Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə kuboklar təqdim olunub.

Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

“Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.

Qran-Pridə ikinci yeri tutan Serxio Peresə (“Red Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhərağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.