Coğrafiyaşünas alim: Dünyada su ehtiyatlarının azalmasına əsas səbəb qlobal iqlim dəyişmələridir

Son dövrlərdə planetdə qlobal iqlim dəyişmələri baş verir və bu özünü bütün iqlim sistemində (atmosfer, hidrosfer, litosfer, kriosfer və biosfer) göstərir. Nəticədə dünyada hidrometeoroloji proseslərlə bağlı müxtəlif növ təbii fəlakətlər, o cümlədən quraqlıq, su qıtlığı və s. problemlər yaşanır. Azərbaycan ərazisi dünya iqlim sisteminin tərkib hissəsi olduğu üçün belə problemlər ölkəmizdə də müşahidə edilir. Son zamanlar Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsinin, ümumiyyətlə, ölkəmizin su ehtiyatlarının kəskin azalması, quraqlıq dövrlərinin artması ilə bağlı məlumatlar insanlar arasında narahatlıq doğurur.

Yerveinsan.az bildirir ki, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov bu problemlərin həlli istiqamətində aparılan elmi araşdırmalar barədə AZƏRTAC-a məlumat verib. Alim bildirib ki, Azərbaycan dünyada digər təbii ehtiyatlarla zəngin olsa da su ilə bağlı dünyanın az təminatlı ölkələri sırasına daxildir. Ona görə də bu problem ölkəmiz üçün çox aktualdır.

Azərbaycanın əsas su ehtiyatını Kür, Araz və onların hövzələrinə daxil olan çaylar təşkil edir. Eyni zamanda, Böyük Qafqazın şimal-şərq yamacından və Lənkəran təbii vilayətindən axan və illik axınları 2,4 kubkilometr təşkil edən çaylar ümumi su ehtiyatımıza daxildir.

“Azərbaycanın ümumi su ehtiyatı 28-30 kubkilometr arasında dəyişir və azsulu illərdə bu rəqəm daha da aşağı düşür. Ümumiyyətlə, respublikamızın bütün su ehtiyatlarını əsasən Kür çayı təşkil edir. Kür çayının su toplayıcı hövzəsi Cənubi Qafqazın ümumi ərazisinin 64 faizini təşkil edir. Bu, bütün Ermənistan ərazisini, Azərbaycanın 80 faizini və Gürcüstan ərazisinin 52 faizini təşkil edir. Kürün illik axın həcmi Araz çayı ilə bir yerdə 26 kubkilometrdir. Bunun 9,1 kubkilometri Araz hövzəsinə, 17 kubkilometri Kürün hövzəsinə aiddir. Bundan təxminən 9,4 kubkilometr Gürcüstan ərazisində, 4,5 kubkilometrə qədər Azərbaycan ərazisində, 1,5 kubkilometr isə Ermənistan ərazisində formalaşır. Son illərdə dünyada baş verən iqlim dəyişmələri dünya su obyektlərinə - nəhəng okeanlardan, dənizlərdən tutmuş bütün çaylara, göllərə, hətta yeraltı sulara qədər öz təsirini göstərir. Çünki bütün su obyektləri, biosfer məhz iqlimin məhsuludur. İqlimdə baş verən hər hansı dəyişmə müəyyən zaman kəsimindən sonra özünü digər sahələrdə də göstərəcək”, - deyə alım bildirib.

R.Mahmudovun sözlərinə görə, respublikamızın su ehtiyatlarının azalmasına səbəb iqlim dəyişmələrinin təsiri, digəri isə sudan istifadənin artmasıdır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, ötən dövrdə suya olan tələbat 6 dəfə artıb. Təbii ki, bu, Azərbaycanda daha da artıb. Bir tərəfdən əhali artımı və bir tərəfdən suya olan tələbatın çoxalması, digər tərəfdən isə təbii su ehtiyatlarının azalması, təbii ki, su çatışmazlığı, su azlığı kimi böhranlar yaradır. Tədqiqatlar göstərir ki, ölkə çaylarının əksəriyyətində rejim dəyişkənliyi baş verməklə, illik axınlarda azalma müşahidə edilir. Belə ki, bəzi çaylarda qış fəsli temperaturlarının artması ilə bağlı hövzəyə düşən qarların əriməsi hesabına qış azsulu dövrlərinin axını artır, lakin gursulu, daşqın dövrlərinin, o cümlədən illik axın həcmlərinin azalması baş verir.

İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarından da danışan alimin fikrincə, bu gün müxtəlif modellərlə, peyk məlumatlarına əsasən 30 ilə yaxın bir dövrdə müşahidə aparılmayan su obyektlərinin tədqiqi göstərir ki, Qarabağ ərazisinin də su ehtiyatlarında 2,14 kubkilometrdən 1,93 kubkilometrə qədər azalma müşahidə edilir. Bununla belə, bölgənin ölkəmizin su təminatında böyük əhəmiyyəti var.

“Sudan istifadəyə tələbatın artdığı dövrdə ekoloji mədəniyyət formalaşmalıdır. Bu sahədə də ölkəmizdə işlər gedir. Az su ilə çox iş görmək bacarığını formalaşdırmalı, xüsusən suvarma əkinçiliyində israfa yol verməməliyik. İçməli və texniki su problemi, suların təkrar emalı məsələləri öz həllini tapmalıdır. Bizdən bu gün tələb olunan budur. İndiki dövrdə su ilə bağlı problemdən çıxış yolu olaraq hər birimiz israfçılığın qarşısını almaq üçün çalışmalıyıq”, - deyə R.Mahmudov bildirib.