BİR MUZEY EKSPONATI, YANLIŞ İNFORMASİYA VƏ GERÇƏKLİK

İnformasiya əsrində yaşayırıq, onsuz yaşamaq sanki mümkünsüz olsa daonun bolluğunda boğulan kimiyik. Hər yer - qəzet, internet səhifələri, radio və televiziya kanalları lazımı və lazımsız xəbərlərlə doludur. Təəssüf ki, bu informasiya okeanındamaraqlı xəbərlərlə yanaşı, “qaynar xəbər” dalınca qaçıb, doğru-düzgünlüyü dəqiq araşdırılmadan verilən xəbərlər də az deyildir. Məsələn, 2017-ci ildə ARB televiziyası və bəzi internet saytları “İsmayıllıda meteorit tapılıb” başlıqlı xəbərlər yaydılar.Xəbərdə mete­orit eksponatının saxlandığı İsmayıllı rayonunun Tarix Diyarşünaslıq muzeyindən reportaj təqdim edilirdi. Xəbər və eksponatın görüntüləri diqqətimi çəkdi. Axı, Azərbaycan ərazisinə elmə məlum olan cəmi 3 meteorit düşmüşdü. Araşdırma aparmaq qərarına gəldim. Məlumatın doğruluğunu yoxlamaq və “həqiqətənmi həmin eksponat 4-cü meteoritdir?” sualına cavab tapmaq məqsədilə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Aliyar Əliyevlə İsmayıllı rayonuna yollandıq...
Mənzil başına çatana qədər meteoritlər haqqında bəzi məlumatları oxucularla bölüşməkyerinə düşərdi. Meteoritlər cox maraqlı fəza cisimləridir, kosmosun, Yerdənkənar aləmin nişanələridir. Yer süxurlarından fərqli tərkibə və struktura malikdirlər. Onların öyrənilməsi Kainat, onun yaranması və inkişafı haqqında biliklərimizi zənginləşdirir.

Hər il Yer kürəsinə ümumi çəkisiiki min tondan çox olan irili-xırdalı minlərlə meteorit düşdüyü ehtimal edilir.Lakin onların böyük əksəriyyəti Yerə çatmadan səmada atmosfer qatı ilə sürtünmədən alışıb yanırlar.Onlar adətən daş meteoritlərdir. Məsəln,1908-ci ildə Sibirə düşmüş və çox ciddi fəsadlar törətmiş məşhur Tunqus bolidi elmə məlum olan ən böyük meteorit olmasına baxmayaraq, onun heç bir nümunəsi tapılmamışdır.
Ümumiyyətlə, meteoritlər tərkiblərinə görə 3 növ olurlar: daş (xondrit), dəmir və dəmir-daş meteoritlər. Yer kürəsinə indiyə qədər düşmüş meteoritlərin böyük əksəriyyəti – təxminən 92,8%-i daş, 5,7%-i dəmir, 1,5%-i faizi isə dəmir-daş meteoritlər olmuşdur. Dəmir meteoritlər isə əksinə, tərkibləri odadavamlı metallardan (dəmir, nikel və s.) ibarət olduğundan onlar daha böyük ölçülərdə Yer səthinə gəlib çata bilirlər. Belə meteoritlərdən ən böyüyü 1920-ci ildə Namibiyada aşkar edilmiş Hoba adlı meteoritdir ki, hazırda düşdüyü yerdə milli abidə kimi qorunub saxlanılır. Ölçüsü 2.7x 2.7x 0,9 metr, çəkisi təqribən 66 tondur. Alimlər onun 80 min il əvvəl yerə düşdüyünü ehtimal edirlər.İri meteoritlərin düşdüyü yerdə krater(astroblem) əmələ gələ bilər. Bu tipli ən məşhur krater ABŞ-ın Arizona ştatında yerləşir,diametri 1,2 km-dir. 65 milyon il bundan əvvəl Meksikanın Yukotan yarımadasına düşmüş və Yerin inkişaf tarixində ciddi dəyişikliklərə səbəb olmuş Çiksulub meteoritinin əmələ gətirdiyi kraterin diametri isə 180 km-ə çatır. Bu da son deyil: alimlər Atarktidanın Uilliks Torpağı ərazisində qalın buzlar altında diametri 500 km olan nəhəng meteorit kraterinin olduğunu ehtimal edirlər.Müqəddəs Məkkə şəhərində, hər il milyonlarla müsəlmanın təvaf etdiyi (dövrə vurmaq) Kəbənin bir küncündə yer almış Həcərül-Əsvəd daşının (“Qara daş”)da meteorit mənşəli olması haqqında mülahizələr mövcuddur.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ərazisinə hələlikelmə məlum olan cəmi 3 meteorit düşübdür. Onlardan birincisi - hazırda Çikaqo muzeyində saxlanan, çəkisi 28,25 kq olan daş meteorit 1898-ci ildə indiki Qazax rayonu ərazisinə, ikincisi - hazırda Moskvada Rusiya Elmlər Akademiyasının Meteorit muzeyində saxlanan, çəkisi 3.5 kq olan daş-dəmir meteorit 1906-cı ildə indiki Ağcabədi rayo­nun Hindarx kəndi ərazisinə düşmüşdür.

Və nəhayət, dəmir tərkibli böyük bir meteorit 1959-cu ildə Yardımlı rayonunun Ərus kəndi ətrafına düşmüşdür. Ümumi çəkisi 151 kq olan bu meteorit 6 hissədən ibarət olmuş və ən böyük hissənin çəkisi 127 kq, ölçüsü isə 48x26sm-dir. Hazırda bu meteorit Pirquluda Şamaxı Astrofizika Rəsədxanasının muzeyində saxlanılır.
... İsmayıllı şəhərinə çatdıq.Muzey geniş və səliqəli Heydər Əliyev adına şəhər parkında müasir bir binada yerləşir və zəngin eksponat fonduna malikdir. Direktor Mayıl Fərəcov muzey haqqında ümumi məlumat verdikdən sonra meteorit adlandırdıqları eksponatı bizə təqdim etdi.


Bu, ölçüsü təxminən 30x35x15sm olan və hər iki tərəfindən yastılaşmışdairəvi qara daşdır.Deyilənə görə onu yerli sakinlərdən biri 1982-ci ildə Girdimançayın yatağında tapıb və maraqlı, həm də digər çay daşlarından fərqli görkəminə görə muzeyə təhvil verib. Zahiri görünüşü tısbağa zirehini xatırlatsa da, ölçülərinə nisbətən çəkisinin ağırlığı (10,6kq) diqqət çəkir. Məhz bu səbəbdən onun meteorit olmasıdüşünülmüş, amma ciddi tədqiq edilməmişdir. Lakin eksponatın meteorit olmadığı ilk baxışdanməlum olur. Belə ki, daşın zahiri görünüşündə meteoritlərə məxsusərimiş qabıq, çuxur-çökəkliklər, massivlik əvəzinə, hamar səthində müxtəlif istiqamətli çoxlu sayda dolmuş çatlar (damarcıqlar) müşahidə olunur ki, bu da onun yer mənşəli olmağından xəbər verir.

Çox gözəl təbii görünüşlü bu daşın bütövlüyünü pozmaq və yaraşığına xələl gətirmək istəmədik və ondan kiçicik, cüzi bir qırıntı qoparıb AMEA-nın Geologiya və Geofizika İnstitutunun laboratoriyasında analiz etdirdik. Damarcıqların karbonat mənşəli olması, süxurda kalsit mineralının çoxluğu və ümumiyyətlə, kalsium, maqnezium və dəmir elementlərinin nisbətən yüksək miqdarı süxurda dəmirmineralının (siderit)varlığından xəbər verir. Alınan ilkin nəticələr də eksponatın meteorit olmadığını sübut edir. Bəs, elə isə bu daşın mənşəyi nədir belə? Daşın çay yatağında tapılması, aydındır ki,onun Böyük Qafqaz dağlarının cənub yamaclarındakı laylardan qopub düşməşini göstərir.Həqiqətən, Girdiman çayının yuxarı axınında, Lahıc kəndi ətraflarında Pg+Ne yaşlı, yəni təxminən 22 mln.il əvvəl dəniz şəraitində əmələ gəlmiş qara rəngli gil layları və onların içərisində diametri bəzən 1m-ə çatan “konkresiya” adlanan sferik cisimlər mövcuddur. Həmin cisimlərin nüvəsi adətən pirit, siderit kimi dəmir minerallarından ibarət olur. Aşınma nəticəsində konkresiyalar zaman-zaman “yuvalarından” qopub düşür və tədricən məhv olurlar. Görünür, bu cəhətdən“bizimdördüncümeteoritin” bəxti daha çox gətirmişdir.

Nə vaxtsa o öz “yuvasından” qopub düşsə də çay sularında uzun illər yuyulub təmizlənmiş, yuvarlanaraq hamarlanmış və nəhayət, sonda muzey eksponatına çevrilmişdir.Bəli, yanlış bir informasıyanın sorağına düşüb İsmayıllı rayonuna getdik, Azərbaycanın dördüncü meteoritini görmək arzusu ilə, amma görəmmədik, çünki o eksponat, sadəcə olaraq, meteo­rit deyildi. Yanlış da bir naxışdır, deyirlər. Meteorit olmasa da istənilən halda, bu qeyri-adi görünüşlü daşı tapıb muzeyə verənin də, muzeydə onu qoruyub saxlayanların da əməyi təqdir olunmalıdır, çünki Vətənin hər daşının, torpağının qədrini bilmək hamımızın vətəndaşlıq borcudur. Və sonda: yaxşı olar ki, müzeylərimizdə mənşəyi sual doğuran eksponatlar mütəxəsislər tərəfindən dəqiq tədqiq edildikdən sonra nümayiş etdirilsin və jurnalistlərimiz də “isti xəbər” dalınca qaçarkın xəbərin səhihliyinə diqqət yetirsinlər.

 

RƏŞİD FƏTƏLİYEV
AMEA-nın akad. H.Ə.Əliyev ad.
Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

 

Fotosessiya