri qrupu da eyniadlı çayın hövzəsindəki mağaralarda, tavan və daban hissələrdə yaranmış selitra bozartılarından ibarətdir. Bu təzahürdə də selitranın konsentrasiyası 1%-ə çatır. Təzahürlər istifadə üçün əlverişli, dağ-texniki şəraitə malikdirlər.
Kosalarçay selitra təzahürü Şuşa şəhərindən 35 km məsafədə Kosalar kəndi yaxınlığında eyniadlı çayın sol sahilində açılmışdır. Burada da selitralı süxurlar mağaraların daban və tavan hissələrində müşahidə olunurlar. Selitranın tutumu 1% - ə qədər çatır (6).
Eldaroyuğu və Palantökən selitra təzahürləri 1930-cu illərdə V.R.Beryozın və S.A.Naumov tərəfindən tədqiq edilmişdir. Bu təzahürlər Eldaroyuğu dağının yaxınlığında müəyyən edilmişdir. Burada Natriumlu selitra yayılmışdır. Selitralı süxurlar kiçik təpələrin yamacaları boyu 60 m eni olmaqla 8 km uzanırlar. NaNO3-0.01% dən artıq miqdardadır. İstismar üçün əlverişli dağ-texniki şəraitə malik olsalar da bu təzahürlər də kifayət qədər öyrənilməmiş və proqnoz qiymətləndirilməmişdir.
P.S Mirzəyeva görə Naxçıvan MR aqroiqlim rayonlaşdırılması əsasında selitranın proqnozlaşdırma xəritəsi
Sərti işarələr: Aqroilim rayonları – 1. düzənlik;
2. orta dağlıq; 3. yüksək dağlıq; Selitraya perspektivli ərazilər; 4. potensial perspektivli; 5. yüksək perspektivli;
6. Aqroilim rayonlarının sərhədləri; 7. Ermənistanla sərhəd xətti; 8. Çaylar.

Selitra barəsində bütün bu yazdıqlarımızı yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlirik:

1) Selitra vacib strateji mineral xammaldır və geniş tətbiqolunma sahələrinə malikdir. Azotlu təbii material yataqları Azərbaycanda XIX əsrin ortalarından bəllidir və Şəmkir, Laçın rayonlarında, Naxçıvan MR-də iri selitra yığıntıları müəyyən edilmişdir (XIX əsrin 2-ci yarısında Naxçıvan şəhəri yaxınlığındakı Tumbul kəndi ərazisində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir). M.V.Abramoviçin işlərində Abşeronda, Maştağa qəsəbəsindən şimal-şərqdə selitra təzahürünün mövcudluğu göstərilmişdir. A.Uklonski (1916 cı il), A.V.Nikolayev (1927 ci il), O.Stuquyev (1927 ci il) də həmçinin Azərbaycanın müxtəlif rayonlarında selitra təzahürləri olduğunu qeyd etmişlər (8). V.P.Beryozin və S.A.Naumov 1930-cu illərdə Eldaroyuğu və Palantökən selitra təzahürlərini səhr edərək selitralı sahənin 60 m enində zolaqla 8 km uzandığını göstərmişlər;
2) Naxçıvan MR, Orta Araz çökəkliyi, Qazax-Gəncə-Qarabağ dağönü (dağətəyi) düzənliklər, Ceyrangöl-Acınahur sahəsi, Şamaxı-QobustanAbşeron yarımadası əraziləri, Şahdağ-Xızı çökəkliyi selitranın əmələ gəlməsi üçün əlverişli iqlim və relyef şəraitinə malikdir;
3) Azərbaycanda son 80 ildə (və ümumiyyətlə heç vaxt) selitraya məxsusi, məqsədyönlü və sistemli şəkildə nə elmi-tədqiqat, nə də axtarış və kəşfiyyat aparılmamışdır;
4) Azərbaycan kənd təsərrüfatı ölkəsidir, odur ki, azotlu birləşmələr, o cümlədən selitra ölkəmizə hava və su kimi gərəklidir.
Sadalanan bu nəticələr əsasında tövsiyyə olunur:
1. Azərbaycan ərazisi selitralıq baxımından geoloji-təftiş və pekoqnosirovka işlərinə cəlb edilməklə və kompleks tədqiqatlarla müxtəlif dərəcəli perspektivliyə malik ərazilərə ayrılsın; 2. Daha perspektivli sahələrdə və obyektlərdə bütün faktiki materiallar nəzərə alınmaqla kompleks xüsusi axtarış və kəşfiyyat işləri həyata keçirilsin, bu işlərdə dünya təcrübəsindən, elmi-texniki və texnoloji yeniliklərdən bəhrələnərək istifadə edilsin;
3. İqtisadi qiymətləndirmədən sonra istismara başlanılsın. Azərbaycanda sənaye əhəmiyyətli, çoxsaylı selitra yataqları kəşf edilərək istismara cəlb olunacaqlarına şübhə yoxdur.

Ədəbiyyat
1. Azərbaycanın geologiyası, V cild, Qeyri filiz faydalı qazıntılar, Bakı, 1954.
2. Qaşqay M.Ə.Naxçıvan MSSR faydalı qazıntı yataqları. Azərbaycan SSR EA Xəbərləri (geologiya-coğrafiya elmləri üzrə), 1945-ci il № 5.
3. Qaşqay M.Ə.Naxçıvan MSSR faydalı qazıntıları, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası – 50. Elm nəşriyyatı, Bakı, 1975. S.115-138.
4. Mirzəyev P.S.Naxçıvan MSSR-in iqlim xüsusiyyətləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası-50. Elm nəşriyyatı, Bakı, 1975. S.281-296
5. Азизбеков Ш.А. Геология Нахичеванской АССР. М.Госгеолтекиздат, 1961, 502с.
6. Баба-заде В.М., Пириев А.С., Мамедов З.И. Селитра в сб. Минерально-сыреые ресурсы Азербайджана. Баку, 2005, с.657-659,
7. Паффенгольц К.Н.Геологический очерк Нахичеванской АССР, АзФАН, Баку, 1940, 140с.
8. Уклонский А.Селитра, серный колчедан и цинковая руда в Закавказье, Рудный вестник, т1, 1916, №1-2.