DAŞKƏSƏN RAYONU ƏRAZİSİNDƏ YERLƏŞƏN ÇOVDAR QIZIL YATAĞININ AŞKARLANMASI MƏQAMLARI HAQQINDA

Seyidnəbi Əmirov
“Azinterpartlayış-X” MMC-nin əməkdaşı

Azərbaycan Respublikasının Daşkəsən rayonu geoloji baxımdan ən çox öyrənilən ərazilərdəndir. Məlum olduğu kimi, hələ sovet dönəmində Azərbaycan geoloqları tərəfindən bu rayonun ərazisində bir çox iri filiz və qeyri-filiz yataqları aşkarlanmışdır. (Daşkəsən rayonu ərazisində çox qədim zamanlarda faydalı qazıntı yataqları bəlli olmuş və onlarda sadə əl üsulu ilə istismar işləri aparılmışdır). Bunlardan dəmir, kobalt, alunit, mərmər, barit, kaolin və digər yataqları qeyd etmək olar. Fasiləsiz olaraq bu rayonun ərazisində müxtəlif miqyaslı planalma, axtarış və kəşfiyyat işləri aparılır. Bəs, necə olub ki, daim intensiv geoloji işlər aparılan ərazidə Çovdar qızıl yatağı ilkin olaraq 1996-cı ildə aşkar olunmuşdur. Ümumiyyətlə götürəndə faydalı qazıntı yataqlarının aşkarlanması elmi kriteriyalara və mülahizələrə əsaslansa da, təsadüflər də çox böyük rol oynayıb və oynamaqdadır. Əlbəttə, bu “təsadüflər” mütə­xəssisə rast gəlinəndə öz bəhrəsini vermiş olur. Buna dair bir hadisəni qeyd etmək yerinə düşər. 1975-ci ildə Balakən rayonunun inzibati ərazisində yerləşən Filizçay kolçedan polimetal yatağında geoloq kimi fəaliyyət göstərirdim. Filizçay yatağı haqqında çox məlumatlar verildiyinə görə əlavə məlumatın verilməsinə lüzum görmürəm. Bir onu qeyd edə bilərəm ki, 1975-ci ildən başlayaraq bu yataqda intensiv aparılan kəşfiyyat işləri geologiya komitəsinin 1 N-li obyekti kimi SSRİ Geologiya Nazirliyinin nəzarətində idi. Bu səbəbdən SSRİ-nin müxtəlif yerlərindən, xüsusən Moskva və Leninqraddan yatağa mütəxəssislər gəlirdilər. 1975-ci ilin yayında yatağa 30-cu və 50-ci illərdə Qafqazda geniş miqyaslı geoloji işlər aparılmış K.N.Paffenqolts gəlmişdi. O zaman onun 85-90 yaşı olardı. Əlbəttə, məşhur bir geoloq, alim və akademik kimi biz onu lazımi qaydada qəbul etdik. O, ilk növbədə Filizçay yatağında aparılan kəşfiyyat işləri ilə maraqlandı və bəzi qrafik materiallarla tanış oldu. Sonra alim xahiş etdi ki, xəritədə filizin bilavasitə yer səthinə çıxışını ona göstərək. Daha sonra həmin çıxışa nəzər yetirmək arzusunda olduğunu bildirdi. Bu, elə də asan deyildi, çünki filizin çıxışına maşın yolu yox idi. Biz alimin xahişini nəzərə alıb onu traktor qoşqusu ilə mümkün olan yerə qədər çatdırdıq. Sonra cığırla yavaş-yavaş filizin cisminin çıxışına doğru qalxmağa başladıq. 30-40 dəqiqəyə getmək mümkün olan yerə təqribən 2 saata çatdıq. O zaman mən onun iradəsinə məəttəl qalmışdım. Filizin çıxışına çatandan sonra o dayandığı yerdə təqribən 20-25 dəqiqə ətrafa nəzər saldı. Hərdən nəzərləri çox uzağa yönəlirdi, bəlkə də vaxtilə gəzdiyi yerləri xatırlayırdı. Sonra biz onu filizin çıxışının üstünə qaldırdıq. O yenə bir xeyli ətrafa boylandı və aşağı əyilib əlini filizə toxundurdu. Biz nümunə götürmək üçün çəkiclə filizdən sındırmaq istəyəndə işarə elədi ki, hələ lazım deyil. Filizi əli ilə sığalladı, sonra yerə əyləşdi və bizə məlumat verməyə başladı. Dedi, bildinizmi nə üçün sizə icazə vermədim ki, nümunə sındırıb götürəsiniz? Biz maraqla onu dinləyirdik.
- Əgər o vaxt mən və yaxud bələdçim Mamed (Mamed kişi Balakənin Mahamalar kəndinin sakini idi) buradan nümunə sındırsaydıq bu yatağı mən tapmış olardım. Əfsuslar olsun ki, vizual baxmaqla və əlimi sürtməklə mən bunu qumdaşı hesab etmişəm. Təsadüfən bu çıxışdan bir nümunə sındırmış olsaydım... Yəni fikrinin sonunda təsadüf sözünü işlətmiş oldu. O vaxt “təsadüflərlər geoloqlara həmişə kömək edir” deyimini Paffenqoltsdan eşitmişdim.
1996-cı ildə “Azərqızıl” Dövlət Şirkətinin “Azərqızılkəşfiyyat” Dövlət Firmasında baş mühəndis vəzifəsində çalışırdım. Bu firmanın rəhbərliyi tərəfindən belə bir qayda qoyulmuşdur ki, çöl geoloji dəstələrin fəaliyyətlərinin, geoloji-axtarış işlərinin düzgün istiqamətdə aparılmasına nəzarət olunması məqsədi ilə həmin ərazilərdə yoxlama marşrutları keçirilirdi. Növbəti dəfə 1996-cı ilin yayında baş mühəndis Şahbəddin Musayevlə mən yoxlama marşrutunun aparılması üçün Daşkəsən rayonuna ezam olunduq. Baş geoloq bildirdi ki, sabah barit yatağında əvvəllər qazılmış stolnyadan (yeraltı qazma) baritin qızıllığını öyrənmək üçün nümunə götürmək lazım gələcək. Barit yatağı Çovdar kəndinin yaxınlığında yerləşirdi. Biz səhər lazım olan ləvazimatları götürüb Niva markalı maşınla yola düşdük. Quşçu körpüsündən Qoşqarçayın sol tərəfinə keçib Bayram kəndinin içərisindən keçərək, yuxarı, Çovdar kəndinə doğru qalxmağa başladıq. Yolda bir xeyli təmir işləri görülmüşdü. Çovdar kəndinə yaxınlaşanda gördük ki, yolun istiqamətini dəyişdirib yeni yol çəkiblər. Məqsəd sərt eniş və yoxuşu aradan qaldırmaq olub. Təzə yol çəkmək üçün dağın sərt yamacını partladaraq buldozerlə təmizləmişdilər. Yolun sağ tərəfində uzunluğu təqribən 200 m, hündürlüyü 10-12 m olan kəsiliş alınmışdır. Mən maşın sürmədiyim üçüm ətrafa diqqətlə nəzər salırdım. Təzə açılmış yoldan keçəndə qeyd elədiyim kəsiliş diqqətimi cəlb etdi. Şahbəddinə dedim ki, qayıdanda bu çəkilişdən bir neçə şırım sınağı götürərik. O, başının işarəsi ilə razılığını bildirdi.
Biz barit yatağına çatdıqdan sonra ştolnyanın ağız hissəsinə qalxdıq. Bir neçə sınaq torbası götürüb içəri girdik. Bəzi yerlərdə uçqunlar vardı. Təqribən 20-25 m gedəndən sonra mən kibriti çıxarıb yandırdım. Kibrit tüstülənərək söndü. Bir neçə dəfə yoxlayandan sonra Şahbəddinə dedim ki, getmək qorxuludur, oksigen çox azdır, boğula bilərik. Biz geri qayıtdıq. Ştolnyanın “otval”ından (süxur tökülmə sahəsi) bir neçə aşınmış barit nümunələri götürdük və geri döndük, gəlib həmin kəsilişə çatdıq. Maşından düşüb divara, kəslişə diqqətlə baxmağa başladıq. Kəsilişin həm sağ, həm də sol tərəfində tektonik pozulma aşkar elədik. Süxurları müəyyənləşdirdik. Süxurlar törəmə kvarsitlərdən ibarət idi. Tektonik pozulmanın özü və ətrafında süxurlar dəyişikliyə uğramışdılar. Əzilmiş, doğranmış şəkildə idilər. Təqribən 1 saat tədqiqat apardıqdan sonra tektonik pozulmaların ətrafından 2 sınaq (şırım) götürdük. Bu zaman Paffenqoltsın sözü yadıma düşdü. Şahbəddinə dedim ki, bilmək olmaz, təsadüfən bu sınaqların nəticəsi əsasında burada qızıl yatağı aşkarlana bilər. Beləliklə, sınaqları götürüb Bakıya qayıtdıq. Daha doğrusu, axşam Daşkəsəndə qaldıq və səhər Bakıya qayıtdıq. Sınaqları şifrələdikdən sonra analiz olunması üçün laboratoriyaya təqdim etdik. 10-12 gündən sonra həmin sınaqların nəticələri böyük sensasiyaya səbəb oldu. Bu xəbər ildırım sürəti ilə bütün geoloqlara çatdı. Həmin sınaqların nəticələri əsasında firma tərəfindən layihə hazırlandı və ərazidə geoloji tədqiqatlara başlanıldı. O zaman demək olar ki, hər şey çətinliklə əldə olunurdu. Buruq-qazma avadanlıqları köhnə idi, işlər çox ləng gedirdi. Buna baxmayaraq, ərazidə dərinlikləri 80-120 m olan 4 buruq quyusu qazıldı. Quyular vasitəsi ilə alınan nəticələr çox ürəkaçan idi. Avadanlıq olmadığına görə böyük çətinliklə ayrı-ayrı horizontlarda en kəsimi 2,7 m2 olan 100 və 130 metr dərinlikli 2 ştolnya keçə bildik. Əlbəttə, bu ştolnyalar əl üsulu ilə qazıldı. Onlardan götürülən sınaqların nəticələri bəlli olandan sonra burada qızıl yatağının mövcudluğuna zərrə qədər şübhə qalmadı.
Alınan nəticələr vaxtı ilə həmin ərazidə işləyən geoloqları qane eləmirdi deyə, “orada qızıl yatağı ola bilməz” deyirdilər. 2000-ci ildə “Azərqızıl” Dövlət Şirkəti ləğv olundu və şirkətin obyektləri 2001-ci il mayın 23-də ləğv olunan Azərbaycan Geologiya və Mineral Ehtiyyatlar Komitəsinə təhvil verildi.
O zamanlar müəyyən səbəblərdən Çovdar yatağında işlər çox ləngimiş oldu. Yalnız 2002-ci ildən sonra orada işlər davam etdirilməyə başladıldı. Artıq məlum olanda ki, burada həqiqətən qızıl yatağı mövcuddur, “orada qızıl yatağı ola bilməz” deyən yaşlı geoloqların bəzisi “Mən bilirdim orada qızıl yatağı var” deməyə başladılar. Şahbəddin Musayevin onlara cavabı çox qısa oldu: “Əlinizdə hər hansı bir sənəd varsa, çıxarın ortalığa, əks halda sizin dilinizi hal-hazırda yazılan hesabata yapışdırmalı olacağıq” demişdir. Bu fikri çox qısaca şərh edəcəm. 2012-2013-cü illərdə Çovdar yatağının aşkarlanmasına görə təqdim olunan siyahıda laborant, texnoloq, Çovdarın harada yerləşməsini bilməyən geoloqlar yer aldılar. Əsl səbəbkarlar kənarda qaldılar. Mən öz vicdanım qarşısında təmizəm, bilirəm ki, o yatağı tapan 2 nəfərdən biri mənəm və bu gün dövlətə milyonlarla manat xeyir verir, çox şad oluram.
Yenə əvvəlki fikrə qayıdaraq bildirirəm ki, faydalı qazıntı yataqlarının aşkarlanmasında “təsadüflər” az da olsa, rol oynayır. Yəni biz təsadüfən Çovdar barit yatağında qazılan ştolnyaya getməsəydik, təzə çəkilən yoldakı açılışı görməsəydik bəlkə də hələ bu yataq aşkarlanmamış olardı. “Təsadüfən”.

Allahverdi məni necə xilas elədi?


1974-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsini bitirdikdən sonra zabit kimi hərbi xidmətə keçmək üçün mənə təyinat verildi. Lakin hərbi xidmətə getməli olmadım. Belə ki, o vaxtkı SSRİ-nin müdafiə naziri İnstitutu yeni bitirənləri hərbi xidmətə çağırmamaq barədə əmr imzalamışdı. Bu səbəbdən məni Geologiya İdarəsinə göndərdilər. Məni İdarənin 4-cü mərtəbəsində yerləşən geologiya şöbəsinə yönəltdilər. Şöbənin müdiri Zaytseva soyadlı bir yaşlı qadın idi. Gəlişimin səbəbini öyrənəndən sonra Universitet tərəfindən verilmiş göndərişə baxıb mənə dedi: Baş geoloqun yanına get, o səninlə söhbət etmək istəyir.
Mən baş geoloqun kabinetinə daxil oldum. Kabinetdə 50-55 yaş arası olan bir kişi əyləşmişdi. Sonradan öyrəndim ki, bu adam Tarix Hacıyevdir. Hamı ona “Tarik Qadcieviç” deyə müraciət edirdi. Baş geoloq mənə dedi ki, bir sualıma düzgün cavab versən, söhbətimizi davam etdirərik. Dedim, buyurun.
- Sən geoloq olmaq istəyirsənmi?
Cavab verdim, yox.
O, bir xeyli mənə baxdıqdan sonra əlavə elədi ki, indi səninlə söhbət etmək olar. Düzü mən heç bir şey başa düşmədim. O dedi:
- Bilirsən, sən çox qısa və konkret cavab verdin, bu mənim xoşuma gəldi. Elələri var ki, bu sualı verəndə min cür bəhanə gətirirlər, çöldə işləmək istəmirlər, birdən-birə kabinetdə oturmaq istəyirlər. Odur ki, get çöl geoloji dəstəsində işlə, istəməsən işləməzsən.
Bu minvalla məni Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasına göndərdilər. Bu ekspedisiya barədə məlumatım var idi. Çünki 2 il çöl təcrübəsini bu ekspedisiyada keçmişdim.
1974-cü il avqust ayının 5-də Balakən rayonuna yola düşdüm və avqustun 6-ı səhər ekspedisiyada oldum. Məni sənədlərlə birlikdə əmək və əmək haqqı şöbəsinin rəisi Sahib İsmayılovun yanına göndərdilər. Sahib müəllim sənədlərə baxıb, "səni Filizçaya göndəririk" dedi. Mən isə dinmədim. "Nəsə, sözlü adama oxşayırsan" dedi. Dedim ki, mən işləmək istəmirəm. O mənə 1 ay vaxt verdi, get imtina al gətir, səni azad edək. Mən Bakıya qayıtdım. Kimə müraciət etdimsə, hamısı "bu məsələni Tarix müəllim həll edə bilər" dedilər. Mən Tarix müəllimin yanına getmədim və 26 avqustda yenidən Balakənə yollandım. 27 avqustda məni Filizçay geoloji-kəşfiyyat partiyasına böyük texnik-geoloq kimi qəbul elədilər. Sahib müəllim dedi ki, Allahverdini tap, o da Filizçaya gedəcək, onunla birlikdə gedərsən. Orada sənə xüsusi geyim veriləcək.
Mən 2 il təcrübəni bu ekspedisiyada keçmişdim deyə geoloji dəstələrə maşınların haradan yola düşdüyünü bilirdim.
Bir sözlə, ekspedisiyanın giriş qapısının yanına gəldim, bayırda böyük qoz ağacı var idi, hamı orada gözləyirdi. Mən şux geyinmiş, qalstuk taxmış bığlı bir cavan oğlana yaxınlaşdım və Allahverdi kimdir deyə soruşdum. Dedi, mənəm Allahverdi, sənə nə lazımdır? Mənə dedilər ki, siz Filizçaya gedirsiniz, mən də sizinlə getməliyəm. O məni əməlli-başlı sorğu-suala tutdu.
- Haradan gəlmisən?
- Bakıdan, dedim
- Əvvəllər harada işləmisən?
- Heç yerdə işləməmişəm, universiteti təzə bitirmişəm, təyinatla bura göndəriblər.
- Yaxşı, başa düşdüm, maşın gələr gedərik.
Mən fikirləşdim ki, bu adam ən azından baş geoloq ola bilər. Amma soruşmadım. Maşın gəldi, gördüm ki, yük maşınının kabinasında əlində tüfəng bir nəfər oturub. Allahverdi mənə dedi ki, çıx maşının banına, özü də ora dırmaşdı. Maşının banına taxta yığılmışdı. Biz taxtaların üstündə yük yerinin qabaq hissəsində özümüzə yer tutduq və 2 saata yaxın yol getdik, amma mən bilmədim necə getdik, çünki gözlərimi yummuşdum. Filizçay qəsəbəsinə çatanda Allahverdi məni rəisə təqdim elədi və dedi ki, “təyinatla gəlib, gənc mütəxəssisdir”. Rəis Nadir Musayev dedi ki, məlumatım var. Nadir müəllim İnanəddin adlı birisinə (sonralar bildim ki, o komendantdır) “bu cavan oğlanı buroviklərin otağında yerləşdir”. Komendant məni həmin otağa gətirdi və bir çarpayı göstərib dedi:
- Sənin yerin buradadır, sabah isə o çarpayıda yatarsan.
Komendant çıxıb getdi. Mən çarpayının üstündə rəngi bilinməyən odeyalı qaldıranda dəhşətə gəldim. Mələfə (prostina) həm qara rəngdə idi, həm də qan ləkələri var idi. Öz-özümə fikirləşdim, mən hara düşmüşəm. Nə isə “buraviklər” gəldilər, hərə bir balaca qazan götürdü və içərisinə 3-4 kartof qoydular, üstünə su əlavə edib elektrik peçlərinin üstünə qoydular. Hüseyn adlı birisi məndən soruşdu:
- Sən “pombursan” (usta köməkçisi)?
Mən başa düşmədim, o dedi yaxşı, işləyib öyrənərsən. Təbii, mən gecə səhərə kimi yata bilmədim. Hava işıqlaşan kimi həyətə çıxdım və 2 mərtəbəli “kontorun” qabağına gəldim. Hələ tez idi, heç kim görünmürdü. Mən pilləkəndə oturduğum yerdə yuxuya getmişdim. Çiynimə kimsə toxundu, gözlərimi açdım, tanımadığım bir adam idi. Dedi bilirəm, yata bilməmisən, darıxma hər şey yaxşı olar. Mən onun adını soruşmadan, buradan rayona maşın nə vaxt gedir soruşdum. O isə adım Aftandildir, böyük geoloq işləyirəm. Mən də adımı dedim və bir də maşının nə vaxt gedəcəyini soruşdum. Dedi, tələsmə, bir xeyli söhbətləşdik və bu zaman partiyanın rəisi bizə yaxınlaşdı və salam verdi, salamını aldı və soruşdu:
- Hə, necə yatmısan?
- Əla yatmışam, dedim
- Lap yaxşı, hələlik orada qalarsan.
Bu zaman Aftandil ona sərt sözlər deməyə başladı:
- Nə vaxtdan gənc mütəxəssisə belə münasibət başlayıb. Mən heç vaxt, heç yerdə gənc mütəxəssisə bu cür münasibət görməmişəm. Nadir Musayev cavabında "nə edim, yerim yoxdur", dedi.
- Niyə yerin yoxdur, mən tək qalıram, Allahverdi tək qalır və sair. Sən isə onu “burovuklərin” yanında yerləşdirdin.
Nadir heç bir söz demədi. Allahverdini çağırdı və mənə yanında yer düzəltməyi tapşırdı. Aftandil Allahverdiyə dedi ki, İnanəddinə de ki, hər şey təzə olmalıdır.
Mən Aftandili əvvəllər tanıyırdım, özüm ona bildirmədim, sonralar olan hadisəni ona danışdım...
...Belə ki, 1973-cü ildə diplomqabağı təcrübə keç­mək üçün məni Baş Qafqaz Geoloji-Kəşfiyyat Ekspedisiyasının Çeder dəstəsinə göndərmişdilər. Ekspedisiyada məni Çeder partiyasının rəisi Oktay Naibova və böyük geoloq Yavuz Kazımova təqdim elədilər.
Tanışlıqdan sonra Oktay və Yavuz mənə dedilər ki, bir-iki saata partiyaya gedəcəyik, sən də bizimlə gedəcəksən. Mən məşhur qoz ağacının altında gözləyirdim. Nəhayət, onlar gəldilər və məni də götürdülər və biz Çeder partiyasına yola düşdük. Mən Çederin hansı istiqamətdə yerləşdiyini bilmirdim. Biz rayonunun içərisindən keçəndə bir mağazanın qabağında maşını saxladılar və mənə dedilər ki, “düş get özünə ərzaq al, bizim sənə verəsi ərzağımız yoxdur”. Dedim ki, bilmirəm axı, nə almaq lazımdır, mümkünsə mənə kömək edin. Onda Oktay dedi ki, “vapşe” biz səni partiyaya aparmırıq, qayıt ekspedisiyaya baş geoloqdan (baş geoloq İkram İbrahimov idi) material alıb diplom işini yazarsan.
Təbii ki, mən Mahamlar kəndinin içərisi ilə piyada geri - ekspedisiyaya qayıtdım. Təqribən 4-5 km məsafə qət etmişdim. Ekspedisiyaya çatanda qoz ağacının altında oturan 30-35 yaşlı bir kişi məni çağırdı. Mən ona yaxınlaşdım, salam verdim, o salamı alandan sonra dedi:
- Mən səni gözləyirdim, bilirdim ki, o yaramazlar səni yolda düşürüb geri qaytaracaqlar.
Mən ondan soruşmadım ki, bunu hardan bilir. Sonralar mən artıq Filizçayda işləyəndə mənə dedi ki, onların söhbətlərini eşitmişdim. Dedi Universitetdən verilən gündəliyi mənə ver. Özün də al bu ünvanı; sentyabr ayının 11-də bu ünvana gələrsən. Sənə material da verəcəm və diplom işinin hazırlanmasına kömək də edəcəm. Ünvanda ev telefonunun nömrəsini də qeyd eləmişdi. İndi geri, rayona qayıt, mehmanxanada yer al, bir gecə qal və səhər min avtobusa, qayıt Bakıya.
Mən özümü itirmişdim, bilmirdim ona necə minnətdarlığımı bildirim. Dediyi kimi elədim. Qısaca olaraq bildirirəm ki, necə demişdi elə də elədi. Həyatda belə insanlar da var...
Allahverdi komendantı tapdı və Aftandilin dediyini ona çatdırdı. O isə “can haqqı təzəsi yoxdur” dedi. Biz birlikdə getdik partiya rəisinin yanına. Allahverdi dedi ki, komendant deyir təzəsi yoxdur. Nadir dedi ki, get təzəsini tap ver, əlavə sual lazım deyil. Beləliklə, mənim yer məsələm müsbət həll olundu.
Səhərisi mənim ilk iş günüm idi, məni Allahverdi ilə Yuxarı Filizçay deyilən yerə, geokimyəvi sınaq götürməyə göndərdilər. Bu minvalla noyabr ayına kimi işlədim. Bu müddətdə 2 dəfə “otqulda” oldum. Noyabr ayının 11-də ( 1974-cü ildə) növbəti dəfə Allahverdi ilə Yuxarı Filizçayaya gedirdim. Hava çox soyuq idi. Az qar da yağmışdı. Getdiyimiz yolda 200 m uzunluğu olan dar sırt (dağ beli) var idi. Sırtın bir tərəfi 5-6 m-dən sonra sıldırım idi. Digər tərəfi maili eniş, həm də meşəlik idi. Mən sürüşməyim deyə çox ehtiyatlı yeriyirəm. Dedi qorxma, bir az yeyin gəl. Mən sürətimi bir az artırdım. Elə bu zaman sağ ayağım sürüşdü və mən yıxıldım, amma yıxılı vəziyyətdə sıldırıma doğru sürüşürdüm. Allahverdi qışqırdı ki, dabanlarını yerə bas. Mən nə elədimsə, özümü saxlaya bilmədim. Sıldırımdan aşağı gedəndə əllərimi sıldırımın qaşında bitən iri fısdıq ağacının rişələrinə keçirdim. Bədənimin 3/2 hissəsi sıldırımda idi. Amma ayaqlarımı sıldırımın çıxıntısına söykəmişdim, əllərim isə ağacın rişələrinə keçili vəziyyətdə idi. Allahverdi mənə dedi ki, tələsmə, sakit nəfəs al, özünü yorma, səni oradan çıxaracam. İri bir fıstıq budağını necə qırdı, bilmirəm. Biz bir-birmizi görürdük. O, mənə təsəlli verə-verə işləyirdi, amma nə edirdi, bilmirəm. Onun bütün bu hazırlıqları 15 dəqiqə çəkdi. Mən artıq yorulur, gücdən düşürdüm. Dedi: -indi sənə haçalı ağac budağı uzadacam, hər budağın sonunda ucu ilgəkli iplər var, (o özü ilə ip götürürmüş) əvvəl bir biləyini, sonra o biləyini ilgəklərə sal və əllərinlə ipdən yapış. O dediyi kimi elədi və mən çox çətinliklə biləklərimi ilgəyə keçirdim və ipdən yapışdım. Artıq əllərim ağacın rişəsində deyildi. Ayaqlarımı əvvəlki kimi qaya çıxıntısına dirəmişdim. Dedi, indi səni dartmağa başlayanda sən də təkan ver. Birinci təkanda 10 sm yuxarı qalxdım. Hər təkandan sonra ən azı 10 dəqiqə nəfəs dərirdik. Təqribən 1,5-2 saata o məni sıldırımın qaşına qaldıra bildi. Dedi: -İndi ağacın bir budağından yapış və özünü yuxarı dart. Mən yarım saat uzanmış vəziyyətdə dincələndən sonra deyilən hərəkəti yerinə yetirdim və sırtın üstünə qalxdım. Hər ikimiz yarım saat danışmadıq. Birdən mən dedim ki, Allahverdi, mən sənə bir can borcluyam, qardaş. O, mənə baxıb dedi: -Sənin canın cəhənnəm olsun, sənə bir şey olsaydı, məni tutacaqdılar axı. Hər ikimiz xeyli güldük. Sonra mən fikir verdim ki, 15 dəqiqədə bu adam nələr edibmiş, yəni yoğun budaq qırıb, təmizləyib, dabanlarını yerə dirəməkdən ötəri əksinə çəkiclə pillələr qazıb və sair.
Biz bir-birimizə qoşulub qəsəbəyə qayıtdıq. Sonrası maraqlı deyil.
Allah Allahverdiyə rəhmət eləsin.