Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi xəbərə görə, Yerdən təxminən 3000 işıq ilə məsafədə, Şimal Tacı bürcündə yerləşən T CrB ulduzu yaxın aylarda təkrar yeni ulduz kimi alışacaq.
Alimlərin hesablamasına əsasən T CrB yeni ulduz kimi alışdığı zaman onun parıltısı Yerdən adi gözlə görünəcək. Bu hadisənin 2024-cü ilin sentyabr ayınadək baş verəcəyi gözlənilir. Yeni ulduz alışmasını adi gözlə görə bilmək çox nadir hadisədir və hər nəslin bu şansı olmur.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Yeni ulduzlar yeni doğulmuş ulduzlar deyil, əksinə, artıq həyatlarının son mərhələsinə çatmış ulduzun son alışmalarıdır. Yeni ulduzların sayının kifayət qədər olmasına baxmayaraq onların əksəriyyəti cəmi bir dəfə alışırlar. Əgər ulduz ikinci dəfə yeni ulduz kimi alışırsa, o təkrar yeni ulduz adlanır. Onların müşahidəsi isə həddindən çox nadir haldır. Astronomlara cəmi bir neçə təkrar yeni ulduz məlumdur. Bu ulduzlar müəyyən periodla yeni ulduz kimi alışır və bu müddət bir ildən milyon ilə kimi dəyişə bilər.
Şimal Tacı bürcünün T CrB ulduzu ömürlərinin son mərhələsinə çatmış ağ cırtdan və qırmızı nəhəngdən ibarət qoşa sistemdir.
Ağ cırtdanlar ömrünün son mərhələsində olan kiçik kütləli ulduzlardır. Kütlələri Günəş kütləsi ətrafında olan bu ulduzların radiusları Günəşin radiusundan təxminən 100 dəfə kiçik olduğuna görə onlar çox böyük sıxlığa, yüksək temperatura və güclü cazibə qüvvəsinə malik olurlar. Nəticədə qırmızı nəhəng örtüyünü atdıqca, atılan maddə ağ cırtdan tərəfindən “tutulur” və bu proses ağ cırtdanın kütləsi kritik kütləyə çatanadək davam edir. Günəşin mərkəzində gedən istilik-nüvə reaksiyaları ağ cırtdanların birbaşa səthində baş verir. Nəticədə səth temperaturu bir neçə milyon dərəcəyə çatan ulduz yeni ulduz kimi alışır. Bu da öz növbəsində çox böyük enerji ayrılması ilə müşayiət olunur. Alışma zaman sistemin ümumi parlaqlığı 1000, bəzən 100. 000 dəfəyə kimi artır.
T CrB ulduzunu xüsusi edən onun periodunun məlum və sabit olmasıdır. Ulduzun alışmaları 80 illik periodla təkrarlanır və son alışma 1946-cı ildə qeyd olunub. Bu cür partlayışların təhlili qoşa sistem ulduzları arasında alışmaya səbəb olan kütlə mübadiləsinin mexanizmini daha yaxşı anlamağa kömək edir.
Hazırda T CrB-nin görünən ulduz ölçüsü +10m-dir. Təkrar yeni ulduz kimi alışdıqdan sonra isə onun görünən ulduz ölçüsü +2m olacaq ki, bu da qütb ulduzunun parlaqlığına yaxındır. Bu zaman ulduz adi gözlə də yaxşı görünəcək. Ulduz öz parlaqlığının pikində bir neçə gün qalacaq, ən yaxşı halda o, bu parlaqlıqda bir həftə ətrafında qala biləcək. Sonra isə parlaqlığı zəifləyərək yenidən zəif obyektə çevriləcək. Adi halda ağ cırtdanlar o qədər kiçikdirlər ki, onları adi gözlə görmək mümkün deyil.