Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını izləyən tamaşaçıların sayı açıqlanıb

Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.

Yerveinsan.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1 477-yə bərabər olub.

18 turun rekordu “Turan Tovuz”la bağlıdır. Belə ki, X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6 000 tamaşaçı qeydə alınıb.

Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4 322 izləyici seyr edib.

Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1 000-dən yüksəkdir.