KƏLBƏCƏR RAYONUNUN BƏZİ TOPONİMLƏRİNİN TARİXİ-COĞRAFİ MƏNŞƏYİ HAQQINDA
Tarixi-coğrafi toponimlər hər bir xalqın coğrafi məskunlaima tarixini, həyat tərzini, inkişafını, təfəkkürünü, təkammülünü, mədəniyyətini göstərən ən dəyərli elmi qaynaqlardır və hər hansı bir ərazi məkanının hansı xalqa mənsub olmasını göstərən ən real sübutlardır. Təəssüf ki, bu gün müvəqqəti işğal altında olan torpaqlarımızın yeraltı və yerüsütü sərvətləri düşmən tərəfindən talan olunur və toponimləri də dəyişdirilərək erməniləşdirilir. Buna görə də işğal olunmuş ərazilərin hər bir mikrotoponimlərinin toplanılması, xəritələşdirilməsi və onların olduğu kimi gələcək nəsillərə ötürülməsi olduqca vacibdir, eyni zamanda ermənilərin tariximizi saxtalaşdırmaq əməllərinə böyük zərbədir.
Həqiqətən, Qarabağ, onun bir parçası olan Kəlbəcər rayonunun əraziləri tarixən qədim türk xalqlarının coğrafi yaşayış məskənlərindən biri olmuşdur. Məskunlaşmış ərazilər zaman-zaman xalqın tarixi-coğrafi, milli-mənəvi fəaliyyətini, sosial-iqtisadi təkamülünün inkişafını özündə əks etdirən tarixi-coğrafi toponimlərlə zənginləşmişdir. Kəlbəcər toponimiyasında coğrafi adların böyük bir qrupunu hidronimlər təşkil edir. Ərazinin əsasən orta və yüksək dağlıq relyef üçün xarakterik olan hidroobyektəlrin (bulaq, çay, göl) geniş yayılması ilə əlaqələndirilir.
Son dövrlərdə Kəlbəcər ərazisinə coğrafi cəhətdən bələd olmayanlar, bu rayonun toponimlərinin coğrfi mənşəyi ilə bağlı yanlış elmi fikirləri ilə ərazinin toponimlərini təhrif edirlər. Nəticədə tarixi yer adlarımızın saxtalaşdırılmasına imkan yaradır, elimizin, obamizin bu günümüzə gəlib çatmış tarixi faktlarına zərbə vurmuş oluruq.
Əslində coğrafi toponimlərin mənşəyinin saflığını qorumaq, tarixi-milli dəyərini gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.
Qeyd edək ki, ilk dəfə Kəlbəcər toponimlərinin bu səpkidə aparılan tədqiqatçılarından biri Məzahir Təhməzov olmuşdur. Onun 2008 və 2011-ci illərdə çapdan çıxan «Kəlbəcər, ensiklopedik məlumatlar, toponimlər-fotoşəkillər-xəritələr», 2013-cü ildə çap olunan «Kəlbəcər, ensiklopedik məlumatlar» adlı kitablarında Kəlbəcər toponimləri və onların coğrafi mənşəyi haqqında geniş elmi məlumat verilmişdir.
Kəlbəcər rayonunun hidronimləri
Bulaqlar haqqında
Kəlbəcər rayonunda müxtəlif mənşəli 1200-dən çox adı olan bulaq var. Bu hidronimlər əsasən yerləşdiyi ərazinin relyef formasına, torpağın, süxurların rənginə, bitki örtüyünə və s. uyğun olaraq adlandırılmışdır. Məsələn Ağbulaq, Sarıbulaq, Qarabulaq Daşbulaq, Novlu bu-laq, Göybulaq kimi bulaq adlarına daha çox rast gəlinir.
Ağbulaq 20 kəndin, o cümlədən Ağyataq, Oruclu, Zivel və başqa kəndəlrin ərazisində yerləşir. Bu toponim bəzən bulaq suyunun, bəzən də bulağın mənbəyində süxurların ağ rəngdə olması ilə əlaqədardır.
Alıyuyulan bulaq İstibulaq kəndinin ərazisindədir. Bulaq kənddən uzaq məsafədə yerləşir. Bu ərazidə vaxtılə Alı adında kişi vəfat edib. Kənd uzaq olduğundan onu bulağın yanında yuyub, kəfənləyib qəbirstanlığa aparıldığına görə bulaq onun adı ilə tarixləşmişdir.
Ağa bulağı Başlıbel kəndinin ərazisində Ağcaqız yaylağında yerləşir. Bulağın yanındakı məkanda yay aylarında Ağdamın Xıdırlı kəndinin sakinləri məskunlaşarmış. Rəvayətə görə bir dəfə yay vaxtı imiş. Başlıbel sakini Məşədi Cəfər bu bulağın ətrafına daş düzüb, onu səliqə ilə sahmana salırmış. Qız-gəlinlər su gətirməyə gedəndə görürlər ki, bulağın yanında bir kişi xeylağı var. Onlar geriyə qayıtmalı olurlar. Su gözləyən kişilər bunun səbəbini soruşanda qızlar əhvalatı danışırlar. Kişilər bulağın yanına gələndə görürlər ki, Məşədi Cəfər hamının istifadəsi üçün bulağı daşdan hörür. Qadınlara deyirlər ki, ağa bulaq düzəldir. Vaxtılə o tərəflərdə ağa seyidə deyildiyinə görə bulaq da onun adından götürülmüşdür.
Baldırğanlı bulaq Abdullauşağı, Günəşli (keçmiş Kilisəli), Xöləzək, Kərəmli (İmarət Qərvənd), Qamışlı, Mərcimək, Nadirxanlı kəndəlrinin ərazisində yerləşir. Bulağın ətrafında çoxlu baldırğan bitkisi bitdiyinə görə belə adlanır.
Beşbeş bulaq Laçın kəndinin ərazisindədir. Bulağın beş gözü olduğuna görə belə adlanır.
Beş bulaq Zərqulu kəndinin ərazisindədir. Bulağın gözünün sayı beş olduğuna görə belə adlanır.
Dördgözlü bulaq Ağdaş kəndinin ərazisindədir. Bulağın gözünün sayı dörd olduğuna görə belə adlanır.
Yeddibulaq Aşağı Ayrım, İlyaslar, Baş, Orta və Aşağı Qaraçanlı, Məmməduşağı, Oruclu, Şaplar, kəndlərin ərazisindədir. Bulağın gözünün sayı yeddi olduğuna görə belə adlanır.
Ongöz bulaq Ağdaban, Çayqovuşan, Dəmirçidam, Güneypəyə, Qanlıkənd kəndlərin ərazisindədir. Bulağın gözünün sayı on olduğuna görə belə adlanır.
Qırxbulaq Çopurlu və Təkəqaya kəndlərin ərazisindədir. Bulağın gözünün sayı qırx olduğuna görə belə adlanır.
Qırxgözlü bulaq Xallanlı kəndinin ərazisindədir. Bulağın gözünün sayı qırx olduğuna görə belə adlanır.
Yüzbulaq Taxtadüzündə «Gəlinqaya»nın ətrafında yerləşir. Bulağın gözünün sayı yüz olduğuna görə belə adlanır.
Bənövşəli bulaq Ağyataq kəndinin ərazisindədir. Bulağın ətrafı bənövşəli olduğuna görə belə adlanır.
Buz bulaq - Ağdaban, Çayqovuşan, Çovdar, Fətallar, İlyaslar, Mozkənd, Buzlu bulaq - Sarıyerdə, Məmmədsəfi, Buzxana bulağı -Taxtabaşı, Buzuşırran bulaq -Laçın kəndlərin ərazisindədir. Bulaqların suyu həddindən artıq soyuqdur, birbaşa içmək olmur, buz kimidir. Ad buradan yaranıb.
Cajıxlı bulaq Güneypəyə və Sarıdaş kəndlərin ərazisindədir. Bulağın ətrafında cajıx bitkisi bitdiyinə görə belə adlanır.
Ceyran bulağı Taxtadüzün ərazisində yerləşir. Keçmiş zamanlarda bulağın ətrafında ceyran sürüləri dolaşarmış. Əksər hallarda ceyranlar bu bulaqdan su içərlərmiş. Ona görə də Ceyran bulağı adlanır.
Çimizlik bulağı Xallanlı kəndinin ərazisindədir. Yay aylarında həmin bulağın suyunda qoyun-quzu çimizdirildiyinə görə belə adlanır. Toponimin mənşəyi çimmək, yuyunmaq kimi anlanır.
Çınqıl bulaq 16 kəndin, o cümlədən Armudlu, Tatlar, İstibulaq və b. kəndlərin ərazilərində yerləşir. Bulağın adı ətrafında olan çınqılın, və yaxud bulağın birbaşa çınqılın içərisindən çıxdığına görə yaranmışdır.
Çırçır bulaq Otaqlı və Sarıdaş kəndləirin ərazisindədir. Bulağın suyu yerin səthinə səslə (şırıltı) ilə çıxdığına görə belə adlanır.
Daşbulaq 40 kəndin, o cümlədən Daşbulaq, Nadirxanlı, Çovdar və b. kəndlərin ərazisində yerləşir. Bulağın suyunun daş çatından axdığına görə belə adlanır.
Daşdançıxan bulaq bir neçə kəndin, o cümlədən Çaykənd, Hacıkənd (keçmiş Sınıq Kilisə), Mərcimək kəndlərin ərazisində yerləşir. Bulaqlar birbaşa daşlı yerdən çıxdığına görə belə adlanır.
Damcı bulaq - Comərd kəndinin, Damcılı bulaq - Bağlıpəyə, Keçiliqaya kəndələrin ərazilərin-dədir. Bulaq suyu damcı-damcı axdığına görə belə adlanır.
Dolayı bulaq Ağcakənd, Babaşlar, Bozlu, Şaplar, Dal Qılışlı kəndlərin ərazisindədir. Bulaqlar kəndlər yerləşən ərazilərdən horizontal şəkildə dərə və aşırımı keçdikdən sonra məskən saldığına görə belə adlanır. Bulaq suyunun keçdiyi məsafə 200 m, 400-500 m olur.
Fındıq bulağı Bəzirxana kəndinin ərazisində Keyti dağının şərq və cənub ətəyində iki qoşa bulaqdır. Bulaqlar Novalar dərəsinin sağ və sol tərəfində bir-birindən 2 km məsafədə eyni hündürlükdə çıxır. Bulaqlar diametri 20-30 sm dairəvi fındıq formasında olduğuna görə belə adlanırlar. Hər iki bulaq 1-1,5 m məsafədən sonra yerə batır, 200-300 m məsafə aşağıda nisbətən gur suyu olan bulaq kumi yenidən səthə çıxırlar.
Fındıqlı bulaq Laçın kəndinin ərazisindədir. Bulağın ətrafında çoxlu fındıq kolları bitdiyinə görə belə adlanır.
Göybulaq 30 kəndin o, cümlədən Qılınclı, Laçın, Sarıdaş kəndəlrin ərazisində yerləşir. Bulağın mənbəyi göy rəngli relyefi olan ərazidə yerləşdiyinə görə belə adlanırlar.
Gur bulaq bir neçə kəndin, o cümlədən Alaqaya, Aşağı Ayrım, Başlıbel, Sarıdaş, Seyidlər kəndlərin ərazisində yerləşirlər. Bulağın adı suyunun çox (gur) olması ilə əlaqədardır.
Gözüaçılan bulaq Qaragüney (Comərd sovetliyi) kəndinin ərazisindədir. Bulaq quryub bir müddətdən sonra yenidən axdığına görə gözüaçılan adlanır.
Güngörməz bulaq Aşağı Ayrım kəndinin ərazisindədir. Bulaq olan əraziyə günün əksər vaxtında gün düşmədiyinə görə belə adlanır.
Xorxor bulaq Laçın kəndinin ərazisindədir. Bulaq yerin səthinə xorultulu səslə çıxır. Elə buna görə də xorultulu səs mənasında işlədirlir.
Kor bulaq (Dal Qılışlı k.,), Korca bulaq (Günəşli (keçmiş Kilisəli) k.,), Koralı bulaq (Bəzirxana k.,) Kor bulaqlar (Xallanlı k.,) adı ilə bir neçə kəndin ərazisində yerləşir. Bu bulaqlar yerdən çox az, zəif çıxır, bəzən quruyur, sonra yenidən axır, bəzən də batıb bir neçə metr aralıdan çıxır. Kor sözü (adı) buradan yaranmışdır.
Qara bulaq 30 kəndin, o cümlədən Abdullauşağı, Alolar, Başlıbel, Seyidlər, Tatlar kəndlərin ərazisindədir. Bulağın suyunun qara rəngə çalması, və yaxud bulağın mənbəyi qara rəngli torpağın, daşın ətrafında olduğu üçün belə adlanır.
Qanolan bulaq Mollabayramlı kəndinin ərazisindədir. Bulaq olan ərazidə adam ölümü ilə nəticələnən bir neçə hadisə düşdüyünə görə qanolan adlanır.
Qırmızı bulaq Almalıq, İstibulaq, Qamışlı, Laçın, Mərcimək, Oruclu və Taxtabaşı kəndlərin ərazisində yerləşir. Bulaqlar çıxan ərazidə torpaq və ya daşlar qırmızı rəngə çaldığına görə adlanırlar.
Qiblə bulağı 20 kəndin, o cümlədən Allıkənd, Bağırlı, Dəmirçidam, Zağalar kəndlərin ərazisindədir. Bulaqlar kəndin qiblə (cənub-şərq) tərəfində yerləşdiyinə görə belə adlanır.
Qoşa bulaqlar - Almalıq, Güneypəyə, Xöləzək, Şaplar, Qoşa bulaq - Allıkənd, Fətallar, Kərəmli (İmarət Qərvənd), Məmmədsəfi, Sarıdaş, Şahkərəm kəndəlrin ərazisində yerləşir. Bulaqlar yerin səthinə yan-yana (qoşa şəkildə) çıxdıqlarına görə belə adlanır.
Novlu bulaq 25 kəndin, o cümlədən Ağcakənd, Bəzirxana, Bağırlı, Əsrik, Cəmilli kəndlərin ərazisindədir. Bulaqlar əl ilə düzəldiilmiş daş və ya ağac novlardan axdığına görə belə adlanırlar.
Paltar bulağı Zar kəndinin ərazisindədir. Bulaq kəndin yanındakı qayaların cənub ətəyində yerləşir. Qış aylarında bulağın suyu isti olduğuna görə qız-gəlinlər orada paltar yuyurlar.
Pırpır bulaq - Almalıq, Pırtpırt bulaq -Alolar, Həsənlər, Portport bulaq - Ağyataq, Çəpli, Çopurlu, Keçiliqaya, Təkəqaya, Porpor bulaq - Quzeyçirkin, Lev, Portdan bulağı - Başlıbel, Qurtqurt bulaq - Ağcakənd kəndlərin ərazisində yerləşir. Bulaqlar yerin səthinə «qaynayan səslə» - poruldamaqla, xoruldamaqla, quruldamaqla çıxırlar. Bu toponimlər eyni məna daşıyırlar.
Sarı bulaq 41 kəndin, o cümlədən Bağırlı, Comərd, Zar, Zərqulu, Zülfüqarlı kəndlərin ərazisində yerləşir. Bulaqların sarı rəngdə torpağı olan ərazidən çıxmasına, bəzən də həmin bulaqların ətrafında sarı rəngli ot, gül-çiçək bitdiyinə görə belə adlandırımışdır.
Sərp bulaq Məmmədsəfi və Zivel kəndlərin ərazisindədir. Bulağın yamacın həddindən artıq maili olan yerindən çıxdığına görə sərp adlanır.
Səngər bulağı Zar kəndinin «Səngər» adlanan ərazisində qayanın dibindən çıxdığına görə belə adlanır.
Sünnətolan bulaq Çorman və Qaraxançallı kəndlərin ərazisindədir. Bulağın yerləşdiyi ərazidə oğlan uşaqlarına sünnət toyu olduğuna görə belə adlanır.
Soyuq bulaq 30 kəndin, o cümlədən Təkəqaya, Quzeyçirkin, Əsrik, Keçiliqaya kəndlərin ərazisində yerləşirlər. Bulaqların adı suyunun həddindən artıq soyuq temperatura malik olmasından yaranmışdır.
Şırran bulağı 11 kəndin, o cümlədən Başlıbel, Bəzirxana, Şahkərəm kəndlərin ərazisindədir. Bulaqlar hündür qayadan şəlalə kimi axırlar. Burada şırran toponimi şəlalə mənasını daşıyır.
Şırşır bulaq 11 kəndin, o cümlədən Ağqaya, Almalıq, Bağlıpəyə, Çərəkdar, Taxtabaşı, Tirkeşəvənd kəndlərin ərazisində yerləşir. Bulaqların suyu şırıltılı səslə axır. Yəni burada səsli manasındadır.
Şor bulaq 12 kəndin, o cümlədən Abdullauşağı, Ağcakənd, Comərd, Baş, Orta və Aşağı Qaraçanlı, Nəbilər, (keçmiş Quşyuvası), Susuzluq, Zərqulu kəndəlrin ərazisində yerləşir. Bulaqların suyunun tərkibi keyfiyyətsiz olduğuna görə az istifadə edilir. Şor sözü burada keyfiyyətsiz mənasını bildirir.
Turşsu bulağı 20 kəndin, o cümlədən Boyaqlı, Zərqulu, Şahkərəm, Mollabayramlı kəndlərin ərazisindədir. Bulaqların suyunun tərkibi acı dad verən minerallardan ibarətdir. Turşsu suyu acı mənasını verir.
Yazılı bulaq Sarıyer yaylasında yerləşir. Bulağın ətrafında daşların üstündə eramızdan əvvəl III minillikdə yaşayan insanlar təsvirlər yazmışlar. Toponim buradan qaynaqlanır.
Yarpızlı bulaq 10 kəndin, o cümlədən Qasımlar (keçmiş Kilsə), Məmmədsəfi, Tövlədərə, Zivel kəndlərin ərazisindədir. Bulaqların mənbəyində həddindən artıq dadlı olan yarpız bitkisi bitir. Bu toponim yarpız bitkisinin adı ilə bağlıdır.
Zimli bulaq - Ağdaban və Çayqovuşan, Zimzim bulağı - Çərəkdar kəndlərin ərazisindədir. Bulaqların suyunun axması həzin səslə mahnı, muğamat oxuyur, zümzümə edirmiş kimi təsəvvür yaradır. Toponim «ürəkaçan mahnı səsi» mənasında işlənir.
Çaylar haqqında
Rayonun ərazisində 60-a yaxın müxtəlif çay var.
Çayların bəzilərinin adları axdığı kəndin, dağın, dərənin, təpənin, meşənin, ərazinin adı ilə əlaqədardır. Məsələn, Ağduzdağ çayı, Zəylik çayı, Ağdaban çayı, Meşəyerin çayı, Gözəldərələrin çayı və s. Bəzi çayların adları suyun çox və ya az olmasını göstərir. Böyük çay, Balaca (Kiçik) çay. Bəzi çaylar suyun rənginə (çalarına) görə adlanır: Ağçay, Qaraçay, Qırmızı çay, Qonur çay. Bəziləri suyun bulanıq və ya təmiz olması ilə əlqadardır: Bulanıqsu (tutxun rəngli). Bəziləri hevyan adı ilə bağlıdır: Maral çayı. Bəziləri bitki, gül-çiçək adı ilı əlaqədardır: Nərgiz çayı. Bəziləri suda balığın həddindən çox olması ilə bağlıdır: Balıqlısu və s.
Bəzi çayların adlarının mənşəyi aşağıda verilir.
Quruselaf çayı Məmmədsəfi və Zivel kəndlərin sərhədindən axır. Yağışlı, qarlı günlərdə həmin çayın yatağından su axır. Sonra quruyur. Selaf sözü selgedən, selaxan mənasını daşıyır. Quruselaf çayın yatağının çox vaxt quru olduğuna işarədir.
Sərkər suyu - bu çayın başqa adı Qaraarxaçdır. Mollabayramlı və Zivel kəndlərin sərhədindən axır. Çay bu kəndlərdən 5-6 km qərbə tərəf hündürlükdə olan “Sərkər” adlanan ərazidən gəlir. Sərkər sözü baş tərəfdə dayanan, baş tərəfdə yerləşən mənasını verir. Qaraarxac sözü “Sərkər”dən cənuba doğru 1-1,5 km məsafədə iki qoşa qara arxacın (yay aylarında mal-qoyn saxlanılan yer) yanından axması ilə əlaqədardır.
Sarımsaqlı çayı Zivel kəndinin ərazisindən keçir. Çay mənbəyini Sarımsaqlı dağından götürdüyünə görə belə adlanır.
Tatallar çayı Taxtadüz-Qaraarxac yaylasından axır. Yay aylarında çayın ətrafında Ağcabədi rayonunun Tatallar kəndinin fermaları yaylağa çıxarılır. Çayın adı buradan götürülmüşdür.
Tərtər çayı - tərtər təmiz, pak, saf su dəməkdir. Həqiqətən də çayın suyu həmişə göz yaşı kimi təmiz olur.
Tutxun çayı - tutxun el arasında bulanıq olan suya deyilir. Çay axan ərazi qara torpağı olan meşələrdən ibarətdir. Çay çox sürətlə axdığından torpağı yuyub özü ilə aparır. Buna görə də onun suyu həmişə bulanıq olur. Toponim buradan yaranıb.
Göllər haqqında
Rayonun ərazisində 50-dən çox göl var.
Aşağı göl və Yuxarı göl Tatlar kəndinin ərazisindədir. Yuxarı və aşağı sözləri dağ zirvəsinə doğru yuxarı və aşağı mənasında işlədilir.
Balacagöl və Böyükgöl Şurtan kəndinin ərazisindədir. Göllərin su hövzəsinin böyük və kiçik olduğuna görə belə adlanırlıar.
Böyük Alagöl, Kiçik Alagöl, Söyüdlü Alagöllərinin adları suyun alar (müxtəlif) rənglərə çalması ilə əlaqədardır. Böyük Alagöl rayonun cənub-qərbində, Sarıyer yaylasında yerləşir və sahəsi 5,1 km2-dir. Kiçik Alagöl də həmin əraziədəir, sahəsi xeyli kiçikdir (0,9 km2).
Binənin gölləri Zəylik kəndinin ərazisində yerləşən iki ədəd balaca göldür. Həmin ərazidə qış-da mal-qoyun saxlanılan binə olduğuna görə göllərin adı buradan yaranıbdır.
Camaxlı göl Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Gölün ətrafında və dibində küllü miqdarda qamış və mamırlı ot bitdiyndən görə belə adlanır.
Çınqıllı göl rayonun cənub-qərbində Taxtadüzün ərazisində yerləşir. Göl hər tərəfdən çınqılla haşiyələndiyinə görə belə adlanır.
Çöplü göl rayonun şimalında Ağdaban kəndinin ərazisində, Murovdağ silsiləsinin cənubun-da, «Çöplü» dağın dibində yerləşir. Dağda çöplü otlar bitdiyinə görə çöplü adlanır, gölün də adı buradan yaranmışdır.
Daşdı Göl Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Gölün yanları və dibi daşla (çınqılla) örtülü olduğuna görə belə adlanır.
Dib göl Tərtərçayın sol qolu olan Lev çayının mənbəyində yerləşir. Göl dağın dibində yerləşdi-yinə görə belə adlanır.
Gəlinqaya gölü rayonun cənub-qərbində Taxtadüzündə «Gəlinqaya» adlanan qayanın ərazisində yerşəşdiyi üçün belə adlanır.
Elyaslar gölü rayonun şimalında Elyaslar kəndinin ərazisində yerləşir. Göl kəndin adını daşıyır.
Əyrigöl rayonun cənub-qərbində, Taxtadüz ərazisində, «Ayıçınqılının» şimal-şərqində yerləşir. Relyefi əyri formada olduğu üçün belə adlanır.
Xanların gölü Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Xıdırlı gölü Qaraçanlı kəndinin ərazisindədir və şəxs adı ilə bağlıdır.
İsmayıl gölü Keştək kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
İyli göl Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir. Gölün suyu his ediləcək dərəcədə iy, qoxu verir. Gölün adı buradan yaranıb.
Keçibatan göl rayonun cənub-qərbində, Taxtadüzün ərazisində yerləşir. Gölün dibində yeraltı çay axır və su axını burulğanlıdır. Gölə düşən keçi su burulğanı nəticəsində gölün dibinə batıb. Gölün adı buradan yaranıb.
Kərbəlayı Hüseyn gölü Keştək kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Kiçik Göygöl rayonun şimalında Lev kəndinin ərazisində yerləşir. Gölün suyu göy rəngdə olduğuna görə belə adlanır, kiçik sözü gölün sahəsinin (hövzəsinin) kiçik olması ilə əlaqədar-dır.
Qanlıgöl adında rayonun ərazisində bir neçə göl var. Bu gölllər Keştək, Keçiliqaya, Bağırlı və Bağlıpəyə kəndlərin ərazisindədir. Gölün sahilləri çox sərt və uçurumdur. Gölə girmək çətin, təhlükəli olduğundan göl çox qorxulu, dəhşətli, vahiməli görünür. Qanlı sözü qorxulu, dəhşətli, vahiməli mənasındadır.
Qaragöl adında rayonun ərazisində üç göl var. Həmin göllər Kərəmli (İmarət Qərvənd), Seyidlər və Ağdaban kəndlərinin ərazilərində yerləşir. Göllərin suyu tünd-göy rəngindədir və qaraya çalır. Göllərin adı buradan yaranıb.
Mirzənin gölü Kərəmli (İmarət Qərvənd) kəndinin ərazisində yerləşir və şəxs adı ilə bağlıdır.
Novruzdüşən (Novruzbatan) göl Tərtərçayın sol qolu olan Söyüdlü çayının mənbəyində yer-ləşir. Göldə Novruz adlı şəxsin batdığına (boğulduğuna) görə bu ad verilmişdir.
Nohurgöl Tərtərçayın sol qolu olan Söyüdlü çayının mənbəyində, Novruzdüşən göldən 100 m şimalda yerləşir. Gölün suyundan yaylağa çıxan mal-qoyunların sulanmasında istifadə edil-diyinə görə belə adlanır. Nohur mal-qoyunun su içdiyi yerə (suvada) deyilir.
Pəriçınqıl Qaragöl rayonun cənub-qərbində, «Pəriçınqıl» adlanan ərazidə yerləşdiyinə görə belə adlanır.
Söyüdlü Alagölləri rayonun şimal-cənubunda, Söyüdlü-Zod qızıl mədəni ərazində yerləşən 5 (beş) ədəd balaca göllərdir. Həmin göllərin suyu alar (müxtəlif) rənglərə çaldığına görə belə adlanırlar.
Tamaşalı gölləri rayonun Keştək kəndinin “Tamaşalı” adlanan yaylasında yerləşir. Gölün adı bu ərazinin adı ilə bağlıdır. Tamaşalı yaylası gözəl mənzərəli, gözoxşayan ərazidir. Tamaşalı sözü tamaşa etmək, göz gəzdirmək, diqqət etmək, könül oxşayan mənasını daşıyır.
Torağaçay Qaragöl Ağdaban kəndinin ərazisində, Murovdağ silsiləsinin cənubunda yerləşir. Gölün adı ona tökülən Torağaçayın adı ilə bağlıdır.
Yuyatgöl rayonun cənub-qərbində, Taxtadüzün ərazisində yerləşir. Yay aylarında həmin əra-zidə yaylağa çıxarılan qoyunlar gölün suyunda yuyulur (çimizdirilir). Gölün adı buradan yaranıb. Yuyat toponimi yuyulmaq, çimmək mənasındadır.
Zəli gölü adında rayonun ərazisində üç göl var. Həmin göllər Kərəmli (İmarət Qərvənd), Lev və Ağdaban kəndlərin ərazisində yerləşir. Göldə zəli olduğuna görə belə adlanır.
"YER VƏ İNSAN" jurnalı 01/09/2019
MƏZAHİR TƏHMƏZOV
müstəqil tədqiqatçı, II dərəcəli hüquqşunas