Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycanla Özbəkistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkəyə səfəri tərəflər arasında əlaqələri daha da genişləndirəcək. Politoloq Fikrət Sadıqov deyir ki, səfər zamanı  müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması hər iki ölkə üçün yeni imkanlar açacaq. 

Strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət daha da genişləndiriləcək, ikitərəfli münasibətlər ən yüksək səviyyəyə çatdırılacaq. Prezident İlham Əliyevin Özbəkistana səfəri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Politiloq Fikrət Sadıqov hesab edir ki, bu səfər hər iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafında mühüm rol oynayacaq.

Politoloqun fikrincə, Azərbaycan və Özbəkistan öz regionlarında aparıcı dövlətlərdir. İki ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında qəbul edilən siyasi bəyannamə xüsusi əhəmiyyət daşıyır. Üstəlik, tərəflər arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması ikitərəfli münasibətləri daha da dərinləşdirəcək.

Politoloq qeyd edir ki, hər iki prezident tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamalar verib. Bu, əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı iqtisadi-ticari fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına zəmin yaradacaq. Hər iki dövlət bundan sonra da beynəlxalq platformalarda bir-birinə dəstəyini davam etdirəcək.

Fikrət Sadıqovun fikrincə, kənar təhdidlərin olduğu bir dövrdə hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir.