Azərbaycan Ağır Atletika Federasiyasının adı dəyişdirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Federasiyadan verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyəti barədə hesabat dinlənilib, rəy və təkliflər səsləndirilib. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib. Onlardan biri Azərbaycan Ağır Atletika Federasiyasının adının dəyişdirilməsi olub. Qurumun rəsmi şəkildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlandırılması qərara alınıb.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib. Yığıncaqda, həmçinin Firdovsi Umudov və Mirsəməd Mövsümzadə federasiyanın vitse-prezidenti vəzifələrinə seçiliblər.

K. Nəbizadə çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yeni seçilən federasiya rəhbərliyinə uğurlar arzulayıb.