ÖZÜNÜ İNKAR EDƏN PROFESSOR, ÖZÜNÜZÜ BİR DAHA OXUYUN!
"Kim bizim kimi düşünmürsə, bizim düşmənimizdir" bolşevizim sindiromundan azad olun.
Azərbaycanın dövlətçilik ənənələri sübut edir ki, Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da, respublikalar da, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası, bugünkü müstəqil Azərbaycan Respublikası da dövlətçiliyin ayrı-ayrı müstəqil təzahürləridir. Bu dövlətlər həm də böyük vahid tarixi prosesin ayrı-ayrı hissələrini təşkil edir.
Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli, nurlu əməllər sahibi olan şəxsiyyətlər bəxş etmişdir. XX əsrdə Azərbaycan tarixində Heydər Əliyev kimi nadir, dahi bir şəxsiyyət yetişdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll və başqa tarixi simaları arasında Heydər Əliyev şəxsiyyəti öz əzəmətli, layiqli yerini tutdu.
Heydər Əliyevin siyasət fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiyası konsepsiyası siyasət və iqtisadiyyatın vəhdəti, mədəni irs və milli-mənəvi dəyərlər, demokratik dəyərlər, bir sözlə, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına bu dahi şəxsiyyətin verdiyi töhfələrin öyrənilməsi olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyət kəsb edən problemdir.
Bu bir həqiqətdir ki, qələbə yönümlü əzmkar siyasətin yaradıcısı olan Heydər Əliyevin gördüyü titanik işlər ölkəmizin siyasi, iqtisadi, mədəni-mənəvi müstəqilliyinə nail olmasına, milli maraqlarının möhkəm qorunmasına gətirib çıxartmışdır, bu istiqamətlərdə dönməzliyi, əbədiliyi təmin etmişdir.
Heydər Əliyevin siyasət fəlsəfəsini onun tərcümeyi-halı, tarix, siyasət və cəmiyyətin qarşılıqlı münasibətlərinin vəhdətində öyrənmək lazımdır. Yalnız bu halda böyük öndərin siyasətinin fəlsəfi mahiyyəti üzə çıxa bilər, onun siyasi-fəlsəfi irsi müasir və gələcək nəsillər tərəfindən aydın dərk edilə bilər.
Müstəqlllik ideyalarının carçısı olan Heydər Əliyev Azərbaycanın tarixi irsinə sevgi bəsləyirdi. O, hələ Naxçıvana rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanıldı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarda deyilirdi:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş dövlət bayrağı zala gətirildi və Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.
Məhz bu fəaliyyətin nəticəsi idi ki, Azərbaycan xalqının istəyinə uyğun olaraq 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Tarixi sənədin 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Sizin də Ümummilli Lider kimi müraciət etdiyiniz Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə özünün sərt və açıq münasibətini ifadə etmişdi. Ulu Öndər bu fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmasına, aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. O qeyd edirdi: "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?"
"1991-ci ildə Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq bərpa edilməsi 1918-1920-ci illərdə seçilən yolun doğruluğunun, aparılan diplomatik mübarizənin əhəmiyyətinin başlıca yekunu idi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamda deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır". (Cəmil Həsənli, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920). Bakı, "GARISMA"MMC, 2009-576 səh.)
Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti irsinə ehtiram göstərərək 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planını təsdiq etmişdir.
1) Cümhuriyyət irsinin öyrənilməsi.
2) Cümhuriyyət irsinin təbliği.
3) Gələcək nəsillərə çatdırılması.
Cənab İlham Əliyevin fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti irsinə hörmətin ifadəsini gördük. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının çap edilməsini, Cümhuriyyət generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, Cümhuriyyət ideoloqları M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yubileylərinin keçirilməsi barədə sərəncamları nümunə gətirmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyi sərəncama görə, görkəmli dövlət xadiminin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadənin Prezident İlham Əliyevə göndərdiyi təşəkkür məktubunu da Cümhuriyyət tarixinin bir parçası hesab etmək olar. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdi. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir...”
Riyaziyyatçılar dəqiqliyi sevir. "Milli Şura" sədri professor Cəmil Həsənli mənim Ümummilli Lider Heydər Əliyevə həsr etdiyim məqalələrim haqqında yazılarında texniki elmlər üzrə alim olduğum üçün tarixi məsələlərə yanaşmada mübaliğəyə yol verə biləcəyimin həyəcanını yaşamaqda davam edir.
Sadəcə bir tarixi hadisə ilə bu məsələyə cavab vermək olar. Türkiyə milli marşının müəllifi Mehmet Akif Ərsoy peşəcə baytar idi. Onun yazdığı milli marşa heç bir irad tuta bilməyən opponeti onun baytar olması haqqında sualına verdiyi məşhur cavabı hər kəsə aydındır....
Daha bir xatırlatma, ingilis riyaziyyatçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bertran Rasselin ən uğurlu əsərlərindən biri də "Qərb fəlsəfəsinin tarixi"(qısa adı) əsəridir. Yəqin ki, məşhur riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Anatoliy Timofeyeviç Fomenkonun cildlərlə yazdığı tarix kitablarından da xəbərdarsınız. Bu siyahını uzatmaq olar, amma ehtiyac yoxdu. Sadəcə yazılarımda şübhəli məqamlar axtardığınız, etiraz etdiyiniz bir məqaləmə yenidən nəzər salmaq istəyirəm. Bu, peşəcə tarixçi olan eks-prezident mərhum Ə.Elçibəyin Heydər Əliyev haqqında fikirləridir. Mənim "Ziyalıların böyük himayədarı" adlı məqaləmdə bu faktları haradan götürdüyümün üstündən sükutla keçirsiniz. Nədən? Çünki bu fikirlər vaxtılə müşavirlik etdiyiniz eks-prezidentə məxsusdur.
Əbülfəz Elçibəy: "...öz-özümə boynuma da almışam ki, səhv etmişəm."
Eks-prezident Əbülfəz Elçibəyin Heydər Əliyev haqqında fikirləri bu mövzuda maraq doğurur. Əbülfəz Elçibəy "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, Gənclik, 1992) adlı kitabında 70-ci illərdə rus dilinin geniş yayılması ilə əlaqədar tənqidi fikirlərini səsləndirməsi ilə bağlı müsahibəsində Heydər Əliyevin həmin dövrdəki xidmətlərindən danışır.
Əbülfəz Elçibəy sovet rəhbərliyini və Heydər Əliyevi necə tənqid etməsindən danışır: "Sonra Sovet İttifaqını idarə edənlərin hamısının yaşlı, oturuşmuş, savadsız, intellektual səviyyəsiz adamlar olduğunu (Brejnevdən tutmuş Qrişinədək) deyirdim. Hətta Heydər Əliyevin özünü də. Məsələn, Heydər Əliyevin Azərbaycanda nə üçün dövlət başçısı ola bilməyəcəyini belə əsaslandırırdım ki, o, güclü savad almayıb (onda belə düşünürdüm), Dövlət Təhlükəsizliyi Komitəsinin məktəbini qurtarıb. DTK haqqında da o zaman eşitmişdim ki (xaricdə olan bir azərbaycanlının yazısı idi), Göbbels qəddarlıqda Sovet İttifaqı "Kaqebe"sində (bu cür ifadə etmişdi) işləyən adicə bir serjantın əlinə su tökməyə layiq deyil. Yəni bu sistem belədir - qəddarlıq sistemidir. Bunu hamı görürdü. Mən də düşünürdüm ki, Heydər Əliyev də burada böyüyüb. Eşitmişdim ki, 25 il yaxasında zəhər gəzdirən kəşfiyyatçılardandır. Deyirdim ki, bu adam həyatda ağır yollar keçib, ölümlə üz-üzə gəlib, bəlkə lap adam da öldürüb; ondan humanist başçı ola bilməz. Doğrudan iddiam bu idi. Ancaq etiraf edirəm ki, onun savadının nə səviyyədə olduğunu o zaman düzgün bilməmişdim. Mən fikirləşirdim ki, o, Tarix fakültəsini qiyabi qurtarıb. Deyirdim ki, Tarix fakültəsində ona dərs deyən müəllimlərin səksən faizi savadsızdır, onu özü də qiyabi qurtarıb - onun nə savadı ola bilər?"
Ə.Elçibəy sonra Heydər Əliyevin güclü şəxsiyyət olmasını etiraf edərək söyləyir: "Amma mən bilmirdim ki, Heydər Əliyev xüsusi məktəb keçib. Sonradan gördüm ki, onun çox möhkəm yaddaşı və yüksək qabiliyyəti var. Mən həbsxanaya getdim, həbsxanada da onun əleyhinə oldum, çıxandan sonra da bir-iki il onun əleyhinə idim. Sonralar ki onun bəzi çıxışlarını, bəzi manevrlərini gördüm, inandım ki, o, çox idraklı adamdır, çox güclü şəxsiyyətdir, onun güclü şəxsiyyət olduğunu qəbul etdim. Doğrudan da, etiraf edirəm ki, Heydər Əliyevin təqribən 6 il, 7 il əleyhinə danışdığım halda sonradan elə olub ki, 6 il, 7 il də onu tərifləmişəm, öz-özümə boynuma da almışam ki, səhv etmişəm..."
Ə.Elçibəy həmçinin deyir: "Mən Heydər Əliyevin güclü şəxsiyyət olması, onun güclü məlumat, fenomenal yaddaş sahibi olması haqqında fikrimdə indi də qalıram. Özü də, çox qəribədir ki, bu sözləri mən demirəm - onun o vaxtkı rəqibləri də elə onda mənimlə razılaşmayıb deyirdilər ki, Əliyevin fenomenal yaddaşı var, savadlı adamdır. Öz düşmənləri bunu etiraf edirdilər".
Heydər Əliyev ziyalıları qoruyurdu!
Ə.Elçibəy etiraf edir ki, Heydər Əliyev milli görüşlü ziyalılara dövlət mükafatı verməklə həm həmin elm sahəsini inkişaf etdirir, həm də həmin şəxsləri qoruyurdu: "O zaman bir çox şeylərin - vətənpərvərliyin, milləti sevməyin hələ ana xətləri tamam qırılmamışdı, qalırdı, onu müdafiə edirdilər. Yəni hiss edirdin ki, bu millət özünü müəyyən qədər qoruyur, ziyalısı onu müdafiə edir (ya gizli, ya açıq şəkildə), özünüqoruma duyğusu qüvvətlidir.
Birincisi, Azərbaycan dilinin təbliğatı genişlənirdi. Azərbaycan dili müəllimləri kitablar buraxırdılar, hər yerdə çıxış edirdilər. Heydər Əliyevin ən böyük işlərindən biri bu idi. Azərbaycanda iki şeyi görəndən sonra Əliyevə münasibətim dəyişməyə başladı. Birincisi, ilk dəfə olaraq bir neçə dilçi alimə (yeddi nəfərdi, ya altı nəfərdi) bir yerdə dövlət mükafatı verdirdi. Azərbaycan dilçilərinin nüfuzu qalxır və onlar toxunulmaz olurlar. Axı millətin təfəkkürünü inkişaf etdirməyə dilçilər başlayır. Bu baxımdan mükafatın çox xeyri oldu. Mükafat verilən kimi dilimizin işlədilməsi genişlənməyə başladı. Bu, çox təbiidir; o zaman eləydi - nəyə mükafat verilsəydi, həmin sahə inkişaf etdirilməliydi. Bu, Heydər Əliyevin xidməti idi".
Bu fikirlər Əbulfəz Elçibəyin fikirləridir. Axı mən nəyi səhv yazmışam?
Ümummilli Lider Heydər Əliyev daim bəyan edirdi ki, xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymalı və bununla fəxr etməlidir.
Sizi anlamaq olar. Yəqin ki, siz də tarixi keçmişimizlə qürur duyursunuz, fəxr edirsiniz, bəlkə də "Milli Şura" adlanan quruma rəhbərlik etməklə özünüzü Cümhuriyyət dövrünün siyasi xadimləri obrazında görmək istəyirsiniz. Sadəcə unudursunuz ki, klassik Milli Şura əqidəli insanların bir amal uğrunda mübarizə apardığı bir təsisat idi, orada canı-qanı ilə Azərbaycana bağlı olan şəxsiyyətlər yığışmışdı, anti-milli ünsürlər yox...
Siyasət həddindən artıq incəliklərlə zəngin olan elm olduğuna görə onunla məşğul olanlar da yüksək intellektə, siyasi zəkaya malik olmalı, cəmiyyətdəki hadisələrin inkişafı və dəyişməsi axarını məharətlə duymalıdır. Bir ətrafınıza baxın...nə görürsünüz? Ancaq və ancaq anti-milli ünsürlər. Saatlıq əqidə daşıyıcıları. Millətin taleyində elə anlar var ki, burada yalnız vətəndaş olmaq hadisələrə milli maraqlar bucağından baxmaq lazım gəlir. Azərbaycan xalqı belə anlarda bütövlükdə öz mövqeyini ortalığa qoyaraq özünü milli səfərbərlik etməklə vahid mövqedən çıxış edir. Lakin belə məsələlərdə milli səfərbərliyə qoşulmayan anti-milli ünsürlər də ortalığa çıxır. Xalqın mövqeyindən çıxış etmir, özünün marginal qrup maraqlarından çıxış edir, qidalandığı, bağlı olduğu mərkəzlərə öz sədaqətini sübut etməyə çalışır. 44 günlük müharibədə xalq bunu gördü...nə isə...
Gəncliyimi və şüurlu həyatımı Heydər Əliyev ideyalarının cəmiyyətdə bərqərar olmasına həsr edən və onun uğrunda mübarizə aparan bir şəxs kimi onu bildirmək istəyirəm ki, mən öz liderimə inanıram və inanacağam! Əqidə paltar deyil ki, gündə birini geyinəsən, yaxud dəbə uyğunlaşdırasan.
Sizə bir riyaziyyatçı kimi siyasi konyunkturaya uymamağı və tarixi həqiqətlərə sadiq olmağı tövsiyə edərdim.
Özünüzü bir daha oxuyun!
SSRİ dönəmində sizin tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün yazdığınız "SSRİ xarici siyasətinin sinfi xarakteri və onun amerikan burjua saxtalaşdırıcılarının təndidi" mövzusundakı dissertasiyanızın avtoreferatına baxmaq və bugünkü mövqeyinizlə müqayisə etmək kifayətdir ki, həyat yolunuza bir daha nəzər salasınız.
Avtoreferatdan sitatlar:
...Dissertasiya Amerika burjua ideoloqlarının Sovet xarici siyasətinin sinfi xarakterini necə saxtalaşdırdıqlarını və Sov.İKP-nin bütün dünya zəhmətkeşlərinin maraqları naminə həyata keçirilən siyasətinə məhəl qoymadıqlarını göstərir. Bəzi amerikalı müəlliflər SSRİ-nin xarici siyasətinin sinfi mahiyyətini təhrif edərək onun çar Rusiyasının xarici siyasətindən heç bir fərqi olmadığını göstərməyə çalışırlar. Bu cür təlqinlərin məqsədi bəllidir: sovet hökumətinin sinfi əsaslı siyasətinə kölgə salmaq, insanları dövrümüzün aktual problemlərinin həllindən yayındırmaq. Ona görə də saxtakarların uydurmalarını amansızcasına ifşa etmək, onların hər hansı ideoloji hücumuna qətiyyətlə cavab vermək lazımdır.
Amerika imperializminin hakim dairələri güclü təbliğat aparatından istifadə edərək Sovet xarici siyasətinin sinfi mahiyyəti haqqında kobud yalanlar yayırlar. Bu cür ifadələrin əsl mahiyyətini V.İ.Lenin açıqlamışdı: "Burjuaziyanın fəhlələr üzərində ideoloji təsiri azaldıqda, zəiflədikdə, burjuaziya həmişə və hər yerdə ən çox yayılmış böhtana əl atıb."
Bununla belə, Amerika mürtəce dairələrinin sovet reallığını təhrif etmək cəhdləri uğursuzluqla nəticələnir. Yürüşə çıxan ictimaiyyət ölkəmizdə sosializm quruculuğunun uğurlarını öz gözləri ilə görür.
Sovet hökumətinin həyata keçirdiyi xarici siyasət kursunu Sovet İttifaqı Kommunist Partiyası müəyyən edir...
Beləliklə, dissertasiyada:
70-80-ci illərin əvvəllərində SSRİ-nin xarici siyasətinin sinfi mahiyyətini və onun əsas Leninist prinsiplərini saxtalaşdıran amerikan burjua müəlliflərinin əsərləri nəzərdən keçirilir;
70-ci illərdə sovet xarici siyasətinin qardaş sosialist ölkələri ilə əməkdaşlığı gücləndirməyə yönəlmiş fəaliyyəti tədqiq edilir,
amerikalı sovetoloqların elmi uydurmaları ifşa olunur;
SSRİ-nin xarici siyasətinin sinfi mahiyyətindən irəli gələn 70-ci illərin dünya inqilabi prosesinə və milli azadlıq hərəkatına Sovet İttifaqının təsiri göstərilir,
Amerika imperializminin ideoloqları tənqid edilir;
dinc yanaşı yaşamaq prinsipinin sinfi məzmunu ilə bağlı amerikalı sovetoloqların saxta konstruksiyaları tənqid edilir;
ABŞ-ın aqressiv imperialist məqsədlərinə xidmət edən və amerikalı sovetoloqlar tərəfindən SSRİ-nin sülhsevər xarici siyasətinə zərbə vurmaq üçün istifadə edilən qondarma "sovet təhlükəsi" ilə bağlı iddiaların əsassızlığı ifşa olunur.
Aparılmış tədqiqatlar əsasında əsərdə 70-80-ci illərin əvvəllərində sovet xarici siyasət kursunun səmərəli təbliği üçün tövsiyələr verilir.
Sonradan Cümhuriyyət irsini araşdırmağa başlasanız da "kim bizim kimi düşünmürsə, bizim düşmənimizdir" bolşevizim sindiromundan azad ola bilməmisiniz.
Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, bizim bü gün suverenliyimizə qovuşduran, 200 ildən artıq müddətdə arzuladığımız hədəflərə çatmaq üçün Ulu Öndər tərəfindən işlənib hazırlanmış vahid azərbaycançılıq ideologiyamız var. Bu azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri zənginləşdirmək, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Eyni zamanda xalqımızın milli mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən uğurlu təməldir, unitar, hüquqi və demokratik Azərbaycan dövlətinin möhkəmləndirilməsinə və inkişafına xidmət etməkdir.
Heç şübhəsiz ki, Azərbaycan adlı məmləkət nə qədər mövcuddursa, Heydər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır. Mən də bir riyaziyyatçı, hüquqşünas və bir azərbaycanlı kimi Heydər Əliyev ideyalarının gələcək nəsillərə ötürülməsinə var qüvvəmlə çalışacağam.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri