Referendumdan sonra Ukraynanı gözləyən geopolitoloji ssenarilər

Rusiyaya birləşdirmək haqqında referendumdan və Moskvada təntənəli surətdə memorandum imzalandıqdan sonra Ukrayna özünün dörd vilayətini itirdi. İndi onu qarşıda gözləyən geopoltoloji ssenarilər heç də ürəkaçan deyil. Çünki hadisələrin gedişi nüvə silahından istifadəni daha real edir.
Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsindən sonra bu ölkəni və ümumiyyətlə regionu gözləyən mümkün geopoloitoloji ssenariləri nəzərdən keçirək:
-Birinci ssenaridə ABŞ və Rusiyanın hadisələrin üçüncü dünya müharibəsi və nüvə silahından istifadə etməyə doğru getdiyini hiss edərək dialoq üçn qapı açırlar. Bu ssenarinin ən yaxşı ssenarı olmasına baxmayaraq onun həyata keçməsi mümkün kimi görünmür. Çünki bu zaman tərəflərin kompramisə getməsi tələb olunur ki, buna indi heç kim hazır deyil. Digər tərəfdən Amerika və onun Avropa üzrə müttəfiqləri Rusiyanın nüvə silahından istifadə edə biləcəyinə hələ də inanmırlar. Ola bilər ki, onlar Putinin nüvə zərbəsi ilə bağlı blef etmədiyini dəqiqləşdirdikdən və ya Ukraynanın bir neçə şəhərinə Rusiyanın göndərdiyi taktiki nüvə bombası düşdükdən sonra onlar təhlükənin miqyasını başa düşəcəklər. O zaman isə artıq gec olacaq.
İkinci ssenari daha təhlükəlidir. Burada Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında təxribat törətməsi nəticəsində partlayış yaratması nəzərdə tutulur. Bu partlayış Çernobılda baş verən partlayışdan dəfələrlə dağıdıcı olacaq və dünya ictimaiyyətinin, qonşu dövlətlərin diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındıracaq. Bu partlayışın vurduğu nəticələrin aradan qaldırılması üçün bir neçə 10 il lazım gələcək ki, Rusiya bu müddət ərzində özünə referendum yolu ilə birləşdirdiyi torpaqları həzm edə biləcək.
Üçüncü ssenaridə əgər Ukrayna Rusiyanın özününküləşdirdiyi torpaqlara hücumu davam etdirərsə və torpaqların qaytarılması reallaşarsa Rusiya heç şübhəsiz taktiki nüvə silahına əl atacaq. Taktiki nüvə silahı işə salınarsa artıq bu Ukraynanın, həm də qonşu Avropa ölkələrinin Rusiyanın nüvə zərbələrinə məruz qalmasına səbəb olacaq. Əgər Qərb Rusiyaya qarşı müharibəyə qoşulacaqsa bu artıq üçüncü dünya müharibəsi və dünyanın yarıdan çoxunun dağılması ilə nəticələnəcək.
Rusiya Ukrayna və onun Qərbdən olan müttəfiqləri ilə müharibədə artıq əlində olan bütün imkan və variantlardan istifadə edib.Onun imkanları tükəndiyi kimi variantları da tükənmək üzrədir. Rusiyanın əlində yalnız taktiki nüvə silahından istifadə etmək şansı qalıb. Putin öz torpaqlarını müdafiə etmək və dövləti dağılmaqdan qurtarmaq adı altında heç şübhəsiz nüvə silahından istifadə edəcək. Əgər həqiqətən Ukraynanın hücumları Kreml üçün real təhlükə törədərsə.

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru